image-adilbackend

Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” müjdəsini Şəhidlər Xiyabanından verməsi 20 Yanvar şəhidlərimizə olan ehtiramın ifadəsidir

image-reklam_sirab_01

Adil Əliyev

Milli Məclis sədrinin müavini

 Hər yeni ildə Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər paketinin qəbul edilməsi artıq bir ənənə halı almışdır. Bu ildə yeni sosial paket elan olundu. 2023-cü ildə elan edilən sosial tədbirlər sırasında 20 Yanvar şəhidlərinin ailələrinin sosial təminatına yönəlmiş Prezident fərmanı diqqətəlayiqdir. Fərmanda 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 1 yanvar 2023-cü il tarixdən etibarən 500 manatdan 600 manata qaldırılmışdır. 20 Yanvar hadisələrinin 33-cü ildönümü ərəfəsində belə bir addımın atılması bu faciə qurbanlarının ailələrinin sosial təminatının yaxşılaşdırılmasına xidmət etməklə bərabər, həm də onların əziz xatirəsinin daim Azərbaycan Prezidenti və dövlətimiz tərəfindən uca tutulduğunu göstərir. Bu, tamamilə təbiidir. Çünki 20 Yanvar şəhidləri bizim üçün azadlıq və demokratiya şəhidləridir, kollektiv yaddaşımızda xüsusi yer tutan tarixi bir qəhrəmanlıq səhifəsidir və Qarabağın Ermənistana birləşdirilməsinə qarşı Azərbaycan xalqının sərgilədiyi barışmazlığın simvoludur.

20 Yanvar faciəsi 1918-ci ilin mart qırğınlarından sonra Azərbaycan xalqına qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş ən böyük və qəddar qəsd hesab etmək olar. Amma xalqımızın mübarizliyi tamamilə əks effekt verdi. 20 Yanvar Azərbaycan xalqının kollektiv və tarixi yaddaşını oyadan, yeniləyən və formalaşdıran ən mühüm milli kodlardan birinə çevrildi. Bu hadisə Azərbaycan xalqının yaddaşında elə bir iz buraxdı ki, bu gün də bir çox hadisə və proseslərə məhz 20 Yanvar prizmasından baxırıq.

20 Yanvar bizim tarixi yaddaşımızı oyatdı. Şəhidləri dəfn etmək üçün qazılan məzar yerlərində Azərbaycan Xalq Cümhuriyyəti dönəmindəki şəhidlərimizin qalıqlarının aşkarlanması tariximizin qəhrəmanlıq və faciə dolu iki böyük səhifəsini bir-birinə bağladı. Hər iki hadisələrdə erməni faktoru ciddi rol oynayıb, torpaqlarımızı qəsb etmək, müstəqillik ideallarımızı boğmaq niyyəti güdülüb. Öz vətəndaşlarına qarşı 20 Yanvar qırğınını törətməklə keçmiş SSRİ-nin hərbi-siyasi rəhbərliyi ən böyük zərbəni – mənəvi zərbəni özünə vurmuş oldu. Bu hadisə təkcə Azərbaycanda deyil, digər sovet respublikalarında da SSRİ-yə olan münasibətləri kökündən sarsıtdı.

O dövrdə respublikaya rəhbərlik edənlər bu fundamental və tarixi əhəmiyyətli hadisəyə siyasi qiymət vermədilər. 20 Yanvar faciəsinə siyasi qiymət yalnız Ulu öndər Heydər Əliyev təşəbbüsü və səyləri ilə 1994-cü ildə verildi. Beləliklə, 29 mart 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi “1990-ci ilin yanvarın 2-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi, hadisəyə siyasi qiymət verildi. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1998-ildə verdiyi fərmanla “20 Yanvar Şəhidi” fəxri adı təsis olundu.

Ulu öndərin 20 Yanvar faciəsinə və şəhidlərinə göstərdiyi bu həssas münasibət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə də  layiqli surətdə davam etdirilir. 20 Yanvar şəhidlərinin və onların əbədi uyuduğu Şəhidlər Xiyabanının xalqımız və dövlət başçımız üçün nə qədər önəm və mənəvi dəyər daşıdığını Prezident İlham Əliyevin Şuşanın azad edilməsi müjdəsini 8 noyabr 2020-ci ildə xalqımıza məhz Şəhidlər Xiyabanından verməsi və “”Əziz Şuşa, sən azadsan!” çıxışını orada etməsi nümayiş etdirdi. Azadlıq müjdəsinin və Zəfər xəbərinin buradan elan edilməsi 20 Yanvar şəhidlərimizə və onların timsalında bütün şəhidlərimizə göstərilən ehtiramın ifadəsi idi.

20 Yanvar şəhidlərimizin ruhu şad olsun! Allah bütün şəhidlərimizə rəhmət etsin!

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki