Azərbaycanda əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Bunların da mühüm bir hissəsini yeni iş yerlərinin açılması təşkil edir.
Müasir Azərbaycanın sürətli iqtisadi inkişafında, əhalinin rifah halının və yaşayış səviyyəsinin yüksəlməsində mühüm rol oynayan faktorlardan biri də sahibkarlığın inkişafıdır. Hələ Ulu Öndər Heydər Əliyevin rəhbərliyi zamanında milli iqtisadiyyatda sahibkarlığın yeri müəyyənləşib və rolu getdikcə təkmilləşib. Ümummilli Liderimizin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlarda da əsas istiqamətlərdən biri əlverişli biznes mühitinin yaradılması və iş adamlarının fəaliyyətinin genişləndirilməsi olub. Məhz görülən işlərin nəticəsində sahibkarlar tərəfindən çoxsaylı müəssisələr yaradılıb və iş yerləri açılıb.
Təsadüfi deyil ki, cənab İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlər məhz ölkənin iqtisadi inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur.
Azərbaycanda sahibkarlığın inkişafı, yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması siyasəti birbaşa insanların rifah halının yüksəlməsinə, yaşayış səviyyəsinin daha da yaxşılaşmasına səbəb olur. Ölkə rəhbəri çıxışlarında da bunu dəfələrlə qeyd etmişdir ki, əsas məqsəd iqtisadi inkişafa nail olmaqla bərabər, əhalinin sosial rifahını yaxşılaşdırmaqdır.
Azərbaycan iqtisadiyyatı əldə etdiyi uğurları sıralamaqdadır. Cari ilin səkkiz ayında ölkəmizdə 43 milyard 478,6 milyon manatlıq ümumi daxili məhsul istehsal olunmuş, ölkə iqtisadiyyatına 7,45 milyard manatdan çox sərmayə qoyulmuşdur. Qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 19 faiz, qeyri-neft sənayesinə yatırılan sərmayənin həcmi isə 65,5 faiz artmışdır. 2021-ci ildə Azərbaycanda 69 min yeni iş yeri açılmışdır.
Bu gün ölkəmizin iqtisadi inkişaf sahəsində təcrübəsi mütərəqqi nümunə kimi səciyyələndirilir.
Bütün bu göstəricilər son illərdə ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi islahatların və Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir.
Elmira Babayeva – ADPU