“Şəhid adlarının küçələrə verilməsinə ehtiyac var. Bəzi rayonlarda bu iş sürətlə gedir, amma bəzi rayonlarda isə yox”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Qənirə Paşayeva bildirib ki, şəhid adının əbədiləşdirilməsi işinə ümumi şəkildə baxılması yaxşı olar: “Bəzi ailələr Nazirlər Kabinetindən bunu xahiş edirlər. Bu, qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə şəhid analarına ən böyük hədiyyə olar. Rayonlarda parklar, küçələr var ki, ora şəhid adları verilə bilər. Bu iş sürətləndirilməlidir”.
Deputat Razi Nurullayev də Qənirə Paşayevanın təklifini dəstəkləyib. O bildirib ki, Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli qərarına düzəlişlər edilməlidir: “Mən icra hakimiyyətləri ilə danışmışam. Xeyli adsız və adı məna kəsb etməyən küçələr var. Bu məsələ həll edilə bilər. Amma, bunun üçün Nazirlər kabinetinin qərarına və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə dəyişiklik etmək lazımdır. Qərarın ordenlə bağlı hissəsi isə böyük küçələrə, meydanlara, gəmilərə və digər vacib subyektlərə aid olaraq qalsın. Təklif edirəm ki, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Nazirlər kabinetinin qərarının 3.1.2 bəndinə edilən düzəlişlə yalnız ordenlə təltif olunan şəhid adları əbədiləşdirilir. Bu düzəliş 25 avqust 1999-cu il tarixli 139 nömrəli qərarla 3.1.1. və 3.1.2. bəndləri yeni redaksiyada verilib ki, mən bu düzəlişlərin yenidən yeni redaksiyada verilməsini və səlahiyyətlərin də yerli icra hakimiyyəti və bələdiyyələrə ötürülməsi təklifini irəli sürürəm. İkinci, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17. bəndinin yeni redaksiyada verilməsi təklif edirəm. Yeni redaksiya belə ola bilər: yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, o cümlədən şəhid adlarının əbədiləşdirilməsinə şamil edilir. İcra hakimiyyətlərini bu qədər mərkəzə tabe etmək yanlışlıqdır. Qoy özləri qərar versinlər. Onlara sərbəstlik, azadlıq və qərarvermə imkanı tanımaq lazımdır”.