Azərbaycan səhiyyə sektorunda son dövrlər müzakirə olunan fiqurlar ətrafında yeni iddialar gündəmə gəlir.
Vətəninfo.az xəbər verir ki, “xebersiz.media”-nın yaydığı məlumatda qeyd edilir ki, uzun müddət Yeni Klinikanın baş direktoru olmuş Barat Yusifov və TƏBİB-in sabiq rəhbəri Vüqar Qurbanovun adı müxtəlif biznes strukturları və səhiyyə sektorundakı təsir mexanizmləri ilə bağlı hallanır. Həmin materialda onların fəaliyyəti ətrafında formalaşdığı iddia edilən şəbəkə və mümkün maraq toqquşmaları barədə geniş bəhs etmişdik.
Mövzu ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
İddialara görə, Barat Yusifov və Vüqar Qurbanovun adı Bakıda fəaliyyət göstərdiyi bildirilən lisensiyasız özəl tibbi müəssisə ilə bağlı hallanır. Belə ki, qeyd olunur ki, “HB Güvən Klinik” adlı tibb müəssisəsi rəsmi olaraq ayrı bir obyekt kimi fəaliyyət göstərsə də, onun “Güvən” xəstəxanasının lisenziyası əsasında işlədildiyi iddia olunur.
Mənbələrin bildirdiyinə görə, hər iki obyekt coğrafi baxımdan bir-birinə yaxın yerləşsə də, faktiki olaraq ayrı-ayrı binalarda fəaliyyət göstərir. Bu isə mövcud qanunvericiliyə uyğunluq və lisenziyalaşdırma məsələləri ilə bağlı suallar yaradır.
Məsələ ilə bağlı əsas müzakirə mövzusu isə ondan ibarətdir ki, əgər iddialar təsdiqini taparsa, bu, səhiyyə sahəsində fəaliyyət göstərən müəssisələrin lisenziyalaşdırılması qaydalarının pozulması kimi qiymətləndirilə bilər.
Gözləntilərimiz ondan ibarətdir ki, aidiyyəti dövlət qurumları, o cümlədən Səhiyyə Nazirliyi məsələni araşdıraraq hüquqi qiymət verəcək.
Yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
İstinad:https:xebersiz.media.


























