Xəzər Universiteti Dünya Məktəbində Beynəlxalq Teatr Günü münasibətilə 2-ci və 3-cü sinif şagirdlərinin iştirakı ilə tədbir təşkil olunub.
Şagirdlər səhnəciklər, rəqslər, mahnılar, monoloqlarla çıxış edərək yaradıcılıq və səhnə bacarıqlarını nümayiş etdiriblər.
Xüsusilə kiçik aktyorların ifasında “Müsyo Jordan və Dərviş Məstəli şah” əsərindəki Müsyo Jordan obrazı və “Ölülər” əsərindəki Kefli İsgəndər obrazı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və gur alqışlarla müşayiət olunub.
Tədbirin fəxri qonaqları – professor Hamlet İsaxanlı, Xalq artisti, rejissor Ramiz Həsənoğlu, Əməkdar artist İlqar Cahangirov, uşaq yazıçısı və televiziya əməkdaşı Mürşüd İsmayılzadə, eləcə də teatr aktyoru Rəşad Kəsəmənli çıxış edərək teatrın uşaqların inkişafındakı rolunu vurğulayıblar.
Qeyd olunub ki, bu kimi təşəbbüslər şagirdlərin yaradıcılıq potensialının inkişafına və mədəni dəyərlərə bağlılığının güclənməsinə mühüm töhfə verir.































