Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. Həmin gün Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında təkbətək görüş keçirilib.
“Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. Azərbaycan dövlətinin başçısı vurğulayıb: “Biz əlaqələrimizin inkişafından çox razıyıq. Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında burada – Kremldə imzaladığımız və əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”. Azərbaycan və Rusiyada keçirilən prezident seçkilərindən sonra İlham Əliyevlə Vladimir Putinin ilk şəxsi görüşünə səbəb olan rəmzi hadisə Baykal-Amur magistral xəttinin tikintisinə başlanmasının 50 illiyi oldu.
Görüşdə Vladimir Putin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard dolları ötüb, Azərbaycan iqtisadiyyatına Rusiya investisiyaları isə 6 milyard dollar təşkil edib: “Hökumətlərarası komissiya fəal işləyir və əməkdaşlığın bir çox maraqlı istiqamətləri var – həm real sektorda, həm də iqtisadi əməkdaşlıqda. Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb”. Vladimir Putin Ulu Öndər Heydər Əliyevin BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyaya sədrlik etdiyini xatırladaraq bildirib: “Demək olar ki, o, ən böyük layihələrdən birinin, bütün Sovet İttifaqı üçün çox vacib layihə olan BAM-ın rəhbəri olub. Biz buna görə ona çox minnətdarıq və onun əziz xatirəsini yad edirik”.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri iki prezidentin 2024-cü ildə yenidən seçildikdən sonra ilk üz-üzə təmasıdır. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması və Ermənistanla sərhədin demarkasiyası və delimitasiyası zamanı dörd kəndin Azərbaycana qaytarılması İrəvanın Qərblə yaxınlaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında işini dayandırmış üçtərəfli danışıqlar formatını canlandırmaq şansı verir. İlham Əliyevdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada İrəvanın xarici siyasət strategiyası ilə bağlı ciddi söhbəti gözlənilir.
Rusiyada və Azərbaycan rəhbələri arasında şəxsi təmaslara tez bir zamanda başlamaq zərurəti Cənubi Qafqazda dəyişən vəziyyətlə diktə olunur. Bu vəziyyət qeyri-sabit görünür və rəqabət aparan oyunçuların – bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Qərbin iştirakı ilə regionun inkişafı və təhlükəsizliyinin təmin edilməsi üçün bir neçə alternativ ssenarilər açır.
Prezidentlər Vladimir Putin və İlham Əliyev arasında Moskvada keçirilən danışıqlar ərəfəsində böyük beynəlxalq rezonans və BMT, ABŞ, Aİ, Türkiyə rəhbərliyinin reaksiya dalğasına səbəb olan ikinci hadisə ötən cümə günü Ermənistanın şimal-şərqində Bakının nəzarətinə keçəcək dörd kəndin ərazisində sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı əldə olunmuş razılaşma oldu. Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə sərhəddə baş tutan görüşdə tərəflər bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqləyiblər. Yeni sərhədlər yaratmadan, əksinə SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri de-yure bərpa etmək qərara alınıb.
Ramin Əhmədov
Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri