Beynəlxalq axtarışda olan və dələduzluqda ittiham edilən Azərbaycan vətəndaşı Polşa Respublikasında tutularaq Azərbaycana ekstradisiya edilib.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən şəxsin yeri Polşada müəyyənləşdirilib və oktyabrın 1-də onun Azərbaycana ekstradisiyası həyata keçirilib.
Söhbət 2023-cü ildə tamah niyyətilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək, zərərçəkmiş şəxslərə yalan vədlər verməklə onlara külli miqdarda ziyan vurmaqda ittiham olunan Rüstəmov Zirəddin Elçin oğlundan gedir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilir.
Baş Prokurorluğun sorğusu və aparılan danışıqlar nəticəsində onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Rüstəmov Zirəddin Elçin oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Polşanın Varşava şəhərindən Azərbaycana gətirilib.
Məhkəmənin həbs qərarına əsasən, o, müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq axtarışda olan şəxslərin tutulması və Azərbaycana gətirilməsi istiqamətində tədbirlərin davam etdirildiyi bildirilib.


























