Türkiyədə yaşayan tanınmış müğənni, bəstəkar Emin Sabitoğlunun həyat yoldaşı Xədicə Abbasova səhhətindən danışıb.
Xədicə Abbasova Musavat.com-a açıqlamasında hazırda Bakıda olduğunu və müxtəlif xəstəliklərlə bağlı müalicə aldığını bildirib. Müğənni yüksək qan təzyiqindən əziyyət çəkdiyini deyib. O bildirib ki, avqustun 18-dən etibarən səhhətində problemlər yaranıb:
“Həkimə getdim, dedi, bərk üşütmüşəm. Yayda kondisionerlər mənə pis təsir etdi. Avqustun 18-dən xəstəliklərlə mübarizə aparıram. Ən çox da yüksək təzyiq yaranıb. Üstəlik, astmaya meyillilik var. İllərdir dərman içirəm. Bronxitə görə qəbul etdiyim dərman təzyiqimə təsir edir. Türkiyədə müalicələrimi davam etdirməliyəm”.
Xədicə Abbasova qeyd edib ki, son vaxtlar səhərlər yüksək təzyiqlə oyanıb: “Mən səhərlər 140-150 təzyiqlə oyanırdım. Mənə kondisioner olmaz. Yeməklər də yağlı, duzlu olur. Onlar da təsir edir. Avqustun 18-də təzyiq krizinə girdim. Türkiyədə aşağı təzyiqdə olurdum”.
Qeyd edək ki, Emin Sabitoğlu 1990-cı ildə həyat yoldaşı Xədicə Abbasova ilə birlikdə Türkiyəyə köçüb və ömrünün sonunadək orada yaşayıb.
Görkəmli bəstəkar uzun illər yüksək qan təzyiqindən əziyyət çəkib. Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda trombun ürəyinə düşməsi nəticəsində vəfat edib.
Xədicə Abbasova isə uzun illərdir Türkiyədə yaşayır.



























