image-unnamed-2023-04-01t132045-892backend

İran Qafqazda nə törətmək istəyir?

image-reklam_sirab_01

Rejimin 4 diplomatı bir-birindən fərqli mövqe sərgiləyib

Sədrəddin Soltan
Bağdaddakı kimi, İranda da sakitlik deyil. Bu ölkə gerçəkdən çalxalanır. Məsələ təkcə hicabın ləğvi ilə bitmir. Cəmiyyətin narazılığı həm də hakimiyyətdaxili münasibətlərin təzahürüdür.

Bu günlərdə İranda çıxan məşhur “Cumhuri-e İslami” qəzeti hicri-şəmsi təqvimi ilə yeni il qabağı məqaləsində ölkənin vəziyyətini xarakterizə etməyə çalışmışdı.

Rejim nümayəndələrinə xitabən yazılan məqalədə bir məsələ daha qabarıq şəkildə vurğulanmışdı: “Sağ qalmağınızı, ötən ilki hadisələrin təkrarlanmasını istəmirsinizsə, siyasətinizi dəyişin”. Mətbu orqan İranın Ukrayna müharibəsinə müdaxiləsi və ölkədə milli valyutanın devalvasiyasından da bəhs edib: “Baş verən hadisələr yürüdülən mövcud siyasətin nəticəsidir”.

Deməli, İran hakimiyyətinin həm daxili, həm də xarici siyasətində naqislik var. Ona görə də rejim böhran içindədir. Hakimiyyətin siyasi kursu dəyişməyə, yaxud onu islah etməyə potensialı çatmır. Çünki hakimiyyətdaxili qüvvələr arasında inamsızlıq və parçalanma var. İran hakimiyyətinin siyasi kursunun yanlışlığı onun Cənubi Qafqazdakı hadisələrə yanaşmasında özünü daha aydın göstərir.

44 günlük müharibə zamanı və ondan sonra Tehranın tutduğu mövqe də belə qənaətə gəlməyə əsas verir.

Hakimiyyətin yürütdüyü siyasətin yanlışlığını düzəltmək üçün İranın indiki və keçmiş rəsmiləri, din xadimləri cəhd göstərirlər.

Ötən ilin noyabrında İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti ölkəsi ilə Azərbaycan Respublikası arasında münasibətə dair məqalə dərc etdirmişdi.

Müşavir bildirmişdi: “Son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri bilərəkdən İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yaydılar. Bu, İrana indiyə qədər atılan ən xain böhtandır. İranın eyni cins, irq, din, məzhəb, adət-ənənə və tarixə malik insanlara, yəni Azərbaycan Respublikası xalqına hücum etmək fikri yoxdur. Azərbaycan xalqı gözümüzün nuru sayılır. Amma hər gün bir bəhanə ilə bölgəyə girməyə çalışanlar bilməlidirlər ki, İran İslam Respublikası və regionun əksər dövlətləri başqalarının burada yuva qurmasına, fitnə-fəsad törətməsinə imkan verməyəcək. Onlar uğur qazana bilməyəcəklər, çünki bu bölgənin əhalisi kifayət qədər inkişafa malikdir və öz bölgələrini idarə edə bilirlər…”

O, ölkəsinin qüdrətini öyərək, qeyd etmişdi: “Bu güc dostlarımız üçün deyil. İran İslam Respublikası həmişə Azərbaycan, Ermənistan və Gürcüstan da daxil olmaqla qonşuları ilə dostluq və qeyri-müəyyənlikləri aradan qaldırmaq istiqamətində addımlar atıb”.

Vilayəti bu yazısında Azərbaycanla diplomatik münasibətləri yumşaltmağa çalışsa da, rejimin mahiyyətini gizlətməyib. Başqa sözlə, müşavir Azərbaycanı tərifləyərək, öz tərəflərinə çəkib neytrallaşdırmaqla, zərbəni ABŞ və İsrailə vurmağa çalışıb.

Vilayətinin münasibətləri düzəltmək cəhdi uğursuz olub. İran Azərbaycanla sərhəd bölgəsində manevr keçirdi. Məqalə çıxandan 2 ay sonra isə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu oldu. Bu, ali rəhbərin missiyasının nəticəsiz başa çatdığının göstəricisi idi. Vilayəti məqaləsi ilə Azərbaycanla Ermənistana eyni münasibət göstərdiyinin isbatlamağa çalışsa da, bu cəhdin yersiz və saxta olduğu tez aydınlaşdı.

Bir neçə gün əvvəl İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair 6 bəndlik təkliflərlə çıxış edib. Qeyd edək i, 69 yaşlı diplomat 1987-1991-ci illərdə parlamentin üzvü olub. M. Pakayin 2012—2017-ci illərdə Tehranın Azərbaycanda, bundan əvvəl isə Zambiya, Özbəkistan və Tailanddakı səfiri olub.

İran hakimiyyəti uzun illərdir Azərbaycanla Ermənistan arasında vasitəçiliyə cəhd göstərir. Ona görə Tehran rəsmiləri özlərini daha çox sülhsevər və xoşməramlı kimi təqdim etməyə çalışır. Ancaq İranın tutduğu mövqe vasitəçiliyin onun boyuna yaraşmadığını çoxdan təsdiqləyib.

Səfir təklifləri ilə Azərbaycan Konstitusiyasına qarşı çıxıb. Çünki ölkənin mövcud Ana Yasasına görə Azərbaycan unitar dövlətdir. “Qarabağa muxtariyyət verilməsini” iddia etmək onun kor niyyətindən açıq-aydın xəbər verir. Bu təkliflə İran rəsmiləri əvvəllərdə çıxış ediblər. SEPAH-ın keçmiş komandanı, İran Məsləhət Şurasının katibi Möhsün Rezai də bir il əvvəl Qumda Cənub Qafqaza həsr olunan toplantıda bunu vurğulamışdı. Pakayinin əsl niyyəti Zəngəzur dəhlizi ilə bağlı maddədə üzə çıxır. Onun təklifi Xamneyinin İran-Ermənistan münasibətlərinə dair cızdığı “qırmızı xətt”dən başqa bir şey deyil. Başqa sözlə, səfir Zəngəzur dəhlizinin açılmasının tərəfdarı olduğu təklifini irəli sürməklə özünü və mənsub olduğu siyasi qüvvənin xoşməramlılığını göstərməyə səy göstərsə də, təkrara yol verib. O, Zəngəzur dəhlizi ilə Laçın yolunun statusunu eyniləşdirməyə cəhd göstərməklə, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxıb. Möhsün Pakayinün təkliflərində regional təhlükəsizliyin təmini ilə bağlı yeni mütərəqqi ideya yoxdur. Bu isə onun göstərir ki, İranın Güney Qafqaz siyasəti Rusiyanı yamsılamaqdan ibarətdir. Başqa sözlə, Tehran bu regionla bağlı məsələdə Moskvaya biət edir.

Pakayinin təklifləri Vilayətinin üzdə mülayim və xoşməramlı görünən məqaləsinə kobud yanaşmadır. Səfirin guya diplomatik şəkildə təqdimetmə cəhdi keçmiş nazirinin açıqlamadığı mətləbləri göstərməkdir.

İranın Azərbaycandakı başqa bir keçmiş səfiri Əfşar Süleymani də özünü Azərbaycanın dostu kimi göstərməyə çalışıb. O, ölkəsinin xarici siyasət kursunu tənqid edib. Səfir İran hakimiyyətinin Türkiyə, Azərbaycan, Cənub Qafqaz, Zəngəzur dəhlizi ilə bağlı yürütdüyü yanlış siyasətin acı nəticələrini göstərməyə çalışıb. Qeyd edib ki, Türkiyə 60 ildən çoxdur NATO-nun üzvü və bazasıdır: “Niyə indiyə qədər heç bir iddiaçı ekspert bu məsələ ilə bağlı danışmayıb, amma indi vay-şivən qoparırlar?”

İrandakı mövcud rejim Türkiyəni heç vaxt dost bilməyib. Terrorçu PKK ilə birlikdə Türkiyəyə qarşı fəaliyyət göstərib. “Hizbullah” yaradıb, maliyyələşdirib və s. Rəcəb Tayyib Ərdoğan hakimiyyət gəldikdən sonra rəsmi Ankaranın Tehrandakı rejimə münasibəti dəyişdi. İran Türkiyənin təhlükəsizliyini təhdid edən dövlətlər siyahısından çıxarıldı. Ərdoğan hakimiyyəti İranın nüvə proqarmının dinc məqsədli olduğuna dair beynəlxalq konfrans keçirdi. Ona görə də Tehran bir müddət qonşu ölkəni özünə dost olaraq gördü. Ancaq II Qarabağ müharibəsində İran rejiminin mahiyyəti üzə çıxdı.

Əfşar Süleymani İran hakimiyyətinin Zəngəzur dəhlizi ilə bağlı iddialarını əsassız göstərməyə səy edib: “Geosiyasət dövlətlərdən ümumi maraqlar əsasında əməkdaşlıq etməyi tələb edir. Xəzər dənizinə çıxmaq üçün Türkiyənin yalnız Zəngəzur və ya Sünik marşrutuna ehtiyacı yoxdur. Türkiyənin Ermənistanla 600 kilometr sərhədi var. Şübhəsiz ki, çox da uzaq olmayan gələcəkdə iki ölkə arasında münasibətlərin qurulması ilə bu sərhəd açılacaq. O zaman Türkiyə Azərbaycan, Xəzər dənizi və Orta Asiya ilə əlaqə saxlamasında Naxçıvana belə ehtiyac duymayacaqdır”.

Səfir İran hakimiyyətinin xarici siyasi kursunda yarıtmazlığı tənqid edərək, bildirib: “Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri Zəngəzur zəngini səsləndirdi. Müqavilələr bağlanmazdan və icra fəaliyyətinə başlamazdan əvvəl xəbərdarlıq etdik, amma bizdən yaxşıları, yəni fürsətçilər hərəkətə keçdilər”.

Çıxışında Azərbaycan və Türkiyənin haqlı mövqeyini müdafiə etməyə çalışan, Güney Azərbaycanın Ərdəbil bölgəsindən olan Əfşar Süleymani İranın dövlət maraqlarının təmin olunmasının ən yaxşı yolunun gərginlikdən qaçmaq və rasionallığa, realizmə və praqmatizmə əsaslanan dinamik diplomatiya üstünlük vermək olduğunu bildirib. O, Tehran hakimiyyətinin tutduğu indiki yolu davam etdirməyin ağılsızlıq və yanlışlıq olacağını vurğulayıb.

Martın 29-da İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Moskvada rusiyalı həmkarı ilə görüşüb. O, mətbuat konfransında bildirib ki, xarici müdaxilə Güney Qafqazda vəziyyəti daha da mürəkkəbləşdirəcək. Nazirin məntiqi heyrətamizdir. Çünki çoxsaylı faktlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına ilk müdaxilənin hər dəfə İran və Rusiyadan olduğunu isbatlayır. Odur ki, Əmirabdullahian istəmədən Tehran rejiminin regionda vəziyyəti gərginləşdirdiklərini etiraf etmiş olur.

İranın xarici siyasətinin 4 bilicisinin regional məsələlərlə bağlı fikirlərindən örnəkləri diqqətinizə çatdırdıq. Bu mövqelər özü-özlüyündə İran hakimiyyətinin xarici siyasət kursunun göstəricisidir. Bitkin xarici siyasəti olmayan rejimin düşdüyü böhrandan xarici yardım olmadan çıxması da mümkün deyil. Yoxsa, təhlükəsizlik, iqtisadiyyat məsələləri kimi xarici siyasəti də Çinin nəzarətinə verəcəklər?!…


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki