Muxtar respublikanın səhiyyə müəssisələrinin kadr ehtiyacının təmin edilməsi və ixtisaslı kadr potensialının artırılması məqsədilə dövlət səhiyyə müəssisələrinə işə qəbul üçün növbəti test imtahanları keçirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, bu il artıq ikincisi keçirilən müsabiqəyə 395 vakant vəzifə çıxarılıb. 248 müraciətin qeydə alındığı müsabiqədə namizədlərin 201-i orta ixtisas tibb işçisi, 47-i isə həkim vəzifələri üzrə qeydiyyatdan keçib. Ən sıx müsabiqə vəziyyəti tibb bacısı (153), mama (26) və həkim stomatoloq (21) vəzifələri üzrə yaranıb.
İki mərhələdən ibarət olan imtahanın test hissəsi 60 sualdan ibarətdir. Test hissəsi üzrə hər bir düzgün cavab bir balla qiymətləndirilir. Test imtahanının nəticələrinə əsasən 40 və ya daha çox bal toplamış şəxslər imtahandan keçmiş hesab olunur. İmtahanın nəticəsi “Test imtahanının nəticəsi haqqında arayış”la rəsmiləşdirilir.
İmtahan suallarının klinik tapşırıq hissəsi isə namizədin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 sualdan ibarət olmaqla, yazılı şəkildə keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 oktyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması Qaydaları”na əsasən keçirilən müsabiqə sentyabrın 12-də başa çatacaq.