İtaliyanın Baş naziri Corciya Meloninin 2026-cı ilin may ayında Azərbaycana reallaşdırdığı səfər həm ikitərəfli münasibətlər, həm də Avropanın enerji və nəqliyyat arxitekturası baxımından strateji əhəmiyyət kəsb edir. Səfər regionda vəziyyətin gərgin olduğu zamanda baş tutmuşdur. İranda baş verən müharibədən sonra İtaliya kimi Avropanın aparıcı ölkəsinin liderinin Azərbaycana səfər etməsi ölkəmizin regionun açar dövləti olduğunu bir daha sübut edir. Digər tərəfdən, İtaliya hazırda Azərbaycanın dünyadakı ən böyük ticarət tərəfdaşı və enerji resurslarının əsas alıcısıdır. Bu səfərin əhəmiyyətini xüsusi olaraq artırır. Meloni üçün Bakıda həllini gözləyən əsas 2 məsələ var idi. Birincisi, İtaliya Azərbaycan qazını Avropaya çatdıran Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyətinin artırılmasında birbaşa maraqlıdır. 2026-cı ilin yanvarından etibarən Azərbaycan qazının İtaliya vasitəsilə Avstriya və Almaniyaya ötürülməsinə başlanması İtaliyanın Avropada bir “enerji qovşağı” statusunu möhkəmləndirir. İkinci məsələ isə İtaliya neft tələbatının böyük hissəsini Azərbaycanın hesabına ödəyir. Bu rəqəm bəzi hallarda 50 faizi keçir. İtaliya həmçinin bu rəqəmin artırılmasında maraqlıdır. Meloninin səfəri həm də qlobal “yaşıl keçid” dövrünə təsadüf edir. İtaliya müxtəlif şirkətləri Xəzər dənizindən Avropaya çəkiləcək “Yaşıl Enerji Dəhlizi” layihəsində texniki-iqtisadi əsaslandırma işlərində aktiv iştirak edir. Meloni bu səfərlə İtaliyanın bərpa olunan enerji sahəsindəki təcrübəsini Azərbaycanın geniş potensialı ilə birləşdirmək istəyir. Səfərin diplomatik məqsədi isə İtaliyanın bölgədə tarazlıq yaratmaq cəhdidir. Fransa regionda Ermənistana meyilli siyasət apardığı üçün İtaliyada Azərbaycanla əlaqəni gücləndirərək balans yaratmağa çalışır. Digər tərəfdən, İtaliya Azərbaycanı Mərkəzi Asiyaya açılan strateji bir qapı kimi görür. “Orta Dəhliz” layihəsi çərçivəsində logistik imkanların müzakirəsi Meloninin gündəmində mühüm yer tutur. Rəsmi Romanın ölkəmizdə böyük iqdisasi maraqları da mövcuddur. İtaliya şirkətləri (məsələn, “Leonardo”, “Maire Tecnimont”) Azərbaycanda hərbi, sənaye və kənd təsərrüfatı layihələrində aktivdir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma işlərində İtaliya şirkətlərinin iştirakının genişləndirilməsi (Zəfər muzeylərinin dizaynından tutmuş, kənd təsərrüfatı komplekslərinə qədər) Meloninin iqtisadi diplomatiyasının bir hissəsidir. Bunu görə də İtaliyanın hökumət rəhbərinin səfəri bölgədə yeni reallıqlarını artıq dünyanın aparıcı ölkələri tərəfindən qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir.
Əfsanə İbrahimova
YAP fəalı


























