image-reklam-veteninfo
image-img_8725backend

Qurtuluşdan Dirçəlişə: 8 Noyabr Zəfəri

image-reklam-veteninfo

2020-ci ilin payızında Azərbaycan xalqı 30 illik həsrətə son qoyaraq öz torpaqlarını işğaldan azad etdi. 44 günlük Vətən Müharibəsi nəticəsində əldə olunan bu qələbə, regionun geosiyasi mənzərəsini tamamilə dəyişdi və Azərbaycanın hərbi qüdrətini dünyaya nümayiş etdirdi.

Zəfər Gününün məhz 8 noyabrda qeyd olunması təsadüfi deyil. Həmin gün Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhəri işğaldan azad edildi. Şuşanın sıldırım qayalara dırmaşaraq, əlbəyaxa döyüşlərlə azad olunması dünya hərb tarixinə “müasir dövrün ən çətin əməliyyatlarından biri” kimi düşdü. Şuşanın süqutu Ermənistanı təslim olmağa məcbur edən həlledici zərbə oldu.

Qeyd etməliyəm ki, qələbənin siyasi və strateji təməli Prezident İlham Əliyevin sarsılmaz qətiyyəti üzərində quruldu. Müharibənin ilk günündən etibarən o, həm hərbi əməliyyatlara rəhbərlik etdi, həm də xarici təzyiqlərə qarşı polad kimi möhkəm dayandı. Beynəlxalq media platformalarında Azərbaycanın haqlı səsini dünyaya çatdıran dövlət başçısı, hər bir çıxışı ilə xalqda və orduda böyük ruh yüksəkliyi yaratdı. Onun “Qarabağ Azərbaycandır!” şüarı bütün dünya azərbaycanlılarını vahid hədəf ətrafında birləşdirən milli manifestə çevrildi.

Bu tarixi zəfərin arxasında dayanan xalqın öz rəhbəri ətrafında sıx birləşməsi və ordusuna sonsuz inamını,müasir texnologiyalar PUA-lar və yüksək peşəkarlıqla döyüşən Azərbaycan əsgərinin qətiyyəti oldu.

Ordumuzun rəşadəti müasir hərb elmində yeni bir dövr açdı. Əsgər və zabitlərimiz ən çətin relyef şəraitində, düşmənin onilliklər ərzində qurduğu keçilməz istehkamları yararaq irəlilədi. Xüsusilə Şuşa əməliyyatında xüsusi təyinatlılarımızın göstərdiyi qəhrəmanlıq -sıldırım qayaları dırmaşaraq yüngül silahlarla ağır texnikaya qarşı döyüşməsi- ordumuzun fiziki və mənəvi gücünün bariz nümunəsidir. Hər bir qarış torpaq uğrunda gedən döyüşlərdə əsgərimiz “ölmək var, dönmək yoxdur” prinsipini uca tutdu.

Zəfər tariximiz şəhidlərimizin müqəddəs qanı ilə suvarılıb. Onlar öz canlarını vətən yolunda fəda edərək, xalqımıza 30 illik həsrətdən sonra qələbə sevincini yaşatdılar. Hər bir şəhidimiz bir qəhrəmanlıq dastanıdır. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, gələcək nəsillər üçün vətənpərvərlik məktəbi olacaqdır. Biz bu gün azad nəfəs alırıqsa, bunu məhz o igid oğullara borcluyuq.

Döyüşlərdə sağlamlığını itirən, lakin ruhu sarsılmayan qazilərimiz bizim canlı qəhrəmanlarımızdır. Onların keçdiyi döyüş yolu gənclər üçün ən böyük örnəkdir. Dövlətimiz tərəfindən hər bir qazimiz və şəhid ailəsi yüksək diqqət və qayğı ilə əhatə olunur. Onların fədakarlığı heç vaxt unudulmur, çünki qazandığımız bu böyük zəfər onların mətanəti sayəsində mümkün olmuşdur.

Bu gün işğaldan azad edilmiş ərazilərdə sürətli yenidənqurma işləri aparılır, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. 8 Noyabr – həm şəhidlərimizin ruhunun şad olduğu, həm də gələcək nəsillərə miras qalan bir qürur abidəsidir.

Zəfərimiz əbədi olsun!

image-1668423997_arzuman-muradli-11-2

Siyasi şərhçi 

Arzuman Muradlı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki