image-reklam-veteninfo
image-img-20260505-wa0141backend

Prezident İlham Əliyevin çıxışı Avropa Parlamentinə sərt mesajdır

image-reklam-veteninfo

Mayın 4-də Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində video-çıxışında Avropa Parlamenti ilə bağlı mesajı beynəlxalq ictimaiyyət üçün aydın siqnaldır.
Azərbaycan prinsipial mövqeyini ortaya qoymaqdadır. Mayın 1-də Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib. Bu qərar tam əsaslı, hüquqi və siyasi baxımdan məntiqi addımdır. Azərbaycan indiyədək beynəlxalq parlament diplomatiyasında daim açıq dialoq, qarşılıqlı hörmət və konstruktiv əməkdaşlıq xəttini əsas götürüb. Azərbaycan tərəfi həm ikitərəfli, həm də çoxtərəfli platformalarda münasibətlərin sağlam əsaslar üzərində qurulmasına xüsusi önəm verib. Lakin təəssüflər olsun ki, Avropa Parlamenti bu prinsiplərə uyğun davranmayaraq, uzun müddətdir ölkəmizə qarşı qərəzli və destruktiv mövqe sərgiləyir. Bu isə əməkdaşlıq mühitinə ciddi zərbə vurur və münasibətlərin inkişafını faktiki olaraq mümkünsüz edir. Hər hansı beynəlxalq platformada əməkdaşlıq yalnız qarşılıqlı etimad və bərabərhüquqlu münasibətlər əsasında mümkün ola bilər.
Əgər bu prinsiplər pozulursa, həmin platformada iştirak formal xarakter daşıyır və real nəticələr vermir. Eyni yanaşma son illərdə Avropa Şurası Parlament Assambleyası çərçivəsində də müşahidə olunur. Azərbaycan nümayəndə heyətinin hüquqlarının məhdudlaşdırılması, səsvermə hüququndan məhrum edilməyə yönələn addımlar və ölkə ilə bağlı birtərəfli siyasi qiymətləndirmələrin qəbul edilməsi qərəzli yanaşmadır. Xüsusilə monitorinq mexanizmləri və müxtəlif qətnamələrdə Azərbaycanın daxili proseslərinə müdaxilə xarakterli mövqelər ikitərəfli etimad mühitinə zərbə vurub. Bu yanaşmalar AŞPA-nın neytrallıq və dialoq prinsiplərinə uyğun gəlmir.
Avropa Parlamentinin fəaliyyəti təkcə siyasi ritorika ilə məhdudlaşmır, həm də regionda gedən sülh prosesinə real təsir göstərir. Bu gün Azərbaycan regionda post-münaqişə dövrünün reallıqlarına uyğun olaraq sülh gündəliyini irəli aparır, Ermənistanla münasibətlərin normallaşdırılması üçün konkret addımlar atır. Lakin Avropa Parlamenti bu prosesi dəstəkləmək əvəzinə, əksinə, onu sabotaj etməyə yönələn mövqe tutur. Bu isə regionda uzunmüddətli sabitliyin təmin olunmasına maneə yaradır.
Avropa Parlamentinin yanaşmasında ən ciddi problemlərdən biri hüquqi reallıqların təhrif edilməsidir. Azərbaycan ərazisində ağır cinayətlər törətmiş şəxslərin ‘əsir’ kimi təqdim olunması tamamilə yolverilməzdir. Bu, beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla yanaşı, həm də ədalət anlayışını sarsıdır. Hərbi cinayətkarların bu şəkildə müdafiə olunması regionda revanşist qüvvələri ruhlandırır və sülh prosesinə zərbə vurur. Bu cür yanaşma gələcəkdə daha ciddi təhlükələrə səbəb ola bilər: “Əgər cinayətkarlar cəzasız qalarsa, bu, yeni münaqişə risklərini artırır.
Avropa Parlamenti son dövrlərdə Azərbaycana qarşı yeni mövzular üzərindən təzyiq göstərməyə çalışır. Diqqət çəkən məqam odur ki, hətta Ermənistanın özü tərəfindən bu şəkildə qabardılmayan məsələlər Avropa Parlamenti tərəfindən siyasiləşdirilir. Abidələr, qayıdış və xristian irsinin qorunması kimi mövzular manipulyasiya alətinə çevrilir. Halbuki Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bütün dini və mədəni irsin qorunmasına sadiq olduğunu dəfələrlə nümayiş etdirib. Bu cür yanaşmalar etimad mühitinə zərbə vurur. Bu, regionda barışıq və əməkdaşlıq mühitinin formalaşmasına deyil, əksinə, qarşıdurmanın dərinləşməsinə xidmət edir.
Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində video-çıxışında səsləndirdiyi fikirlər mövcud vəziyyətə verilən ən dəqiq siyasi qiymətləndirmədir. Dövlət başçısı açıq şəkildə bildirdi ki, bütün Avropa institutları eyni mövqe sərgiləmir. Biz 1993-cü ildə qəbul olunmuş və 30 il ərzində kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özümüz icra etdik. Bundan dörd ay sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq etdi. Təəssüf ki, ikili standartlar bu gün AŞPA üçün bir növ fəaliyyət üsuluna çevrilib. Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir və bu məsələdə ikili standartlar qəbuledilməzdir. Avropa Parlamenti də sülh prosesinə töhfə vermək əvəzinə, dezinformasiya və təzyiq alətinə çevrilib. Bu mesaj beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyini bir daha aydın şəkildə çatdırdı.
Bu çıxış həm də dezinformasiyanın qarşısının alınmasına xidmət edir. Azərbaycan öz mövqeyini açıq və şəffaf şəkildə ifadə edir və heç bir manipulyasiyaya imkan vermir. Bu mövqe Azərbaycanın milli maraqlarının qorunmasına xidmət edir. Azərbaycan heç bir halda təzyiq və şantaj siyasətini qəbul etməyəcək. Azərbaycan regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirəcək. Ölkəmiz sülh gündəliyinə sadiqdir və bu istiqamətdə real nəticələr əldə etməyə çalışır. Lakin eyni zamanda, sülh prosesinə mane olan, anti-Azərbaycan kampaniyası aparan və beynəlxalq hüququ siyasi alətə çevirən qüvvələrə qarşı da qəti mövqe sərgiləyəcək.

Metin Hüseynov – siyasi sərhçi, politoloq




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki