image-1backend

Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurları

image-reklam_sirab_01

Azərbaycan və Rusiya Prezidentlərinin siyasi iradəsi və birgə səyləri ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün möhkəm zəmin yaradır
Rusiya və Azərbaycan tarixən qonşu və dost ölkə olub. Bu gün bu dostluq iki dövlətin Prezidentləri, eləcə də xalqları səviyyəsində ən yüksək səviyyədə davam edir. Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsində Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin şəxsi dostluğunun xüsusi rolu var. Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfəri bunu bir daha əyani göstərdi. Səfər çərçivəsində Prezident İlham Əliyev Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşüb. Həmçinin dövlətimizin başçısı Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Cənab Prezident çıxışında Rusiyada Ulu öndər Heydər Əliyevin xatirəsinə və fəaliyyətinə verilən dəyəri yüksək qiymətləndirib: “Rusiya rəhbərliyinin, həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiramı Azərbaycan xalqı yüksək qiymətləndirir. Ulu Öndər Heydər Əlirza oğlu Əliyev vaxtilə Ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib”.
İki dövlətin Prezidentlərinin siyasi iradəsi və birgə səyləri ölkələrimiz arasında əlaqələrin genişlənməsi üçün möhkəm zəmin yaradır. Buna görə də bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edən Azərbaycan və Rusiya arasında əlaqələr strateji səviyyədədir. 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri tərəfindən Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Prezident İlham Əliyev çıxışında bu haqda da danışıb: “Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanmış əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”. Bəyannaməyə əsasən, iki ölkənin ticarət-iqtisadi əlaqələrinin davamlı artımının təmin edilməsi üçün vacib əhəmiyyəti olan Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya işi hərtərəfli şəkildə davam edirir. Hazırda iki ölkə arasında bütün sahələr, o cümlədən iqtisadi sahə üzrə əməkdaşlıq dərinləşdirilərək irimiqyaslı tədbirlər keçirilir.
Bütün bunlarla yanaşı, dövlət başçılarının tapşırığına uyğun olaraq 2024-cü ilədək olan dövr üçün Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə Yol xəritələri hazırlanıb. Bu ilin yanvarın 22-də Bakıda Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi imzalanıb. Məqsəd ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsidir. Sənədi Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk imzalayıblar. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.
Yol Xəritəsi ticarət-iqtisadi və investisiya qoyuluşu, nəqliyyat, sənaye, aqrar və qida təhlükəsizliyi, enerji, turizm, humanitar və sosial, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur. Yol xəritələrinin icra olunduğu 2018-2023-cü illəri əhatə edən dövrdə ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yük daşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və bir çox digər istiqamətlərdə əməli addımlar atılıb. Görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı dinamikası təmin edilib, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq ötən il 4,3 milyard ABŞ dollarından çox təşkil edib. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.
Bu gün Azərbaycan-Rusiya dostluq əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Hazırda iki dövlət arasında qarşılıqlı fəaliyyət və dostluq möhkəmlənməkdə davam edir. Bu da xalqlarımızın davamlılığına və inkişafına töhfə verir.

         Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki