Bizim İrana qarşı sosial mediada informasiya savaşı aparmağımızı bəziləri İslama və Əhli Beytə qarşı kimi qəbul edir. Əzizlərim şəxsən mən inanclı insanam. Yaradana çox bağlıyam, İslamın dörd xəlifəsini qəbul edirəm. Özüm də Əhli Beyti sevənəm. Məni şəxsən tanıyanlar bilirlər ki, İmam Hüseyn (ə)-i necə sevirəm. Sırf onun əqidə adamı, mərd adam, inandığı üçün savaşan biri kimi özümə örnək götürmüşəm. Keçək İrana. Əzizlərim illərdir sizləri irandan olan mollalar inandırmağa çalışır ki, Əhli Beyti qoruyan ancaq onlardır. YALANDIR. İran rejiminin Əhli-beyt eşqini gəlir mənbəyinə çevirməsi, şiə inancı üzərində biznes qurmasını niyə görməzdən gəlirsiz. Kərbəladan Məşhədə qədər uzanan müqəddəs məkanlar molla rejimi üçün iman yox, gəlir qaynağına çevrilib. İslam aləmində, islam dünyasında Əhli Beyti tarix boyu qoruyan, onların üzvlərini və idealarını qoruyan yeganə bir dövlət olub. Bu AZƏRBAYCAN-dır. İndi isə faktlarla bunu Sizlərə izah edəcəm. Bundan sonra qərar sizindir. Əhli Beyti bu günlərə qədər sevərək qoruyan Azərbaycanın yanında olmaq yoxsa, Əhli Beyti eşqini biznesə çevirən İran…
Əhli-beyt sevgisi Azərbaycan xalqının əsrlər boyu, müxtəlif növ təsir və təzyiqlərə məruz qalmasına baxmayaraq qoruyub saxladığı ən müqəddəs dəyərdir. Bu dəyər eyni zamanda xalqın mədəniyyətinin təməlini formalaşdıraraq ədəbiyyatından, süfrə mədəniyyətinə qədər bütün adət ənənələriminə nüfuz etmişdir. Bundan başqa bu sözləri deməyə bizim əlimizdə kifayət qədər tarixi faktlar da var. Mən sadəcə onlardan bir neçəsini qeyd etmək istəyirəm:
Dünyanın ən qədim məscidlərindən “Cümə məscidi” 734-də Azərbaycanın tarixi şəhəri Dərbənddə inşa edilərək istifadəyə verilib. Təsəvvür edin ki, İslamın ilk məscidi 622-ci ildə Mədinədə (indiki Quba məscidi) inşa edilərkən, təqribən bir əsr fərqlə Qafqazda ilk və ən böyük məscid (1900 m²) Azərbaycanda tikilib və istifadəyə verilmişdir. İraq, İran, Əfqanıstan, Pakistan və s. ərazilərdə yerləşən müqəddəs məkanların əksəriyyəti məhz türk əhalinin yaşadığı(və ya vaxtilə yaşamış olduğu) məkanlarda yerləşir və qorunur. Türkiyənin əksər ərazilərində(Şərqi Anadolu), Suriya və İraqın şimalında yaşayan Əhli-sünnə qardaşlarımızın(xüsusilə türkmənlərin) əhli-beytə münasibətdə hörmət və sayğı nümayiş etdirilməsi danılmaz faktdır.
Azərbaycan xalqı daim Peyğəmbər(s) Əhli-Beytinə(ə) məhəbbət bəsləyirdi. Elə bu səbəbdən Əməvilərin zamanında xilafət sistemi imperiya sistemi ilə əvəz olunduqdan sonra Azərbaycan müxtəlif qiyamların mərkəzi olmuşdu. Bir çoxu bu qiyamları İslam əleyhinə olduqlarını yazsa da məsələ şübhəli olaraq qalır. Çünki, əsasən İslam tarixi xəlifələrin saray salnaməçiləri tərəfindən yazılmış və onlar xəlifənin zülmünə qarşı bütün qiyamları İslam əleyhinə üsyan kimi qələmə verirdilər. Həmçinin xəlifə üsyankarların üstünə qoşun göndərəndə buna ideoloji əsas vermək üçün saray müftiləri üsyankarların kafir olduğu barədə fətvalar verirdi. Bu baxımdan saray alimlərinin düzgünlüyü şübhə altındadır. Belə qiyamlardan biri də Babəkin Xürrəmilər qiyamı olubdur ki, tarix qətiyyətlə onların İslama qarşı çıxdıqlarını deyə bilmir.
Hədis alimlərinin yazdığına görə, İmam Sadiq(ə) daima deyirdi: “Azərbaycan bizə lazımdır.” Hədis alimləri Peyğəmbər (s) dilindən “Azərbaycan Yer kürəsinin Cənnətidir” sözünün olmasını da iddia edirlər. Azərbaycan Əhli Beyt tarixində daim ön cəbhədə olub. Siffeyn döyüşündə Azərbaycan valisi qoşunla birgə Həzrət Əli(ə) ilə birgə Muaviyəyə qarşı vuruşmuşdur. Kərbala savaşında məhz Azərbaycandan gedən 17 nəfər barədə ərəb və iran qaynaqları gizlətsə də, qaynaqlarda məlumata rast gəlmək olar. Xorasani üsyanı, 778-ci ildə, Şəhrək oğlu Cavidan üsyanı, Babək üsyanı və digərləri, sonradan Azərbaycan ərazisində sufiliyin yaranması, onun da sonradan xəlvətiyyə, hüruflik, nöqtəvilik və sairə adlar altında fəaliyyət göstərməsi Azərbaycan xalqının Əhli Beytə olan sevgisini və onlara qarşı olan təyziqlərə qarşı mübarizənin göstəricisidir.
Əhli Beytin ən ağır illəri sayılan dövrdə İmam Hadi(ə) və İmam Həsən Əskərinin(ə) Azərbaycan şəhərlərində nümayəndələri var idi. Hədislərdə zikr olunmaqla yanaşı, ağır və şətin durumda Əhli-Beyt(ə) Azərbaycana üz tutardı. Azərbaycanımızın ən mötəbər ziyarətgahı olan Bibi-Heybətin tarixi də buna sübutdur. İmam Rza(ə) və onun ailəsi Abbasi xəlifələrinin təqiblərinə məruz qalanda İmamın(ə) bir çox ailə üzvləri Azərbaycanın müxtəlif şəhərlərində sığınacaq tapmışdılar. Digər imamların övladları da Azərbaycana üz tutmuşdular. Hazırda Gəncə və Bərdədə yerləşən imamzadə ziyarətgahları həmin müqəddəs ailə üzvlərinin dəfn olunduğu yerlərdir. Gəncənin və Bərdənin adını xüsusi qeyd etmək istəyirəm, buranın Əhli-Beytlə əlaqələndirən əsas amil isə beşinci İmam Muhamməd Baqirin (ə) oğlu Mövlana İbrahimin adı ilə bağlıdır.Əməvi xəlifələri Əhli-Beytə qarşı haqsızlıq və zülm nümayiş etdirmişlər. İmam Baqir (ə) də bu zülmdən əziyyət çəkənlərdən olmuşdur. Onun ailə üzvləri bu təqiblərdən qorunmaq üçün dəfələrlə xilafətin müxtəlif yerlərinə köçmək məcburiyyətində qalmışlar. Rəvayətdə deyilir ki, İranda təqiblərə məruz qalan İbrahim, İsmayıl adlı qardaşı ilə birlikdə Şimali Azərbaycana qaçmış və Bərdə hökmdarının yanında sığınacaq tapmışdır. 7-ci imam Musa əl-Kazımın qızı Həzrət Həkimə də Azərbaycana pənah gətirib, burada yaşayıb. Yeri gəlmişkən, bir başqa rəvayətə görə Bakı ətrafında Həzrət Həkimə ilə yanaşı İmam Musa əl-Kazımın digər qızları Leyla (Bilgəhdə) və Rəhimə (Nardaranda) də dəfn olunub. İmam Rzanın bacısı Həzrəti Həkimə 3 qardaşı övladı ilə İranın Ənzəli şəhərinə, oradan da gəmi ilə Bakıya gəlir. Həzrət Həkimə dünyasını dəyişdikdən sonra Şıx kəndində indiki Bibiheybət ərazisində dəfn olunur.
Qeyd olunan bu faktlar Əhli Beyt (ə) övladlarının 8-9-cu əsrlərdən etibarən Azərbaycanda yaşadığı, bu torpaqlarda hələ İslamın ilk illərindən Peyğəmbər (s) Əhli Beytinə sevgi və ehtiram olduğunu göstərir.
Azərbaycanlılar hər ziyarət dövründə Əhli Beyt ailəsinə, onların davamçılarına, onları qoruyan din xadimlərinə daima maddi yardım göstərib. Nəcəf şəhərində yerləşən dini elmi hövzənin banisi Şeyx Ənsari, tələbələrin maddi ehtiyaclarını ödəmək üçün imkanlı adamlardan borc alarkən, geri ödəyəci vaxtı “Azərbaycandan zəvvarlar gələnədək” deyə təyin edərdi.
Tarixə nəzər salsaq Rusiya imperiyasının işğalına qədər kütləvi, işğaldan sonra isə açıq və gizli şəkildə Məhərrəmlik ayı Azərbaycanda qeyd edilib. Zəncir vurmadan, baş yarmadan, müqəddəs yerlərə dizin dizin sürünmədən, boğazlarına zəncir vurmadan, “Mən filankəsin itiyəm” demədən İslam qaydalarına uyğun təzziyə məclisləri keçirilib. Baş yarmaq, zəncir vurmaq və digər yad elemetlər İslama İranda Türk xəndənanın dağılıb yerində farsların gəlməsindən sonra başlayıb.
Tarix boyunca İslam ümmətinin Əhli-beytə məhəbbəti olan hissəsinin dini duyğularını təhrif edərək bundan öz çirkin siyasi məqsədləri üçün istifadə etmişdir və etməkdədir. Beləliklə, onların hakimiyyəti nəinki türk xalqlarına o qədər də yaxşı olmayan münasibətlə məhdudlaşır, eyni zamanda İslam ümmətini parçalayır.
Dini cameəmizin yüz illərdir ki, özünü əhli-beytin alovlu təbliğatçısı və mühafizəçisi kimi tanıdan, əslində müqəddəs islam dəyərlərini istismar edən İran dövlətinin “dini” mərkəzlərindən təsirlənən milli dönüklərdən xilas olunması üçün qəbul etməliyik ki, İran yox AZƏRBAYCAN əsil Əhli Beytin qoruyucusudur!
Dosent Zaur Əliyev