Türkiyə çempionu “Qalatasaray” yeni mövsüm üçün heyət planlamasını davam etdirərkən, komandada daha bir ayrılığın gündəmə gəldiyi bildirilir.
Vətəninfo.az xəbər verir ki, baş məşqçi Okan Buruk sol cinah müdafiəçisi mövqeyində İsmayıl Yakobs və Eren Elmalı ilə davam etmək qərarına gəlib. Klub rəhbərliyi və texniki heyətin hər iki futbolçunun çıxışından razı qaldığı qeyd olunur.
Bu qərarın isə gənc müdafiəçi Kazımcan Karataşın gələcəyinə təsir etdiyi bildirilir. Mövsümün ikinci yarısını icarə əsasında “RAMS Başakşehir”də keçirən 23 yaşlı futbolçunun daha çox oyun təcrübəsi qazanmaq üçün yenidən komandadan ayrılmağa yaxın olduğu iddia edilir.
Mətbuatda yer alan xəbərlərə əsasən, “RAMS Başakşehir” Kazımcan Karataşı heyətdə saxlamaq niyyətindədir və bunun üçün “Qalatasaray”la danışıqlara başlaya bilər. Eyni zamanda, sarı-qırmızılıların hücumçu Bertuğ Yıldırımın transferi üçün mümkün mübadilə variantında Kazımcanın adını nəzərdən keçirdiyi də bildirilir.
Gənc futbolçu ilə maraqlanan klublar arasında “Samsunspor”un da olduğu vurğulanır. Qara dəniz təmsilçisinin müdafiəçinin vəziyyətini yaxından izlədiyi və transfer üçün addım ata biləcəyi qeyd edilir.
Qeyd edək ki, Kazımcan Karataş ötən mövsüm ərzində həm “Qalatasaray”, həm də “RAMS Başakşehir”in heyətində ümumilikdə 24 oyuna çıxıb. Müdafiəçi bu görüşlərdə 4 məhsuldar ötürmə ilə yadda qalıb.


























