Ümumbəşəri problem olan narkomaniyanın qarşısının alınması, gənc nəsildə narkomanlıq və zərərli vərdişlər haqqında düzgün təsəvvürlərin yaradılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması məqsədilə Nizami Rayon İcra Hakimiyyəti Rayon Polis İdarəsi ilə birgə rayonun müxtəlif ünvanlarında “Sağlam həyat naminə narkotikə yox” adlı növbəti maarifləndirici aksiya keçirib. Aksiyaya rayon könüllüləri də qoşulub.
Aksiya çərçivəsində rayon ərazisində müxtəlif ünvanlarda, həyətlərdə, parklarda və dayanacaqlarda əhali ilə, xüsusilə də yeniyetmə-gənclərlə görüşlər keçirilib, narkomaniya barədə maarifləndirici söhbətlər aparılıb, rayon könüllüləri tərəfindən narkomaniyadan və onun ağır fəsadlarından bəhs edən bukletlər paylanılıb.
Görüşlərdə narkomaniyanın fəsadlarından, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu ziyanlardan danışılıb, eyni zamanda, cinayətkarlığın artmasına da səbəb olduğu qeyd olunub. Rayon sakinlərinə, əsasən də yeniyetmə-gənclərə sağlam həyat tərzini seçmək, zərərli vərdişlərdən uzaq olmaq və asudə vaxtlarını səmərəli keçirmək, idmanla məşğul olmaq tövsiyə edilib.
Aksiya vətəndaşlar tərəfindən böyük razılıq hissi ilə qarşılanıb və belə tədbirlərin böyük mənəvi-tərbiyəvi əhəmiyyət daşıdığı və onun mütəmadi olaraq keçirilməsinin zəruriliyi bildirilib.