image-abidebackend

        Tarixi abidələrin bərpası

image-reklam_sirab_01

Abidələr və tarixi yerlərimiz öz görkəmləri ilə xalqımızın zəngin tarixini bir daha əyani nümayiş etdirir. Bizə hər an kimliyimizi, nəyə qadir olduğumuzu xatırladır, vətən sevgisi və ona sadiqlik hisslərini aşılayır.

Abidələr xalqın daş yaddaşıdır. Onları qorumaq, abad saxlamaq və gələcək nəsillərə ötürmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

Tarixi abidələrin bərpası və qorunmasına xüsusi diqqət göstərmiş, bu işlərə dövlət dəstəyini əsirgəməmiş ümummilli lider Heydər Əliyevin qoyduğu ənənəni bu gün Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkə daxilində və xaricində böyük işlər həyata keçirilməklə davam etdirir. Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub.

Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Hazırda dünyada baş verən siyasi proseslər nəticəsində minlərlə abidə məhv olmaq təhlükəsindədir. Abidələr və tarixi yerlərin məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməyib.

Torpaqlarımızın 20 faizini işğal altında olduğu zaman Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlarda 13 dünya əhəmiyyətli – 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatirə abidələri, sənət nümunələri qalıb.

Vətən müharibəsinin başlanmasından bir il ötür. Tarix üçün qısa olan bu müddətdə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar azad edilmiş ərazilərimizin bərpası istiqamətində aparılan işlərdə də əks olunur. Müharibə bitər-bitməz ərazilərin bərpasına başlandı. Çox qısa müddətdə Qarabağın qapısı adlanan Füzulidə yeni hava limanının tikilməsi, işğaldan azad edilən ərazilərdə bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən elektrik enerjisi ilə təminat və yol infrastrukturunun yenidən qurulması olduqca təqdirəlayiqdir. Bütün bunlar onu göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan dövləti üçün prioritet məsələdir.

Prezident İlham Əliyevin təşəbbüsü və tapşırıqlarına əsasən, ərazilərin bərpa edilməsi və yenidən qurulması ilə bərabər, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması da nəzərdə tutulur.

Bu gün bölgənin elektrik enerjisi ilə tam təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Vətən müharibəsi başa çatdıqdan cəmi bir neçə ay sonra Qarabağın elektrik enerjisi zəncirinin əsas hissələrini təşkil edən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyası, 110/35/10 kilovoltluq Şuşa, Füzuli və Şükürbəyli yarımstansiyalarının işə salınması proseslərin sürətlə aparılmasının göstəricisidir. Cəbrayıl rayonu ərazisində – Araz çayı üzərində yerləşən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Ağdam və Şuşa şəhərinin baş planı təsdiq olunub. Şuşa şəhəri tamamilə yenidən qurulur. Bunu uzun illərdir erməni separatçılarının girovluğunda saxlanan erməni xalqının nümayəndələri də görür. Məhz bunun nəticəsidir ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə Azərbaycanın Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb, onların da Şuşada aparılan quruculuq işlərinə cəlb olunmalarını xahiş ediblər. İşsizlik, səfalət və ümidsiz vəziyyətdə yaşayan insanlar üçün Azərbaycan dövlətinin həyata keçirdiyi layihələrdə işləmək ümid yeridir.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərimizin bərpasını və yenidən qurulmasını strateji vəzifə kimi müəyyən edib və bu prosesdə müasir innovativ yeniliklərin tətbiq edilməsini əsas hədəflərdən biri kimi irəli sürüb. Bu istiqamətdə görülən işlər artıq dünya mediasının da diqqət mərkəzindədir.

Suraxanı qəsəbəsindəki “Atəşgah” məbədində və Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı türbəsində eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə birlikdə arxeoloji tədqiqat işləri də aparılıb. Suraxanı qəsəbəsindəki “Atəşgah” məbədində aparılmış arxeoloji qazıntı işləri zamanı od quyuları, daşdan tikilmiş qaz xətləri, qaz anbarı, su quyusu və s. maraq kəsb edən mədəni təbəqələr aşkar olunub.

Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı kompleksində aparılan arxeoloji qazıntı işləri zamanı kaşılarla bəzədilmiş sərdabələr, karvansara qalıqları, kompleksin mühafizə divarlarının qalıqları aşkar olunub. Hazırda ərazidə qazıntı işlərinin davam etdirilməsi planlaşdırılır. Hazırlanan layihədə aşkar olunan abidələrin bərpası və ya konservasiyası, həmçinin ərazidə abadlıq işlərinin aparılması nəzərdə tutulur ki, bu layihə əsasında artıq abidədə işlərə başlanılıb.

Bu gün qürurla deyə bilərik ki, qaçqın və məcburi köçkünlərin 30 illik həsrətlərinə və əziyyətlərinə son qoyulub. Ərazilərin sürətlə bərpa olunması və müharibədən əvvəl orada yaşamış bütün insanların doğma yurdlarına qayıtmaları üçün işlər aparılır. İnanırıq ki, tezliklə 30 illlik həsrət sona çatacaq, sönmüş ocaqlarda həyat yenidən qaynayacaq.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti. Fatimə Talıbzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki