Azərbaycanın qədim tarixə, təbii gözəlliyə malik məkanlarından biri də İsmayıllı rayonunun Basqal kəndidir. Kənd özünün qədim sənətkarlıq ənənələri ilə də diqqəti cəlb edir.
Basqal kəndinin tarixinə nəzər salsaq dördüncü yüzillikdə mövcud olmuşdur. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub.
Basqal ölkənin mərkəzində və Bakı dan 150 km aralı, dəniz səviyyəsindən 1,081 metr yüksəklikdə yerləşir.Basqalın yaxınlığı əsasən təpəlik olsa da onun şimal-şərqi dağ və cənubu çökəkliklər ilə örtülmüşdür. Basqalın havası il boyu rütubətli və mülayim keçərək,ortalama illik yağıntı miqdarı isə burada 614 mm dir.
Basqal kəndi qədim tarixi mədəniyyətə malikdir, Basqal Qala və məscidləri ilə məşhurdur. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan “qalalar” adlanan ərazi qədim insan məskəni olub.
Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qala divarlarının üzləri bu günədək qalmaqdadır.. “Basqal” toponimi təmiz türk sözüdür və “qala başı”, “qala qur”, “qala yarat”, “qala ucalt”, “baş qala” mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVII əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.
Basqal Azərbaycan SSR Nazirlər Sovetinin 28 iyul 1989-cu il tarixli 316 saylı qərarı ilə Dövlət Tarix və Mədəniyyət Qoruğu elan olunub.
Qəsəbə əhalisi az da olsa sənətkarlıq, ticarət, qismən də heyvandarlıqla məşğul olur. Qədim dövrlərdən etibarən, Basqal ipək toxuculuğu sənətinin mərkəzi olub. Burda milli qadın ipək örtükləri – kəlağayı istehsal olunub.
Basqal kəndi tarixən rəngarəng kəlağayıları ilə də tanınıb. Hazırda Şəkidə istehsal olunan kəlağayıların üzərinə Basqalda ustalar tərəfindən naxışlar vurulur.
Basqal kəndinin hər güşəsi əsrarəngiz təbiəti, qədim tarixi mədəniyyəti, təmiz havası, yüksək qonaqpərvərliyi ilə seçilir.
Həmçinin Basqal kəndi tanınmış adamları, görkəmli şəxsiyyətləri ilə seçilməkdədir. Maqsud Əlisimran oğlu Cavadov fizika-riyaziyyat elmləri doktoru, professor,əməkdar elm xadimi, Kazım Mirheyder oğlu İsmayılov siyasi xadim, Əbdülhəsən Əlibaba oğlu Ələkbərzadə Azerbaycan xalq yazıçısı olmuşdur
Artıq Baskal kəndimizdə nümunəvi turizm məkanına çevriləcəkdir. “Turizm ili” ilə bağlı Tədbirlər Planında Basqal kəndiylə bağlı xüsusi bənd yer alıb. Tədbirlər Planının 38-ci bəndində yerli və xarici turistlər üçün cəlbedici nümayiş obyekti kimi «Basqal» etnoqrafik kənd layihəsinin yaradılması, müvafiq tarix-mədəniyyət obyektlərinin bərpası və müvafiq beynəlxalq nominasiyaya təqdim edilməsi əksini tapıb. Artıq bununla bağlı müəyyən işlərə start verilib. Basqal kəndi qoruq elan edilib və burada tarix-mədəniyyət qoruğu yaradılıb. Əlbəttə, bütün bunlar turizmlə bağlı nailiyyətləri təmin edən əsas amillərdəndir. Basqalın küçələri, evləri yenidən qurulacaq. Kənddə muzey, mədəniyyət mərkəzi yaradılacaq.
Kəndin mərkəzində – «Bazar meydanı» və ya «Bazardüzü» adlanan ərazidə də abadlıq işləri görüləcək: «Bazardüzünün yaxınlığında iki məsciddən hazırda biri fəaliyyət göstərir. 30 il əvvəl yanğından sonra fəaliyyətini dayandıran XVII əsr məscidinin, kənddəki qədim hamamın bərpası nəzərdə tutulub.
Layihə çərçivəsində həyata keçiriləcək işlərdən biri də sənətkarlıq ənənələrini dirçəltmək və yaşatmaqdır. Beləliklə, qədim Basqal kəndimiz nümunəvi turizm məkanına çevriləcəkdir.
Leyla Haşumova
Nəsimi rayon təhsil işçisi