Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə Təşəbbüs qrupları arasında “Futbol Çempionatı”na start verilib.
Turnirlə bağlı ictimai müraciət elanı verildikdən sonra 21 Təşəbbüs qrupu çempionatda iştirak etmək üçün onlayn qeydiyyatdan keçib. Onlar arasından 16 Təşəbbüs qrupunun formalaşdırdığı futbol komandası qoyulmuş qayda və kriteriyalara cavab verdiyi üçün çempionata buraxılıb.
Seçim mərhələsindən sonra “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində püşkatma mərasimi baş tutub. Püşkatma nəticəsində çempionatın rəqib komandaları müəyyənləşib.
Turnir A və B qruplarının hər birində 8 komandanın iştirakı ilə baş tutan qrup mərhələsi, 1/6, yarımfinal və final oyunundan ibarətdir.
Artıq turnirin 24 oyunundan 12-si geridə qalıb. Nəticədə 12 komanda növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, layihənin məqsədi Təşəbbüs qruplarını idmanın birləşdirici fəlsəfəsi ilə bir araya gətirmək, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyini təmin etmək, gənclər arasında sağlam həyat tərzinin təşviqi və onların asudə vaxtının səmərəli keçirilməsinə töhfə verməkdir.