Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qəbələ Rayon Bölməsinin əməkdaşları gənc könüllülərlə birlikdə 27 sentyabr Anım Günü ilə əlaqədar 44 günlük Vətən müharibəsinin qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun Qəbələ şəhərindəki Xatirə Kompleksini ziyarət edib.
Veteninfo.az xəbər verir ki, ziyarət zamanı Vətənimizin müdafiəsi uğrunda canından keçmiş bütün Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Gənc könüllülər qarşısında çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qəbələ Rayon Bölməsinin rəhbəri Sədaqət Bayramova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük müharibədə qazanılmış qələbədən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıb. Sədaqət Bayramova qeyd edib ki, Vətən müharibəsi torpaqlarımızın 30 illik işğalına son qoymaqla yanaşı, xalqımızın milli qürurunu özünə qaytardı.