image-reklam-veteninfo
image-cavansir_feyziyevbackend

İdman yalnız güc rəqabəti deyil

image-reklam-veteninfo

Müasir dövrdə idman dövlətlərin beynəlxalq nüfuzunun, milli identikliyin və sosial inkişafın mühüm göstəricilərindən biri kimi çıxış edir. Ona görə də ölkəmizdə idmanın inkişafı sağlam cəmiyyət quruculuğunun və gənc nəslin formalaşmasının strateji istiqaməti kimi qəbul olunur. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar ardıcıl və sistemli dövlət siyasətinin məntiqi nəticəsidir.
İlham Əliyev tərəfindən Avropa çempionatında qalib olmuş güləşçilərin qəbul edilməsi bu siyasətin praktik təzahürü olmaqla yanaşı, idmana göstərilən diqqətin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiqləyir. Bu yanaşma idmanı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi möhkəmləndirir və onun ictimai həyatdakı rolunu daha da gücləndirir.

Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların təməlində güclü infrastruktur, düzgün təşkil olunmuş fəaliyyət və davamlı dövlət dəstəyi dayanır. Paytaxt və bölgələrdə yaradılmış müasir Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları idmanın kütləviliyini təmin etməklə yanaşı, gənclərin bu sahəyə marağını da artırır. Bu infrastruktur bazası yalnız bugünkü nailiyyətləri deyil, gələcək uğurların da əsasını təşkil edir.

Albaniyanın Tirana şəhərində keçirilən Avropa çempionatında Azərbaycan güləşçilərinin həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda birinciliyi qazanması milli idman sisteminin effektivliyinin və peşəkar hazırlıq səviyyəsinin bariz göstəricisidir.

Azərbaycan idman modelinin fərqləndirici cəhətlərindən biri dövlət qayğısı ilə idmançı məsuliyyəti arasında formalaşmış qarşılıqlı əlaqədir. İdmançı yalnız fərdi nəticə əldə edən şəxs deyil, o, dövlətin və xalqın beynəlxalq müstəvidə təmsilçisi kimi çıxış edir. Bu isə həm nəticə, həm də davranış baxımından yüksək standartların formalaşmasını şərtləndirir.

Son illərdə beynəlxalq yarışlarda əldə olunan çoxsaylı nailiyyətlər, xüsusilə qızıl medalların üstünlük təşkil etməsi Azərbaycanın idman potensialının davamlı artımını nümayiş etdirir. Beynəlxalq arenalarda Dövlət Bayrağının ucaldılması və Dövlət Himninin səsləndirilməsi idmanın milli kimlik və dövlətçilik dəyərləri ilə sıx bağlı olduğunu bir daha təsdiqləyir.

Bu uğurların ideoloji əsası Heydər Əliyev tərəfindən formalaşdırılmış dövlətçilik fəlsəfəsinə dayanır. İdmanın müstəqilliyin rəmzi kimi qiymətləndirilməsi bu sahəyə strateji yanaşmanı müəyyən etmiş və bu xətt bu gün də uğurla davam etdirilməkdədir. Nəticə etibarilə Azərbaycan bu gün beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır.

Azərbaycan idmanının mühüm xüsusiyyətlərindən biri də onun etik və mənəvi dəyərlərlə vəhdət təşkil etməsidir. İdmançıların həm yarış meydanında, həm də ictimai həyatda nümayiş etdirdikləri nümunəvi davranış cəmiyyət üçün mühüm sosial model formalaşdırır. Bu, idmanın tərbiyəvi funksiyasını gücləndirən əsas amillərdən biridir.

Beynəlxalq yarışlarda zaman-zaman müşahidə olunan qeyri-obyektiv yanaşmalara baxmayaraq, Azərbaycan idmançılarının nümayiş etdirdiyi ləyaqətli mövqe ölkənin idman mədəniyyətinin yetkinliyini və ənənələrin davamlılığını əks etdirir. Bu yanaşma idmançı obrazını yalnız qalib deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik şəxs kimi təqdim edir.

Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar sistemli dövlət siyasətinin, güclü institusional bazanın və milli ideoloji xəttin üzvi vəhdətinin nəticəsidir. Bu model sübut edir ki, idman yalnız fiziki güc rəqabəti deyil, eyni zamanda dövlətin gücünün, cəmiyyətin birliyinin və gələcəyə inamın mühüm göstəricisidir.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki