“The New York Times” qəzeti xəbər verir ki, ABŞ və İran nüvə sazişi danışıqları çərçivəsində uranın zənginləşdirilməsinə təxminən 15 il müddətinə qadağa qoyulmasını müzakirə edir.
Vətəninfo.az xəbər verir ki, nəşr bildirib ki, son həftələrdə tərəflər mümkün razılaşmanın əsas şərtləri üzərində müzakirələr aparıblar. Məlumata görə, Vaşinqton əvvəlcə 20 illik məhdudiyyət təklif edib, Tehran isə 10 illik müddəti dəstəkləyib. ABŞ rəsmiləri tərəflərin 15 illik kompromis variantı üzərində razılığa gələ biləcəyini düşünürlər. Danışıqlarda zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması, əsas nüvə obyektlərinin gələcəyi və beynəlxalq müfəttişlərin yoxlama səlahiyyətləri kimi məsələlər də müzakirə olunur. Hazırda müzakirələr yalnız mümkün razılaşmanın ümumi çərçivəsi üzərində aparılır və regiondakı gərginlik fonunda danışıqların yekun nəticəsi hələ də qeyri-müəyyən olaraq qalır.


























