image-reklam-veteninfo
image-3backend

Ölkəmizdə qlobal şəhərsalma gündəliyi müzakirə edilir

image-reklam-veteninfo

Azərbaycanın xarici siyasət uğurlarını, beynəlxalq münasibətlər sistemində yeri və rolunu təsdiqləyən mühüm amillərdən biri də ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdir. Diqqət yetirsək görərik ki,  bu tədbirlərin hər biri  müxtəlif sahələri əhatə edir. Bu, onu göstərir ki, Azərbaycan təkmil inkişaf modelinə sahibdir,  hər sahədə zəngin təcrübəsi vardır.
COP-dan sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun daha bir göstəricisidir.
2026-cı ildə   keçirilən və  keçiriləcək  tədbirlərin xronologiyasına diqqət yetirməklə Azərbaycanın beynəlxalq səviyyədə ideal məkan kimi qəbul edildiyini daha aydın şəkildə görə bilərik.  Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası, Ümumdünya Ətraf Mühit Günü, Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci illik iclası, XIII Qlobal Bakı Forumu, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) növbəti Zirvə toplantısı,  “Formula 1”in  Azərbaycan Qran- Prisi, Cüdo üzrə dünya çempionatı və sair. Bu sıralamanı  davam etdirə də  bilərik. O da məlumdur ki,  Prezident İlham Əliyevin Sərəncamı  ilə 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Bu tədbirlərə  Azərbaycanın ev sahibliyi ölkəmizin   qlobal dialoq, iqtisadi əməkdaşlıq, ekoloji təşəbbüslər və beynəlxalq idman platformalarında artan rolunun təsdiqidir.
Qloballaşan dünyada şəhərsalma insan həyatının keyfiyyətini artırmaq, ətraf mühiti qorumaq və iqtisadi inkişafı təmin etmək baxımından əsas prioritetlərdən birinə çevrilib. Mayın 17-dən 22-dək   keçirilən “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13)  182 ölkədən 45 mindən çox nümayəndəni bir araya gətirib. COP tədbirindən sonra ikinci böyük beynəlxalq tədbir olan Ümumdünya Şəhərsalma Forumu hər bir ölkənin iqtisadi imkanlarını, müasir çağırışları necə  cavablandırmasını özündə ehtiva edən şəhərsalma təcrübəsini nümayiş etdirir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev çıxışı zamanı söyləyib ki, bu dəfə biz (WUF13-də) rekord sayda iştirakçıları qəbul edirik. “Bu, ikinci ən böyük beynəlxalq tədbirdir ki, COP29-dan sonra Azərbaycanda keçirilir”, – deyə dövlətimizin başçısı bildirib.
Ölkə başçısı həmçinin bildirib ki, Bakıda keçirdiyi bu günlər ərzində bir çox qonaqlarımız, ilk dəfə səfər edən qonaqlar ölkəmizi daha yaxşı tanıyacaqlar və Azərbaycanda şəhərsalma sahəsində görülən işlərlə daha yaxından tanış olacaqlar. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşdiyini vurğulayan dövlətimizin başçısı bunun bizim memarlığımızda da öz təzahürünü tapdığını qeyd edib.
Bakının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolundan, möhkəmlənən mövqeyindən xəbər verir.  2022-ci ildən etibarən ölkəmiz BMT-nin Məskunlaşma Proqramı ilə birgə üç Milli Şəhərsalma Forumunu uzun illər ərzində işğal altında olmuş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirib. “Bu gün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, şəhərsalma nəinki Bakı üçün, bir çox Azərbaycan şəhərləri üçün elə bir məsələdir ki, biz gündəlik əsaslarla onun üzərində işləyirik. Dövlətimizin başçısı bu ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunduğunu da diqqətə çatdırıb.
Sözsüz ki, Bakı Forumu bütün bu reallıqların dünyaya çatdırılmasında növbəti platforma olacaq. Bu Forum ölkələrə ötən dövrdə əldə olunmuş təcrübələri müzakirə etmək və gələcək üçün yeni, innovativ həllər tapmaq imkanı yaradacaq. Azərbaycan üçün  WUF13 həm ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda dayanıqlı və ağıllı şəhərsalma modellərini təşviq etmək üçün əvəzsiz platformadır.
Göründüyü kimi, Azərbaycanın hər bir sahədə qazandığı uğurlar, zəngin təcrübə ölkələrin inkişafında lider və düşünülmüş siyasət amillərinin rolunu daim  önə çəkməyə çağırışlar edir. Ümummilli Lider Heydər Əliyevin  bugünümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi inkişaf strategiyasında şəhərsalma və memarlığın inkişafı xüsusi mərhələ təşkil edir. Reallıq budur ki, tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı Ulu Öndərin təşəbbüsü ilə  vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur. Bu gün bu ilər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanı dünyaya innovasiyala ölkəsi kimi təqdimatını şərtləndirən  amillər hər kəsə məlumdur. Cənab İlham Əliyev hər bir yeniliyin ölkəmizdə tətbiqini əsas hədəf kimi qarşıya qoyur. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bütün bu imkanları təmin edəcək. Tarixi Zəfəri ilə dünyaya səs salan Azərbaycanın  hər ay, hər gün bu və ya digər sahələr üzrə beynəlxalq tədbirlərə ev sahibliyi  böyük qürur hissi yaradır.  Tariximizin Zəfər Günündən başlanan dövrü  yeni reallıqların fonunda Azərbaycanın artan nüfuzunun, söz sahibliyinin təqdimatıdır.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki