image-27backend

Tarixi həqiqətlərin hüquqi müstəvisi

image-reklam_sirab_01

XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmişdir. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmisi 23 ay sürmüşdür. 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanda onun qorunub saxlanılması heç də asan olmamışdır.Xalqın iradəsi ilə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başlamışdı.Azərbaycan Respublikasının müstəqilliyini dünya dövlətləri tanıdı. 1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olundu, bu təşkilatın qəbul və təsdiq etdiyi bir çox mühüm beynəlxalq konvensiya və paktlara qoşuldu.Erməni hərbi hissələri Rusiya qoşununun köməyi ilə azərbaycanlılar yaşayan kəndlərə hücumu genişləndirirdi. Onlar 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndlərini ələ keçirdilər. Xocalı və Şuşanın mühasirəsi getdikcə daralırdı. Yeni yaranmağa başlayan Azərbaycan ordusunun hissələri, xüsusi təyinatlı milis və özünümüdafiə dəstələrinin müqavimət tədbirləri nizamsızlıq, əlaqəsizlik, satqınlıq üzündən baş tutmurdu.

1992-ci ilin fevralın 26-na keçən gecə ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. Xocalı faciəsi ölkədə siyasi gərginliyi daha da artırdı. Ali Sovetin binası qarşısında çoxminli izdihamlı mitinqə toplaşmış xalqın tələbi ilə parlamentin 1992-ci il martın 5-6-da keçirilən fövqəladə sessiyasında prezident Ayaz Mütəllibov istefa verməyə məcbur oldu.

İctimai bazası zəif olan, lakin cəbhələrdə vəziyyətə əsaslı təsir etmək imkanına malik silahlı dəstələrə arxalanan qüvvələr çəkişməsinin növbəti qurbanı Şuşa və Laçın oldu.

Bütün bunlar siyasi vəziyyəti daha da gərginləşdirdi. Tərəfdarları eks-prezidenti mayın 14-də parlament sessiyasında yenidən öz vəzifəsinə qaytardılar. Ayaz Mütəllibov dərhal ölkədə fövqəladə vəziyyət tətbiqi haqqında fərman verdi. Lakin demokratik qüvvələr parlamentin 14 may tarixli qərarını konstitusiyaya zidd hesab etdilər və onu yenidən totalitarizmə qayıdış kimi qiymətləndirdilər. AXC-yə tabe olan hərbi hissələr cəbhə bölgələrindən Bakıya gətirilmişdi. Xalq Cəbhəsi Parlamentə öz qərarını ləğv etmək tələbi ilə ultimatum verdi. Ultimatum müddəti qurtarandan sonra mitinqçilər hərbçilərin köməyi ilə Ali Sovetin binasına doğru yürüş etdilər. Cəbhə tərəfdarları, demək olar ki, müqavimətsiz Parlament binasına daxil oldular. Müxalifət qüvvələri respublika teleradio şirkətini, digər mühüm obyektləri, habelə Prezident aparatı binasını ələ keçirdilər. Parlamentin 18 may sessiyasında Xalq Cəbhəsi liderlərindən biri olan İsa Qəmbər Respublika Ali Sovetinin sədri seçildi. Bu sessiyada parlament səlahiyyətinin Milli Məclisə verilməsi haqqında qərar qəbul edildi.

1992-ci il iyunun 7-də Azərbaycan Respublikası Prezidentliyinə seçkilər keçirildi. Respublikanın Prezidenti Azərbaycanın Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy oldu. Xalq Cəbhəsinin hakimiyyəti ələ keçirməsi bu təşkilatın daxildən parçalanmasını və zəifləməsini daha da sürətləndirdi. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti dövründə respublikada siyasi və iqtisadi böhran dərinləşdi. İdarəçilik işinə əsasən təcrübəsiz, siyasi cəhətdən qeyri-yetkin adamlar gətirildi. Dövlətçilik dağılmağa başladı.

Azərbaycan Respublikasına təzyiq göstərib onu MDB-yə qoşmaq, ordularını yenidən Azərbaycana yeritmək üçün Rusiya artıq açıqca erməni tərəfini dəstəkləməyə başlamışdı. Aprelin 3-də Kəlbəcər düşmən tərəfindən işğal olundu.

AXC-Müsavat iqtidarı, əvvəlki iqtidar kimi, səriştəsiz xarici siyasəti ilə Azərbaycanın beynəlxalq mövqelərini daha da zəiflətdi. Mövcud iqtidar isə bu geosiyasi məkanda və respublikanın sərvətlərində marağı olan bütün xarici siyasi qüvvələri nəzərə alıb, qarşılıqlı şəkildə neytrallaşdırmaq əvəzinə məsuliyyətsiz bəyanatlar verir, qonşu dövlətlərlə münasibətləri daha da kəskinləşdirirdi.

Xalq bütün ümidini iqtidarın hər vəchlə hakimiyyətdən uzaqlaşdırmağa çalışdığı Naxçıvan MR Ali Məclisinin sədri, dünyada ağıllı və tədbirli bir siyasətçi kimi tanınmış Heydər Əliyevə bağlamışdı.

Heydər Əliyev blokada şəraitində olan Naxçıvan MR-i müvəffəqiyyətlə idarə edirdi. Onun rəhbərliyi altında Muxtar Respublikada dövlət quruculuğu, hakimiyyət və idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm işlər görüldü. Mövcud siyasi böhran aradan qaldırıldı. İqtisadi islahatlar keçirildi, sahibkarlığın inkişafı üçün müəyyən şərait yaradıldı. Hərbi quruculuq məsələlərinə xüsusi diqqət yetirildi. Keçmiş sovet ordusunun bu ərazidəki bütün silahları və texnikası alınıb Milli Ordu hissələrinə verildi.

Heydər Əliyevin müstəqil, tarazlı və cəsarətli siyasət yeritməsi bütün Azərbaycan xalqının diqqətini cəlb edir, ona ümidləri artırırdı. İqtidar isə onun siyasətini separatçılıq kimi qiymətləndirir və Naxçıvan MR-də hakimiyyət çevrilişi etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd edirdi. Xalq xilas yolunu Heydər Əliyevin ölkəyə rəhbərliyində gördüyü halda Xalq Cəbhəsi üzvləri, habelə hakimiyyəti itirmiş qüvvələr və onların əlaltıları arasında didişmə, satqınlıq, xəyanət yolu ilə, hətta Azərbaycanın müstəqilliyi bahasına hakimiyyəti ələ keçirmək cəhdləri baş alıb gedirdi.

Gəncədə 1993-cü il 4 iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Ölkə vətəndaş müharibəsinə sürükləndi. Bununla yanaşı xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşırdı. Xalqın nümayəndələri, qabaqcıl ziyalılar dəfələrlə Naxçıvana gedib onun yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 1992-ci il oktyabrın 16- da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi.

AXC-Müsavat iqtidarı uzun müddət bu məsləhətlərə məhəl qoymayıb öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün siyasi manevrlər etdi. Gəncədə danışıqlar aparmaqla hərbi müxalifəti neytrallaşdırdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Öz siyasi bacarıqsızlığı ilə ölkəni vətəndaş müharibəsi, ictimai-siyasi pərakəndəlik vəziyyətinə gətirib çıxarmış AXC-Müsavat komandası Heydər Əliyevə bu mürəkkəb problemləri aradan qaldırmaqda köməkçi olmaqdansa, müxalifətə keçdi. İyunun 17-dən 18-ə keçən gecə Prezident Əbülfəz Elçibəy Bakını gizlicə tərk edib Naxçıvan MR-ə, doğulduğu Kələki kəndinə getdi. Milli Məclis iyunun 23-də prezident səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi.

Başlanmış vətəndaş müharibəsini dayandırmaq, müxalif tərəflər arasında anlaşma yaratmaq məqsədilə siyasi idarəçilik bacarığı olmayan, xarici dövlətin xüsusi orqanlarının və revanş almaq istəyən qüvvələrin əlində oyuncağa çevrilmiş, lakin real silahlı gücə malik olan Surət Hüseynovu öz nəzarəti altında saxlamaq məqsədilə Heydər Əliyev onu baş nazir vəzifəsinə təyin etdi. Rusiyanın anti-Azərbaycan qüvvələrinə arxalanan polkovnik Əlikram Hümbətov Lənkəranda başçılıq etdiyi hərbi hissələrin köməyi ilə hakimiyyəti devirmişdi. Avqustun 7-də cənub bölgəsində üzdəniraq “Talış Muğan Respublikası” yaradıldığı elan olunmuşdu. “Hökumət” təşkil edilmişdi. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq, problemin dinc vasitəiərlə həllinə üstünlük verdi. Avqustun 17-də Milli Məclis Lənkəran hadisələrinə siyasi qiymət verdi, onu Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin siyasi oyunu kimi ifşa etdi. Cənub rayonları əhalisinin etiraz hərəkatı genişlənib avqustun 21-23-də elə miqyas aldı ki, Ə. Hümbətov qaçmalı oldu. Üzdəniraq “respublika” ləğv edildi.

Xalq öz rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşməyə başladı. Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident Əbülfəz Elçibəyə etimad haqqında referendum keçirildi. Referendumda iştirak edənlərin 97,5 faizi prezidentə etimadsızlıq göstərdilər.

1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün Azərbaycan xalqının Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir daha nümayiş etdirdi.

Yenə də torpaqların düşmənə verilməsi ilə ölkədə siyasi böhran yaranacağına, hakimiyyət çevrilişi olacağına ümid edənlərin və hakimiyyəti ələ keçirmək istəyənlərin cinayətkar satqınlığı nəticəsində 1993-cü ilin yayında və payızında Azərbaycanın ərazi bütövlüyünə yeni zərbələr vuruldu. İyunun 25-dən 26-a keçən gecə nizami silahlı qüvvələr döyüş meydanından çıxarıldı. İyulun 23-də səhər əsasən yerli özünümüdafiə dəstələrinin gücü ilə 43 gün düşmənlə qanlı döyüşlər aparmış Ağdam şəhəri süqut etdi.

Surət Hüseynova, Əlikram Hümbətova, Rəhim Qazıyevə və Xalq Cəbhəsinə sadiq hərbi hissələrin təxribatı nəticəsində avqustun 25-də Cəbrayıl və Füzuli, avqustun 31-də Qubadlı rayonları işğal olundu. Mühasirəyə düşmüş Zəngilan rayonu oktyabrın 27-də düşmən əlinə keçdi. Respublika ərazisinin artıq 20 faizi düşmən tapdağı atında qalmışdı. Ermənilər “torpağı viran qoymaq” taktikasına əl atmışdılar. Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 5 min nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi.

İşğal olunmuş ərazilərdən erməni ordularının dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələbi BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində öz əksini tapsa da, Ermənistan müxtəlif bəhanələrlə onları yerinə yetirməkdən imtina edirdi.

Azərbaycan dövlətçiliyinin bərpa və inkişaf etdirilməsinə, ictimai-siyasi sabitliyin, ərazi bütövlüyünün təmin olunması kimi mürəkkəb işə dövlət intizamının, qanunçuluğun, hüquq-mühafizə orqanlarının, ordunun daha da möhkəmləndirilməsindən başlandı.

İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq iqtisadi və maliyyə sisteminə inteqrasiyaya istiqamət götürən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yoluna qədəm qoymağa imkan yaratdı.

Məhz Heydər Əliyevin xilaskar missiyası sayəsində bu gün yaranmasının 20 illiyini bayram etdiyimiz Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı. Onun rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində ölkə dinc inkişaf yoluna qədəm qoydu. Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının, hüquqi dövlət quruculuğunun əsası, beynəlxalq aləmdə artan nüfuzunun təməli ümummilli lider Heydər Əliyevin ölkəmizə başçılıq etdiyi illərdə qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Nəsimi rayon gənci: Bayramova Şəbnəm


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki