image-1624083209_whatsapp-image-2021-06-19-at-10-05-40backend

“Müharibəni uduzmuş siyasətçi seçkini ona görə qazana bildi ki…”

image-reklam_sirab_01

Milli Məclisin deputatı Ülvi Quliyevin Veteninfo.az müsahibəsini  istinadla təqdim edir:

– Ermənistanda parlament seçkiləri Paşinyanın qələbəsi ilə yekunlaşdı.Sizcə, müharibədə məğlub olmuş bir siyasətçinin seçkidə yenidən etimad qazana bilməsi nəyin göstəricisidir? 

– Kənardan nə qədər paradoksal görünsə də, əslində, bu, ağır hərbi məğlubiyyətdən sonra Ermənistan cəmiyyətində yaşanan ab-havanın, psixoloji durumun göstəricisidir. Seçicilərin cəmi 49.4 faizi seçkilərdə iştirak etdi. Bunun fərqli izahları ola bilər. Birincisi  odur ki, ermənilərin özləri haqda uydurduqları çoxsaylı miflər Azərbaycan Ordusu tərəfindən darmadağın edildikdən sonra, Ermənistandakı seçicilərin yarıdan çoxu hələ də dərin stressin doğurduğu ictimai apatiyadan-biganəlikdən çıxa bilməyib. İkinci izah budur ki, seçkilərdə iştirak edən siyasi partiyaların, blokların, namizədlərin heç biri seçicilərin digər yarısını özünə inandıra bilmədi. Hər bir halda, seçki prosesində bu və ya digər namizədin xeyrinə olan kənar müdaxilələr, ilk növbədə, erməni lobbi mərkəzlərinin səyləri həmin 50 faizə təsir etmək gücündə olmadı, ictimai biganəliyi aradan qaldıra bilmədi. O ki qaldı müharibəni uduzmuş Paşinyanın seçkidə bu cür üstünlüklə qələbə çalmasına, bunun da fərqli izahları ola bilər. Zənnimcə, ən çox inandırıcı olan budur ki, erməni cəmiyyəti məğlubiyyətin əsas səbəbkarı kimi Paşinyanı deyil, Koçaryan və Sarkisyanı görür. Hələ noyabrın 16-da, işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Prezident İlham Əliyevin söylədiyi bu fikirləri bir daha yada salaq: ”Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik”. Bu fikirlər dövlətimizin başçısı tərəfindən sonralar da, Ermənistandakı seçkilərdən xeyli əvvəl bir neçə dəfə səsləndirilib. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin hər çıxışı, Qarabağa hər səfəri Ermənistan cəmiyyətində də diqqətlə izlənilir.  Əminəm ki, dövlətimizin başçısı tərəfindən  ictimailəşdirilən bu fikirlər erməni cəmiyyətinin bir hissəsi üçün yenilik olmasa da, fərqli  düşünənləri, tərəddüd edənləri reallıqla  hesablaşmağa  sövq etdi. Erməni seçicisi iki illik Paşinyan hakimiyyəti ilə  20 illik Koçaryan-Sarkisyan hakimiyyətini müqayisə etməli oldu və 20 ilin fəsadlarını,  mənfi izlərini sahiblərinə bağışlamadı. Başqa səbəblər də mövcuddur, toplum halında onlar indiki nəticəni ortaya qoydu.

– Ölkəmizin siyasətçi və politoloqlarının, ekspertlərin bir hissəsi belə hesab edir ki,  Paşinyanın yenidən seçilməsi ölkəmizə daha sərfəlidir. Ülvi müəllim, siz necə düşünürsünüz? 

– Müsahibələrdən birində söylədiyim fikri bir daha təkrarlamağı məqbul sayıram. Ermənistanda ictimai şüurun zəhərlənməsinin , erməni cəmiyyətinin miflər, sərsəm xülyalar, yalan və uydurmalar əsasında  bəslənməsinin günahkarı təkcə xaricdəki erməni lobbi mərkəzləri deyil. İndiyədək Ermənistana rəhbərlik etmiş bütün siyası hakimiyyətlərin bu acı reallıqda günahı var,o cümlədən Paşinyanın da. 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən ilk ictimai debatda Paşinyanın xəstə təxəyyülə, saxta erməni tarixinə və uydurma miflərə söykənən ritorikasını unutmuşuqmu?! Yeri gəlmişkən, həmin debat beynəlxalq auditoriya qarşısında erməni uydurmalarının və yalançı erməni tarixinin Prezident İlham Əliyev tərəfindən ictimai şəkildə ifşa edildiyi mühüm siyasi hadisə idi. “Qarabağ Ermənistandır və nöqtə” şüarının, qondarma rejimin qondarma parlamentinin Şuşaya köçürülməsi təşəbbüsünün müəllifi də Paşinyan idi. “Yeni ərazilər uğrunda yeni müharibə” hərbi doktrinası da məhz onun iki illik hakimiyyəti dövründə səsləndirilmişdi. Keçən il Tovuz istiqamətindəki hərbi təxribatın, avqust ayındakı diversiyanın, sentyabr ayındakı hərbi hücumun günahkarı-səbəbkarı da Paşinyandır. Ona görə də, erməni siyasətçiləri arasında  bizə kimin sərfəli olub-olmamasını  dəyərləndirərkən, bu cür həqiqətlər unudulmamalıdır. Yalnız bir məqamla razılaşmaq olar ki, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli Birgə Bəyanatların altında Ermənistan tərəfindən məhz Paşinyanın imzası dayanır. Siyasətçi və dövlət başçısı olaraq, o, öz imzasının məsuliyyətini daşımağa və imzasından irəli gələn öhdəlikləri sonadək yerinə yetirməyə məhkumdur. Çox inanmaq istərdim ki, Paşinyana səs vermiş seçicilərin 53.9 faizinin mövqeyinin arxasında məhz bu imzadan irəli gələn reallıq, müharibələrdən və itkilərdən, məhrumiyyət və səfalətdən bezmək, məğlubiyyətlə barışmaq amili də dayanır.

– Ekspertlərimizdən bir qismi belə fikir səsləndirir ki, Koçaryanın Paşinyana uduzması həm də Rusiyanın uduzması deməkdir. Razısınızmı?

– Bunu təkcə bizim bəzi ekspertlər demir, hətta Rusiya Dövlət Dumasının üzvü, qatı ermənipərəst mövqeyi ilə seçilən K.Zatulin də seçkinin nəticəsindən narazıdır. Tanınmış ekspert-politoloq Y.Satanovski, erməni mənşəli A.Qabrelyanov və başqaları dəyərləndirmələrində daha uzaqlara gedirlər.Lakin onların məqsədli şəkildə şişirdərək təqdim etdikləri reallıq tam təsvir etdikləri şəkildə də deyil. Çünki, Ermənistanda son seçkilərdə iştirak etmiş namizədlərdən heç biri Rusiyanın diqqətindən  kənarda deyildi. Ermənistanla Rusiya eyni hərbi blokda- KTMT-də təmsil olunurlar, Ermənistanın sərhədlərinin keşiyində bu gün də Rusiya hərbçiləri dayanır və onun hərbi bazası Gümrüdə yerləşir. Belə bir vəziyyətdə, namizədlərdən kiminsə diqqətdən kənarda qaldığını düşünmək və buna inanmaq sadəlövhlük olardı. Seçkidən az əvvəl, Paşinyan Moskvaya iki səfər etmişdi. Bu, bilinən hissəsidir. Məncə, hazırki məqamda Paşinyan Kremlin maraqlarına da uyğun olan seşimdir. Çünki, 10 noyabr və 11 yanvar Bəyanatlarında nəzərdə tutulan öhdəliklərin tam həcmdə yerinə yetirilməsi indiki geosiyasi şəraitdə Rusiya üçün prioritet olan siyası nüfuz məsələsidir. Həmin Bəyanatlarda öhdəliklərin təminatçısı kimi çıxış edən məhz Rusiyadır.  Ali baş komandan olaraq müharibəni uduzmuş bir şəxsin-Paşinyanın imza atdığı öhdəliklərdən yayına və bununla Rusiyanın siyasi reputasiyası ilə oynaya bilməsinə imkan veriləcəyi, inandırıcı deyil. Paşinyanı qarşıda yeni, daha ciddi sınaqlar gözləyir. Onun özü də bunları yaxşı bilir, elə ona görə də, Ermənistanda  Rusiya silahlı qüvvələrinin yerləşməsi üçün yeni ərazilərin ayrılması ilə bağlı sərəncamı seçildikdən dərhal sonra imzalayıb. Bu və bir çox digər səbəblərə görə nəticə çıxarmaqda, xüsusən də onları ictimailəşdirməkdə tələskənliyə yol verməməliyik.

– Ermənistanda revanş hisslərinin yeni təxribatlara yol açmayacağına etibarlı zəmanət varmı?

– Onillər ərzində “dənizdən-dənizə” kimi sərsəm xülya ilə yaşadılan, hətta konstitusiyasında qardaş Türkiyəyə qarşı ərazi iddiası nəzərdə tutulan cəmiyyətin və dövlətin anidən xam xəyallardan qurtulacağını, zəhərlənmiş şüurunun bir göz qırpımında  təmizlənəcəyini düşünmək özünü aldatmaq demək olardı. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz vacib nailiyyətlərdən biri də odur ki, hər zaman güclü və yekdil olan erməni lobbi mərkəzləri parçalanıb. Fərqli ölkələrdəki erməni lobbi mərkəzlərinin Ermənistanın gələcəyi ilə bağlı baxışları ilk dəfədir ki, haçalanıb. Detallara varmadan, bir məqamın da üzərində dayanmağa ehtiyac duyuram. 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu çərçivəsində tərəfsiz vasitəçilik missiyasını yerinə yetirməli olan hər üç dövlət-ABŞ, Rusiya və Fransa uydurma erməni soyqırımını tanıyıblar. Hətta qardaş Türkiyənin ali rəhbərliyinin dəfələrlə bəyan və çağırış etməsinə, bütün arxivləri açmasına  baxmayaraq, heç bir araşdırma aparmadan, peşəkar tarixçi və ekspertlərin rəyi öyrənilmədən, uydurma “erməni soyqırımı “ tanındı. Belə addımlardan sonra, ədalətsizliyin və sərsəm xülyanın ayaq tuta bildiyini görən istənilən, o cümlədən erməni cəmiyyətinin yeni haqsızlıqlara şirniklənməsi ehtimalı təəccüb doğurmamalıdır. Necə ola bilər ki, 106 il əvvəl baş vermiş hadisələrə heç bir araşdırma aparılmadan siyasi qiymət verilir və sərsəm erməni xülyasına bəraət qazandırılır, amma  29 il əvvəl həqiqətən törədilmiş Xocalı soyqırımı  həmin dövlətlər tərəfindən gözardı edilir?! Axı, etnik zəmində insanlıq əleyhinə törədilmiş bu müharıbə cinayətinin  əsas təşkilatçılarından olan Koçaryan və Sarksiyan  hələki sağdırlar, cinayətdə iştirakla bağlı öz etirafları var. Faciənin bir çox şahidləri, zərərçəkmiş azərbaycanlı ailələrinin yüzlərlə qanuni nümayəndəsi həyatdadırlar, tarixi araşdırmaya da gərək yoxdur. Amma həmin dövlətlər uydurma erməni soyqırımını tanısalar da, həqiqi soyqırımı hadisəsini-Xocalı faciəsini eyni səviyyədə etiraf etməkdə, tanımaqda nədənsə gecikirlər. Bu cür ikili yanaşma nümunəsini müşahidə edən Ermənistandakı revanşist qüvvələr həvəslənib yeni miflər uydurmağa və erməni cəmiyyətini onlara inandırmağa çalışa bilərlər. Son günlər Xankəndində baş verənlər təsadüfi deyil, bunun arxasında ayrı-ayrı fərdlərin revanş hissləri ilə yanaşı, həm də ikili standartlardan doğan təşviq nümunələri də dayanır. Fərqli dövlətlərin fərqli maraqlarının Qafqazda toqquşması  danılmaz faktdır. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi beynəlxalq tədbirdə həmin reallığı və ona baxışını bu cür dəyərləndirmişdi: “Biz tam anladıq ki, maraqlar ola bilər və onlar bir-biri ilə toqquşa bilər. Lakin bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır. Bu, əslində, belə də baş verir”. Dövlətimizin başçısı tərəfindən qarşımızda dayanan hədəf, göründüyü kimi,  müəyyən edilib. Bütün çətinliklərə baxmayaraq, ona nail olacağımıza şübhə etmirəm.

– Son günlər Xankəndində baş verənlər deməyə əsas verir ki, Ermənistandakı revanşist qüvvələr məkrli niyyətlərini Xankəndinə keçirməyə çalışırlar. Necə düşünürsünüz, bu cür planların arxasında yalnız revanşistlərin özləri, təkbaşına dayanır?

– Bayaq ikili standartlardan danışdıq. Onlardan birini də yada salsaq, tam yerinə düşər. Prezident İlham Əliyev BMT kimi nüfuzlu beynəlxalq qurumun tribunasından dünya birliyinə belə bir ismarıc vermişdi : ”Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı…”  BMT TŞ-nın beş daimi üzvündən üçü-ABŞ, Rusiya və Fransa münaqişədə vasitəçi idilər və qətnamələrin icrasına görə hər üçü eyni səviyyədə siyasi-hüquqi məsuliyyət daşıyırdılar. Prezidentimizin haqlı olaraq qeyd etdiyi kimi, eyni təşkilatın bəzi qətnamələri cəmi bir neçə gün ərzində icra olunduğu halda, Azərbaycana gəldikdə,  bu cür operativliyi görə bilmədik. Fərqli siyasi maraqlar və onların bir-biri ilə toqquşması,  bəzi vasitəçilərin tərəfsizliyə əməl  etməməsi, siyasi maraqların beynəlxalq hüququ üstələməsi buna imkan vermədi. Ermənistan bütün dövrlərdə kimlərinsə əlində alət rolunu oynayıb, indi də belədir. Fərq ondadır ki, əgər o, əvvəllər yalnız birinin istifadə etdiyi siyasi alət idisə, müharibəni uduzan və daha zəif olan Ermənistan hazırda çoxlarının istifadə etdiyi alətə çevrilib. Bayaq qeyd etdiyim kimi, tarixdə ilk dəfədir ki, vaxtilə eyni mövqedən çıxış edən erməni lobbi mərkəzləri artıq parçalanıb. Onların hədəfləri, Ermənistandakı siyası maraqları və onun gələcəyi ilə bağlı baxışları fərqli olsa da, revanşistlərə hər birinin çıxışı, təsir imkanları var. Mümkün təxribatlarda onların üst-üstə düşməyən fərqli maraqları ola bilər.Xankəndində baş verən prosesin  arxasında erməni lobbisinin hansı qanadının və ya bu qanadın aid olduğu hansı dövlətin daha çox dayandığını indidən birmənalı şəkildə təsdiqləmək doğru olmazdı. Təxminlərimizdə yanılmaya bilərik, lakin onların qarşısını almadan və  zərərini minimuma endirmədən, vaxtından əvvəl ictimailəşdirmək, zənnimcə, doğru deyil, daha çox fəsadlıdır. Vacib olan sual budur ki, belə təhlükələri əvvəlcədən görürdükmü? Bu sualın cavabını 15 iyunda imzalanmış Şuşa Bəyannaməsi-qardaş Türkiyə ilə Müttəfiqlik haqqında Bəyannamə tam şəkildə verir. Dövlətimiz həmin təhlükələri görürdü və mümkün olan əlacını da qıldı. Vətən müharibəsindəki hərbi qələbədən sonra, Şuşa Bəyannaməsi Prezident İlham Əliyevin altına imzasını qoyduğu ikinci tarixi qələbəmizdir. Prezidentimizin imza törənində söylədiyi bu fikrinin tarixi-siyasi əhəmiyyəti də danılmazdır: “Bu gün buradan-qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”.

Son günlər onun da şahidi oluruq ki, ayrı-ayrı siyasətçi və politoloqlarımız hadisələri qabaqlamağa calışır, Şuşa Bəyannaməsindən irəli gələn addımların tezləşdirilməsinə çağırış edirlər. Anlaşılandır, çünki ümumi istəyimizi ehtiva edir. Lakin təəssüf ki, bəzən bu cür ciddi və həssas mövzunun ətrafında populist ritorikaya da rast gəlmək mümkündür. Birincisi, nəzərə almalıyıq ki, əks-sədası kifayət qədər güclü olan Şuşa Bəyannaməsinin bəzilərində doğurduğu siyasi qıcığı süni pafosla yüksəltməyə dəyməz, çünki ziyanlıdır. İkincisi, Napaleonun dəyərli bir kəlamı var: “Müdriklik çətin olanla qeyri-mümkün olanı fərqləndirmək qabiliyyətidir”. Xalqımız, həqiqətən, çox müdrikdir həm də ona görə ki, Qars müqaviləsinin tarixi sevincini bizlərə yenidən yaşada bilən, əsrlərdən sonra Şuşa Bəyannaməsini gerçəkliyə çevirən, pafos və populizmdən uzaq dayanıb real və praqmatik siyasətlə ümummilli maraqlarımıza xidmət edən Prezident İlham Əliyev kimi siyasi Lideri, dövlət rəhbəri var. Görünən və görünməyən bütün çətinlikləri dəf edə bilməyimizin açarı həm də nail olduğumuz tarixi birliyimizdədir. Onu zədələnməkdən, kimlərinsə zədələməsindən ümumi səylərimizlə qorumalıyıq. Yalnız bu halda tarixi qələbələrimizi düşmənin və bədxahların məkrli planlarından qoruya, yeni-yeni qələbələr əldə edə bilərik./Moderator.az

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki