Dünya üçüncü minilliyə qədəm qoyub. Minilliyə qayıdılan hadisələrdən olan İpək Yolunun bərpası illər keçdikcə özünü doğruldacaq, Şərqlə Qərb arasında körpü rolunu oynayacaqdır.
Bizə belə gəlir ki, İpək yolunun bərpasını araşdıran tarixçilər, siyasətçilər, sosioloqlar və filosoflar belə bir suala cavab axtaracaqlar: Minilliyin astanasında nə baş vermişdi? Yoxsa,əhali dəvə karvanlarının zınqrov səsi üçün qəribsəmişdir?
Amma heç də belə deyildir, əslində belə düşünmək sadəlövlük olardı. Texnologiyaların inkişafı ipəyə çoxlu alternativlər yaradıb.
Artıq köhnə dəvələr ekzotikadan başqa bir şey deyildir. Bir az da irəliyə getsək Şərqlə Qərb arasındakı gizli qarşıdurma nəzərə çarpar. Qərb qarşısında min oyundan çıxan Şərq çalışır ki, onun xoşuna gəlsin. Qərb isə gizli niyyətini demokratiya pərdəsi arxasında gizlədərək Şərq üzərinə hücuma keçərək iqtisadi asıllılığı artırmaq istəyir.
Yaddan çıxarılmamalıdır ki, keçmişdə ipək aparılan yollarla indi neft və qaz nəql olunur. Qərbin məşhur yazıçısı U. Folknı qadın və kişi tərzini belə formalaşdırmışdır: «Kişi faktlardan çıxış edir, onun necə görünəcəyi, həqiqətə bənzəyib-bənzəməməyi əsas deyil. Qadın üçün isə əsas məsələ zahiri hadisələrin bir-birini tamamlaması və hər şeyin uyğun gəlməsidir. Həqiqət necədir, – bunun mətləbə dəxli azdır».
Avropa bu gün tərəddüd içindədir. O inanmaq istəyir ki, türk ona hünər dilində deyil, onun öz standartları ilə cavab verəcək. Türk həqiqət mənim tərəfimdədir, gec-tez həqiqət ortaya çıxacaqdır deyə fikirləşir, erməni isə avropalı kimi ictimai rəyi özünə yaxınlaşdırmaq üçün əlindən gələni edir.
Ən önəmlisi odur ki, Azərbaycan xalqı, onun lideri şərqin dilini bildiyi kimi, Qərbin də dilini öyrənmişdir. Əminik ki, seçim düz olmuşdur. Ümummilli lider H.Əliyevin başladığı iş davam etdirilməli, qalib Qərbin bizə tərəf gəlməsinin doğru oluğunu onu inandırmaq lazımdır.
Vaxtaşırı baş verən və bir çox ölkələrin ərazisini əhatə edən istila və işğallar qədim yolları müəyyən dərəcədə dağıtsa da, nəticədə yeni şəhər və inzabati mərkəzlər salınmış, yolların istiqaməti dəyişmişdi. Ancaq köhnə yollar zaman- zaman öz fəaliyyətini davam etdirmişdir.
Belə yollardan biri də, bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilən “Böyük İpək Yolu” olmuşdu.
Bu yolun açılması Çin Xan imperiyasının hökmdarı U-di-nin (e.ə. 140-86) fəaliyyəti ilə bağlıdır. İlk dəfə hələ e.ə. 138-ci ildə Orta Asiyada, o dövrün ən qüdrətli imperiyalarından olan Kuşanda olmuş çinli elçi Hindistan, Orta Asiya dövlətləri və bu dövlətlərin ərazilərindən keçən ticarət yolları haqqında məlumat vermişdir. Çin imperiyasına tez-tez hücum edən hunlara qarşı müttəfiq tapmaq məqsədilə Kuşana ticarət karvanı – səfirlik göndərilmişdir.
Mənbələrdə «Böyük İpək Yolu» vasitəsilə ticarət edən yəhudi, rus və avropalı tacirlər haqqında məlumatlar vardır. Səlcuqlar və Monqollar dövründə İpək yolu ilə aparılan ticarətin inkişafı üçün geniş imkanlar açıldı. Şərq-Qərb arasında əlaqələr daha da genişləndi. İpək yolunun XIII əsr dövrünü Venesiya səyyahı Marko Polonun əsərlərində daha aydın görmək olar. Onun Kiçik Asiya, Azərbaycan, İran, İraq, Mərkəzi Asiya, xüsusilə Uzaq Şərq ölkələri, o cümlədən Monqolustan, Çin, Cənub dənizindəki adalar, Yaponiya, Şimali Asiya ilə xəz dəri ticarəti, Yava, Sumatra, Seylon, Hindistan, Madaqaskar haqqındakı məlumatlar Avropada dərin maraq doğurmuşdur.
Sonrakı dövrdə “Böyük İpək Yolu”nun keçdiyi ölkələrdə baş verən siyasi dəyişikliklər əvvəlcə marşrutların istiqamətlərinə təsir etsə də, 1498-ci ildə Afrikadan Hindistana birbaşa dəniz yolunun kəşf edilməsi dünya ticarət yollarını dəyişdirdi. Qərb dünyasını Uzaq Şərqlə bağlayan quru yol əlaqələri zəiflədi. Buna səbəb olan amillərdən biri də, bir sıra ölkələrdə ipək istehsalının artması idi. Yeni yaranmış dəniz yolu ispaniyalıların və portuqaliyalıların əlinə keçdiyi üçün bu dövrdən başlayaraq Şərq-Qərb ticarət əlaqəsi Volqa-Xəzər su
yolu ilə davam etdirildi. Bir sözlə, Böyük coğrafi kəşflər «Böyük İpək Yolu»nun əhəmiyyətinə təsir etsə də, sıradan çıxmasına səbəb olmadı.
“Böyük İpək Yolu” bu gün də çox aktual olan bir məsələdir. “Böyük İpək Yolu”nun bərpasına dair ilk addımlar hələ 1991-ci ildə atılmış, 1993-cü ildən etibarən isə bu sahədə əməli işlər görülməyə başlanmışdır. 1993-cü ilin mayında “Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi” proqramı qəbul olundu ki, bunun da davamı kimi 1998-ci il sentyabrın 7-8-də ümummilli lider H.Əliyevin təşəbbüsü ilə Bakıda “Böyük İpək Yolu” beynəlxalq konfransı keçirildi.
Konfransda 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndə heyətləri iştirak etmişdir. Qeyd etməliyik ki, Azərbaycanın çox zəngin xammal ehtiyatı və intellektual potensialı, Avropadan Asiyaya uzanan yolda əlverişli coğrafi mövqeyi onun dünya birliyində nüfuzunun güclənməsinə imkan verir. TRASEKA proqramı çərçivəsində nəzərdə tutulan Avropa ilə Asiya arasında körpü rolunu oynayan “Böyük İpək Yolu”nun bərpası ölkəmiz qarşısında yeni inkişaf üfüqləri açır. Bu yolun bərpası, həmçinin, Avropa, Qara dəniz, Xəzər dənizi və Asiya regionlarında təbii ehtiyatlardan istifadəyə və qarşılıqlı faydalı əməkdaşlığa hər zaman kömək edəcəkdir.
Ümumiyyətlə, “Böyük İpək Yolu”nun bərpası və ŞərqQərb enerji dəhlizinin yaranması XXI yüzilliyin qlobal tarixi hadisələrindəndir. Avropa-Asiyanın mərkəz hissəsində yerləşən və 34-dən artıq dövlətin ərazisindən keçərək onları birləşdirən bu yolun əhəmiyyəti ölçüyəgəlməzdir.
«İpək yolu 2000» layihəsinin onurğa sütununu 1993-cü ilin may ayında Brüsseldə 5 Orta Asiya və 3 Qafqaz ölkəsi nümayəndələrinin iştirakı ilə keçirilmiş konfransda təklif olunmuş TRASEKA proqramı təşkil edir. Həmin konfransda Avropa Birliyinin texniki yardım göstərməsi proqramı razılaşdırılmışdır. Bu texniki yardım proqramı Avropadan Qərb-Şərq oxu ilə Qara dəniz üzərindən, sonra Cənubi Qafqaz və Xəzər dənizindən Orta Asiyaya keçən nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məqsədinə xidmət edir.
“Böyük İpək Yolu”nun – TRASEKA proqramı layihəsinin həyata keçirilməsi istiqamətində 2002-ci ildə irimiqyaslı tədbirlər görüldü. Belə ki, 2002-ci il sentyabrın 18-də Səngəçal terminalında Bakı – Tibilisi – Ceyhan əsas ixrac neft kəmərinin təntənəli şəraitdə təməli qoyulmuşdur. Qazaxıstan neftinin Aktau – Bakı – Tibilisi – Ceyhan marşurutu ilə nəql edilməsi barədə Londonda Azərbaycan və Qazaxıstan arasında aparılmış danışıqların nəticəsi çox uğurlu olmuşdur. Ümumiyyətlə, “Böyük İpək Yolu”nun bərpası və Şərq-Qərb enerji dəhlizinin yaradılması XXI yüzilliyin astanasında qlobal tarixi hadisələrdəndir. Bu layihələrin reallaşması ilə yol boyunca yerləşən dövlətlər arasında iqtisadi əlaqələr möhkəmlənəcək, eyni zamanda ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi sürətlənəcəkdir.
Bakı – Tbilisi – Ceyhan əsas neft ixrac boru kəmərinin texniki göstəriciləri də heyrətamizdir. Uzunluğu 1.768 km. olan kəmərin 443 kilometrlik hissəsi Azərbaycanda, 249 km Gürcüstanda,1076 km-i isə Türkiyədə yerləşir. Kəmərin 8 nasos stansiyası vardır. Gündəlik neft nəqletmə gücü 1 milyon bareldir. Kəmərin tikintisinə 110 milyon adam – iş saatı sərf olunub. 500 yaşayış məntəqəsinin ərazisindən keçən kəmərin tikintisi zamanı heç bir yaşayış məntəqəsi başqa yerə köçürülməmişdir. Kəmərlə ildə 50 milyon ton Azərbaycan neftini nəql etmək nəzərdə tutulub.
Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan nəqliyyat strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa arasında həlledici ölkəyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrin də rəvac verdiyi bir sıra səbəblərdən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.
Nahid Canbaxışlı
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur”.