Siyasi şərhçi Arzuman Muradlı Vətəninfo.az-a verdiyi açıqlamada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan son telefon danışığını və Rusiyanın İrəvana qarşı tətbiq etdiyi iqtisadi təhdidləri şərh edib.
Arzuman Muradlı bildirib ki, rəsmi Kremlin İrəvana telefon zəngi heç də ənənəvi diplomatik nəzakət qaydalarından irəli gəlmir: “Vladimir Putinin Nikol Paşinyana zəngi, ilk baxışdan doğum günü təbriki və Astana görüşünün müzakirəsi kimi görünsə də, əslində bu, Kremlin Paşinyan hakimiyyətinə çatdırmaq istədiyi “son xəbərdarlıq” mesajıdır. Rusiya bölgədəki təsir rıçaqlarını itirməmək üçün artıq gizli diplomatiyadan açıq iqtisadi şantaja keçib.”
Siyasi şərhçi Rusiyanın “Rosselxoznadzor” vasitəsilə Ermənistanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi məhdudiyyətləri məqsədyönlü siyasi təzyiq kimi qiymətləndirir: “Ermənistan iqtisadiyyatının, xüsusilə aqrar sektorunun 90%-dən çoxunun Rusiya bazarından asılı olması İrəvanı çətin vəziyyətdə qoyur. Moskva bu məhdudiyyətlərlə Paşinyan hökumətinə nümayiş etdirir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) gələcəyi birbaşa onun Rusiyaya olan loyal münasibətindən asılıdır. Arzuman Muradlı hesab edir ki, bu, sadəcə texniki məhdudiyyət deyil, Ermənistanın Qərbə inteqrasiya cəhdlərini bloklamaq üçün atılan addımdır. Politoloq qeyd edir ki, Paşinyan hakimiyyəti hazırda “iki od arasında” qalıb: “Bir tərəfdən Qərbin siyasi dəstəyi ilə demokratikləşmə və diversifikasiya kursu yürütməyə çalışırlar, digər tərəfdən isə iqtisadi cəhətdən Rusiyaya məhkumdurlar. Rusiyanın son addımları göstərir ki, Moskva Ermənistanın Avropa İttifaqı standartlarına keçidini “Aİİ üçün risk” kimi qiymətləndirir və buna görə də İrəvanı iqtisadi fəlakətlə təhdid edir.”
Arzuman Muradlı sonda vurğulayıb ki, Paşinyanın bu təzyiqlərə nə dərəcədə tab gətirə biləcəyi yaxın gələcəkdə Ermənistanın xarici siyasətindəki radikal qərarlarla aydınlaşacaq. Rusiyanın məqsədi Ermənistanı təşkilatdan qovmaq deyil, onu tam siyasi itaətə məcbur etməkdir.
Vətəninfo.az



























