image-dagintibackend

Müharibə nəticəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni vandalizminin şahidi oldu

image-reklam_sirab_01

Tarixi faktlar göstərir ki, erməni vandalizmi sərhəd tanımır. Mənfur qonşularımızın xalqımıza qarşı törətdikləri vandalizm aktları terror hadisələrini, soyqırımını və müxtəlif cinayətkarlıq əməllərini özündə ehtiva edir. Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək də Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsi olub. Xalqımıza qarşı erməni təcavüzünün qurbanları həm də tarixi, dini və mədəni abidələrimiz olub. Eyni zamanda, ermənilər xalqımıza məxsus yer adlarını-toponimləri dəyişdirməklə də çoxsaylı cinayətlər törədiblər. Şübhəsiz ki, tarixi saxtalaşdırmaq cəhdlərindən əl çəkməyən, torpaq iddiaları ilə yaşayan, faşizm ideologiyasının daşıyıcısı olan ermənilərin  bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi xalqımızın minilliklər ərzində yaşadığı torpaqlardan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək olub.

Tarixi Azərbaycan ərazisi olan indiki Ermənistan ərazisində mindən artıq azərbaycanlı yaşayış məntəqəsi, yüzlərlə tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, məqbərələr, qəbiristanlıqlar, qəbirüstü abidələr və s. Mövcud olmuşdur. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində monoetnik erməni dövləti yaranmış, azərbaycanlıların varlığını özündə əks etdirən bütün tarixi-memarlıq abidələri yer üzündən silinmiş, qəbiristanlıqlar dağıdılmışdır. XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində yalnız bir məscid – Göy məscid qismən salamat qalmışdır ki, onu da xarici qonaqlara “fars” məscidi kimi təqdim edirlər.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust  2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”, “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı” və “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na əsasən, işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur. Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində tarixi-dini abidələrin sayı ümumən 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır. Yeri gəlmişkən, 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.  Digər tərəfdən, bəzən ermənilər işğal etdikləri ərazilərdə yerləşən məscidlərin Azərbaycan xalqına deyil, başqa dövlətlərə məxsus olduğunu iddia edərək məkrli addımlar atıblar. Bu, faşist Ermənistanın bəşəriyyətə qarşı terrorçu və cinayətkar əməllərinin bariz nümunələrindən biridir.

Bunlarla yanaşı, ermənilərin bu cür vandal əməllərinə Ermənistandakı tarixi Azərbaycan ərazilərində yerləşən dini abidələr də məruz qalıb. İrəvan “Şah Abbas” məscidi, “Dəmir Bulaq” məscidi, “Hacı Novruz Əli” məscidi, “Sərdar” məscidi, “Buğakar” ziyarətgahı, “Ağadədə” ziyarətgahı və digər müqəddəs yerləri ermənilər tamamilə uçurmuş, “Göy” məscidin isə arxitektur xüsusiyyətlərini dəyişdirərək onun başqa bir ölkəyə məxsus abidə olduğunu iddia etmişlər.

Ermənistan müharibə cinayətlərinə, təbiətə, dinc əhaliyə, mülki infrastruktura vurduğu ziyana görə mütləq cavab verməli olacaq.

 

 

Bakı Slavyan Universiteti

Allahverdiyeva Əfsanə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki