Rusiyada yeni avrasiyaçılıq siyasi cərəyanın baş ideoloqu, Aleksandr Duginin qızı Darya Dugina qətlə yetirilib.
Deyəsən, Qasim Süleymaninin qətli, Rusiyanın Ukraynaya hücumu kimi bu hadisə də cəmiyyətimizin ictimai fəal kəsimini ikiyə bölüb. Qətlə sevinənlər də varmış, üzülüb “Azərbaycan və Türkiyənin böyük dostu”na başsağlığı verənlər də , məqtulənin Əhli-beytin şəfaəti ilə cənnətə düşəcəyini müjdələyənlər də.
Hər ölüm, üzücüdür, hətta düşmənin də ölümü. Duginsə hər halda düşmən sayılmaz. Xüsusən Lələtəpə alınandan sonra gəlib əsgərlərimizi təşviq etməsini unuda bilmərik. Amma heç dost da sayılmaz. O yalnız öz xalqının, həm də rus kimliyinin yox, məhz velikorus şovinizimi daşıyıcılarının dostudur. Maraqlarına uyğun gələndə bizlə, gəlməsək, düşmənimizlə dost olar.
Hərəkatını təzə elan etdiyi illərdə Rusiyanın dostu kimi Ermənistanı və İranı göstərməsi, Azərbaycan və Türkiyəni əks cəbhə bilməsini beləmi tez unutduq? O illər onun avrasiyaçılıq, postmodern geopolitika kimi nəzəriyyələri haqda yazdıqlarından , virtual akademiyasındakı çıxışlarından həvəslənmiş bir –iki azərbaycanlı macəraçı Rusiya-İran-Azərbaycan üçbucağı və s. haqda yazılar düzüb qoşurdular.
AKP-nin hakimiyyətə gəlişi, daha sonra antiamerikançı mövqeli ərgənəkonçular həbsdən buraxılması, keçmiş maoçu Doğu Perinçekin avrasiyaçı kəsilməsi, Türkiyə iqtidarının Rusiya ilə yaxınlaşmaya balans siyasətini tərkib hissəsi baxması Duginə, Duginin də Türkiyəyə baxışlarında xeyli korrektələr etdi.
Baxmayaraq ki, Dugin İran haqda düşüncələrində hər hansı dəyişiklik yoxdur. Yenə də İranda tez tez səfərdə olur, Qumda mühazirələr oxuyur, “provaslav və şiə sivilzasiyaları”nın, son vaxtlar isə provaslavlıq, şiəlik və təmiz yəhudiliyin koalsiyasından danışır, Həcc ziyarətini ləğv edib yalnız Ərbəini saxlamağı təklif edir, özü də Ərbəin yürüşünə gedib və s.
2000 –ci illərin əvvəllərində Azərbaycanda Jirnovskinin partiyası ilə bağlı 90-larda buraxılmış səhv nəzərə alınırdı deyə lehimizə olmasalar da, ən azı neytral qalmaları üçün Qlazyev və Rogozinin müvəqqəti siyasi təşkilatları ilə də, Sergey Mironovun özü qədər mənasız “Ədalətli Rusiyası” ilə də, Leonid Slutski vasitəsilə Jirikin LDP si ilə işləməyə çalışlıb.
Həmin illər erməni mediası Azərbaycanın mərhum Heydər Camalın Duginlə keçmiş əlaqələrindən istifadə edərək rus siyasi elitasına təsir etməyə başladığını yazırdı. Duginlə Heydər Camal 70-ci illərdə birlikdə rus millətçi “Pamyat” təşkilatında təmsil olunmuşdular. H. Camal sonradan öz müsəlman-azərbaycanlı kimliyinə dönüş edib ”Pamyat”dakı ideoloji xətdən uzaqlaşsa da, Dugin işin kəhanətinə gedib çıxdı, velikorus millətçiliyini ilk dəfə bu qədər sistemləşdirə, ona modern, postmodern qılaf verməyə, dünyada müəyyən qədər ardıcıllar da yığmağa müvəffəq oldu.
Türkiyə və Azərbaycanın böyük dost sayılmasının səbəbi də budur- həm bizim lobbiçiliyimiz edib-hesab edək ki, təmənnasız edib(amma yəqin ki buna heç biriniz inanmırsız), həm də Türkiyə və Azərbaycanda Rusiyanın, Rusiyanın genişlənmə, böyümə, təsir dairəsini artırma siyasətinin lobbiçisi, təbliğatçısı olub. Belə görünür ki, yetərincə də uğurlu mübəlliğ olub. Arada Azərbaycan ünvanına hədələrindən də qalmayıb- ya filan təşkilata qoşulun, ya da… Hesab edin ki, bunu da belə dostyana- ərk edərək deyib.
Hər bir ölüm acıdır, üzücüdür, üstəlik, lehimizə xoş sözlər işlətmiş atanın yenə də lehizimizə xoş sözlər sərf etmiş gənc, gözəl qızının ölümü bizə xoş təsir edə bilməz.
Kaş ki siyasi ixtilaflar müharibə yolu ilə həll edilməsəydi. Kaş ki Duginin Ukrayna kimliyini, ukraynalıların ana dilində danışmaq, yazmaq, müstəqil dövlət olmaq hüququnu inkar edən çoxsaylı çıxışları, yazıları olmasaydı, o təhrikedici çıxış və yazılar bu gün Ukraynanı işğala bəraət verən bəhanələr kimi istifadə olunmasaydı.
Kaş ki o mənhus savaşın–məqtul, itikin, qaçqın qismində 15 milyon ukraynalı qurbanı olmasaydı.
Kaş ki o savaşda sizə və mənə doğma tuvalılar, ləzgilər, inquşlar, başqırdlar, avarlar.. Ukrayna ordusuna qarşı top lüləsini örtən ət(пушечное мясо) kimi qırğına verilməsəydi. Və kaş ki Darya qətlə yetirilməsəydi.
Baş verən hadisəni “terror”, “diversiya”, “qisas”, “hərbi əməliyyatı düşmənin arxa cəbhəsinə keçirmək” .. adlandırmaq isə yanaşmalardan asılıdır. Təəssüf ki, bəşəriyyət siyasi ixtilafları müharibəsiz çözmək yolunu hələ ki seçməyib.
Və bir də heç bir övlad LGBT-çi ana ilə şovinist atanın bir birinə daban -dabana zidd ideoloji uyuşmazlığı arasında ömrünün ən mənalı gənclik illərini bica xərcləməsin. İlahi inayət Daryanın o dünyasını himayə , bizi də ideoloji vurnuxmalardan hidayət etsin!
Camaləddin Quliyev