image-settarbackend

Səttar Möhbalıyev: “Ana dilimizin zənginləşdirilməsi və saflığının qorunması istiqamətində mühüm işlər görülür”

image-reklam_sirab_01

“Xalqımızın sahib olduğu dəyərlərdən biri də onun milli sərvəti hesab olunan dilidir. Məlumdur ki, Azərbaycan dili xalqımızın tarixi qədər qədimdir, dünyanın ən saf və zəngin dillərindən biri hesab olunur. Xalqımızın milli mənlik şüurunun inkişafında, özünüdərkində dilimizin rolu böyük olub, milli ədəbiyyatımızın yaranmasına və inkişafına geniş imkanlar açıb. Digər sərvətləri kimi, xalqımız öz dilini də zaman-zaman müxtəlif təzyiqlərdən qorumuş, inkişaf etdirmiş və zənginləşdirmişdir. Bu gün harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımız bir-biri ilə bu dil vasitəsilə ünsiyyət qurur, öz kimliyini qoruyub saxlayır”.

Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, ana dilimiz xalqımızın varlığının əsas təminatçısı olmaqla onun milli kimliyini müəyyən edən başlıca amillərdəndir və hər birimiz üçün dövlət rəmzlərimiz qədər müqəddəsdir: “Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, yaranmış real tarixi şərait səbəbindən bu, çox da uzun sürmədi. Sovet hakimiyyəti illərində yalnız 1956-cı ildə respublika Konstitusiyasına Azərbaycan dili haqqında maddə qeyd olunmuşdu. Xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etməyə başladığı vaxtdan bütün sahələrdə olduğu kimi milli dilimizin qorunmasi və inkişafı istiqamətində mühüm addımlar atılmağa başladı. Məhz onun effektli və davamlı dil siyasəti xalqımızın bu milli sərvətini kənar müdaxilələrdən, təzyiqlərdən xilas etdi, statusunu artırdı. Bilirik ki, sovet dövründə bu, son dərəcə çətin məsələ idi və böyük cəsarət tələb edirdi. Lakin Heydər Əliyev bu işlərin öhdəsindən şərəflə gəlirdi. Ana dilinin qorunması, zənginləşdirilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına xüsusi diqqət göstərir, bu istiqamətdə önəmli və cəsarətli qərarlar verirdi. Sovet İttifaqında milli dillərin sıxışdırılması məsələsi həmişə aktual idi, o cümlədən 1970-ci illərdə. Ulu Öndər Heydər Əliyev heç nədən çəkinməyərək dil məsələsində öz mövqeyini qəti şəkildə ortaya qoydu. Belə ki, 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bu addım Vətənimiz, xalqımız qarşısında Heydər Əliyevin böyük tarixi xidmətlərindən biridir. O, Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərirdi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılmasına çalışırdı”.

 

“1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Həmçinin dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında imzalanmış fərman və sərəncamlar, 2003-cü ildə Azərbaycan Respublikasının Dövlət Dili Haqqında Qanunun qəbul edilməsi müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır, dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları ehtiva edir, dünya azərbaycanlılarının öz ana dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bütün bunlar Uu Öndərin bu sahənin inkişafına göstərdiyi diqqət və dəstəyin bariz nümunəsidir”, – Milli Məclisin deputatı bildirib.

 

“Dövlətimizin başçısı cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, dövlətimizin dil siyasətində də Ulu Öndərimizin siyasi xəttinə sadiqlik nümayiş etdirir və bu sahəni hər zaman diqqətində saxlayır, inkişafının təmin olunması üçün müvafiq addımlar atır. Bu həm də cənab İlham Əliyevin xalqına, onun dilinə, milli-mənəvi dəyərlərinə olan dərin hörmətinin təzahürüdür. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin nəşri ana dilimizin hərtərəfli geniş tətbiqini mütərəqqi şəkildə gerçəkləşdirib. 2013-cü ildə milli və mənəvi varlığımızın aynası olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasına gətirib çıxarıb. Ümumiyyətlə, hər birimiz ana dilimizin qorunması və inkişafı naminə səylə çalışmalıyıq, bu, bizim müqəddəs borcumuzdur”, – S.Möhbalıyev qeyd edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki