Nizami Rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının və LİV Bona Dea Hospitalın birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın doğum günü münasibətilə “Zərifə Əliyeva – Qəlblərdə yaşayan ad” mövzusunda tədbir keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, rayon ictimaiyyətinin nümayəndələri, səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, gənclər və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk öncə akademik Zərifə xanım Əliyevaya həsr olunmuş videofilm nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Rasim Musabəyov, Könül Nurullayeva, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və LİV Bona Dea Hospitalın İcraçı direktoru Taner Özbək tədbirdə çıxış edərək akademik Zərifə Əliyevanın mənalı həyat yolundan, parlaq və əhatəli elmi fəaliyyətindən geniş söhbət açıblar.
Qeyd olunub ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr vermişdir. Akademik Zərifə Əliyevanın təşəbbüsü ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası yaradılmış, onun gərgin əməyi, elmi və pedaqoji fəaliyyəti sayəsində respublikada yüksək ixtisaslı həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir. Bu məktəbin yetirmələri Azərbaycanda oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verirlər.
Görkəmli alimin 1983-cü ildə yüksək ixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərinə görə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi respublikanın akademiklər ailəsinə yeni istiqamət, yeni nəfəs gətirdi. Adı Azərbaycan oftalmoloqları arasında Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alim-oftalmoloq kimi tarixə düşdü.
Zərifə xanım Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə xanım Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Zərifə xanım Əliyeva bu mükafata layiq görülmüş ilk azərbaycanlı qadındır.
Vurgulanıb ki, Zərifə xanım Əliyeva öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə vətəndaşlıq örnəyinə, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olmaqla əsl Azərbaycan xanımının, ailəsinin müqəddəs simvoluna çevrilmiş, ən başlıcası isə Azərbaycanın Zəfər tarixinə adını qızıl hərflərlə yazdırmış qətiyyətli sərkərdə, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevi bəxş etmişdir.
Azərbaycan xanımlarının zərifliyinin, humanizminin və qayğıkeşliyinin mücəssiməsi olan, milyonların gözlərinə nur bəxş edən Zərifə xanım Əliyeva öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə xalqımızın qəlbində sonsuz sevgi və böyük ehtiramla əbədi yaşayacaqdır.


























