Azərbaycan tarixində adı qəhrəmanlıq salnaməsinə çevrilən qadınlardan biri də Qaçaq Süleyman kimi tanınan Qaçaq Gülsümdür.
1863-cü ildə Şəmkir bölgəsində anadan olan Gülsüm kasıb bir ailədə böyüyüb. Rəvayətə görə, bir gün çar məmurları ailədən əlavə vergi tələb edir. Mübahisə zamanı Gülsüm atasına qarşı edilən təhqirlərə dözməyərək iki məmuru silahla öldürür. Bundan sonra o, həbs olunmamaq üçün dağlara çəkilir və kişi geyimində yaşayaraq “Qaçaq Süleyman” adı ilə tanınmağa başlayır.
Qaçaq Süleyman təkcə çar hakimiyyətinə qarşı deyil, həm də əhaliyə zülm edən yerli məmurlar və silahlı dəstələrlə mübarizə aparır. Qısa müddətdə ətrafına tərəfdarlar toplayaraq bölgənin ən məşhur qaçaqlarından birinə çevrilir.
Onun yaxın silahdaşlarından biri Qaçaq Kərəm olub. Bir müddət sonra Gülsüm İran ərazisində yaxalanaraq həbs edilir. Lakin Qaçaq Kərəmin təşəbbüsü ilə onun əslində Qaçaq Süleyman olduğu müəyyənləşdirilir və azadlığa çıxmasına kömək edilir.
Mənbələrdə qeyd olunur ki, Gülsüm bir müddət Təbrizdə yaşayıb. Həmin dövrdə onun dəstəsində sonradan Sovet İttifaqının rəhbəri olacaq İosif Stalinin də müəyyən müddət fəaliyyət göstərdiyi iddia edilir. Stalin Qaçaq Süleymanın qadın olduğunu bilən azsaylı şəxslərdən biri olub. Vaxtilə çətin vəziyyətdə olan Stalini xilas edən Gülsüm onu öz dəstəsinə götürür.
Sonrakı illərdə Gülsüm bir müddət Türkiyənin Bitlis bölgəsində yaşayıb, daha sonra yenidən vətənə qayıdıb. Onun qadın olduğu faktı uzun müddət silahdaşlarından gizli qalıb.
1918–1920-ci illərdə bölgədə baş verən qarşıdurmalar zamanı Gülsümün erməni silahlı dəstələrinə qarşı döyüşdüyü də qeyd olunur. Sovet hakimiyyəti qurulduqdan sonra isə o, təqiblərdən uzaq bir həyat sürüb. Lakin 1930-cu ildə yenidən silaha əl atmalı olur. Kəndə gələn erməni polislər onun gəlinini təhqir edir. Bundan qəzəblənən Gülsüm ermənilərin ikisini də öldürür. Məhkəmədə isə onun tutulması xəbərini Stalinə çatdırlmasını istəyir. Xəbər Stalinə çatan kimi onun dərhal azad edilməsi əmr edilir.
Gülsüm 1960-cı ildə, təxminən 98 yaşında vəfat edib. O, Azərbaycanın igid və cəsur qadınlarından biri kimi xalq yaddaşında qalmaqdadır.
Qoşqar Salmanlı


























