image-reklam-veteninfo
image-1backend

Ukrayna  özü “Patriot”a alternativ ballistik raketdən müdafiə sistemi hazırlayır

image-reklam-veteninfo

Ukraynanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Fire Point” şirkəti Rusiya ballistik raketlərini zərərsizləşdirmək üçün yeni raketdən müdafiə sistemi üzərində işləyir. Vətəninfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Tagesspiegel” nəşri məlumat yayıb.

Məlumata görə, hazırda Ukrayna ballistik raket hücumlarına qarşı effektiv müdafiə vasitələrinin çatışmazlığı ilə üzləşir. Bu sahədə ən səmərəli sistemlərdən biri ABŞ istehsalı olan “Patriot” kompleksləri hesab edilsə də, onların sayı məhduddur və tutucu raketlərin hər biri bir neçə milyon dollara başa gəlir.

“Fire Point” şirkətinin rəhbəri İrina Terek iyunun əvvəlində FP-7.X adlı tutucu raketin sınaqlarının keçirildiyini açıqlayıb və buraxılış görüntülərini ictimaiyyətlə bölüşüb. Bildirilir ki, həmin raket “Freya” adlı yeni raketdən müdafiə kompleksinin əsas elementi olacaq. Kompleksə hədəflərin aşkarlanması üçün radar sistemi də daxil ediləcək.

Şirkət yeni sistemin 2027-ci ilin sonuna qədər döyüş istifadəsinə hazır olacağını gözləyir. İrina Terek bu məqsədin olduqca iddialı göründüyünü etiraf etsə də, layihənin uğurla başa çatdırılması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.

Raket texnologiyaları və müdafiə siyasəti üzrə ekspert Fabian Hoffmann layihənin perspektivli olduğunu qeyd edib. Onun sözlərinə görə, şirkət hər biri 1 milyon dollardan aşağı qiymətə başa gələn tutucu raketlər hazırlamağı hədəfləyir.

Ekspert hesab edir ki, ballistik hədəfin vurulma ehtimalını 90 faizə çatdırmaq üçün ümumi dəyəri təxminən 14,6 milyon dollar olan iki “Patriot” raketindən istifadə oluna bilər. Eyni nəticənin isə təxminən 4 milyon dollar dəyərində dörd “Fire Point” raketi ilə əldə olunması mümkündür.

Bununla belə, Hoffmann müasir raketdən müdafiə sistemlərinin hazırlanmasının son dərəcə mürəkkəb proses olduğunu vurğulayıb. O xatırladıb ki, “Patriot” sistemi 1967-ci ildən inkişaf etdirilməyə başlanıb, 1984-cü ildə istifadəyə verilib və indiki effektivlik səviyyəsinə çatması üçün onilliklər ərzində sınaq və modernləşdirmə işləri aparılıb.

Ekspertin sözlərinə görə, Avropanın SAMP/T raketdən müdafiə sistemi də oxşar inkişaf yolu keçib. Bu baxımdan əsas sual “Fire Point” şirkətinin qarşıya qoyduğu hədəflərə nəzərdə tutulan müddətdə nail olub-olmayacağıdır.

“Əgər Fire Point verdiyi vədləri yerinə yetirmək istəyirsə, o zaman bu sahədə mövcud olan tarixi təcrübəni dəyişməli olacaq”, – deyə Hoffmann bildirib.

Daha əvvəl “Fire Point” şirkətinin həmtəsisçisi və baş konstruktoru Denis Ştilierman Ukraynanın öz peyk şəbəkəsinin yaradılmasına başladığını açıqlamışdı. Onun sözlərinə görə, ilk iki peyk artıq orbitə çıxarılıb. Şirkət 2027-ci ilə qədər daha onlarla peykin kosmosa buraxılmasını planlaşdırır. Bu layihənin Ukraynanın ABŞ və Qərbin özəl kosmik şirkətlərindən asılılığını azaltmağa kömək edəcəyi bildirilir.

Şirkət həmçinin Ukraynanın öz ballistik raket proqramı üzərində işlədiyini də bəyan edib. Bununla yanaşı, layihələrin tam həyata keçirilməsi üçün böyük maliyyə vəsaitinə ehtiyac olduğu vurğulanır. Ukrayna Milli Elmlər Akademiyasının aparıcı tədqiqatçısı Valeri Romanenko isə bu planların reallaşması ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirərək onların perspektivlərini şübhə altına alıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki