30 il bundan əvvəl Qarabağ uğrunda erməni faşizminə qarşı çarpışma başlayanda Şəkinin Baş Zəyzid kəndinin cavanları da könüllü olaraq yağı düşmənə sinə gərmiş, ya qazi, ya da şəhid olmuşlar. Şəhidlərin hamısı böyük hörmət və ehtiramla doğma yurdda torpağa tapşırılmış, qəbirləri üzərində abidələri ucaldılmışdır. Lakin zaman keçdikcə bu abidələr mənəvi cəhəddən köhnəlib, əvvəlki görkəmini itirmişdir.
Kənddəki şəhid ailələri bu yaxınlarda deputat Cavanşir Feyziyevə məktubla müraciət edərək övladlarının qəbirüstü abidələrin yenilənməsinin xahiş etmişdilər. Deputat dərhal mütəxəssiz göndərərək əraziyə baxış keçirmiş, kənd ağsaqqalları ilə məsləhətləşərək qəbirüstü abidələrin şəhidlərin adına layiq şəkildə, qara mərmərlə yenilənməsi haqqında qərar verdi. Bu günlərdə Baş Zəyzid kəndində şəhid ailələrinin iştirakı ilə kənd bələdiyyəsində keçirilən görüşdə qəbirüstü abidələrin yeni layihəsi təqdim edildi.
Umumiyyətlə şəhid ailələrini daim diqqətdə saxlamaq deputat Cavanşir Feyziyevin çoxcəhətli fəaliyyətinin tərkib hissəsidir desək, qətiyyən mübaliğə olmaz. Deputat bir – neçə il bundan əvvəl isə Kiş kəndindəki Şəhidlər xiyabanını öz şəxsi vəsaiti ilə abadlaşdırmış, adi çay daşından inşa olunmuş qəbirüstü abidələri qara mərmərlə əvəz etdirmiş, mənzil şəraiti çox pis olan bir şəhid ailəsinə isə 2 mərtəbəli ev inşa etdirmiş, neçə-neçə şəhid ailəsinin mənzil-məişət şəraitini yaxşılaşdırmış, övladlarının təhsil haqqını ödəmiş, maddi və mənəvi yardım göstərmişdir.
Millət vəkilinin bu örnək addımları həm şəhid ailələrinin, həm secicilərinin Azərbaycan Milli Məclisinə, onun deputat korpusuna, Vətənimizin sabahına olan inam və etibar hissini daha da artmışdır.
Akif Salam
Əməkdar jurnalist