Rusiya Müdafiə Nazirliyi Ukraynanın bir sıra hərbi-sənaye və enerji infrastrukturu obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini açıqlayıb. Hədəflər arasında raket yanacağı komponentlərinin saxlanıldığı logistika mərkəzi, dron istehsalı müəssisəsi, elektrik yarımstansiyaları və hərbi yüklərin daşınmasında istifadə olunan lokomotivlər var.
Vətəninfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücumlar ötən gecə həyata keçirilib. Bildirilir ki, zərbələr Ukraynanın nəqliyyat və enerji infrastrukturu, hərbi-sənaye müəssisələri, eləcə də Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə olunan hərbi təyinatlı dəniz daşımalarına yönəlib.
Nazirliyin açıqlamasında Kiyev vilayətinin Belaya Tserkov şəhərində raket yanacağının istehsalı üçün komponentlərin saxlanıldığı logistika mərkəzinin vurulduğu iddia olunur.
Bundan başqa, Xmelnitski vilayətinin Letiçiv şəhərində pilotsuz zərbə aparatlarının istehsalı ilə məşğul olan “Thermoplast” sənaye müəssisəsinin də hücuma məruz qaldığı bildirilir.
Enerji infrastrukturu və dəmir yolları da hədəfdə
Rusiya tərəfinin məlumatına əsasən, Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən enerji obyektlərinə də zərbələr endirilib.
Belə ki, Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində və Jitomirdə hər birinin gərginliyi 330 kilovolt olan iki elektrik yarımstansiyasının vurulduğu iddia edilir.
Həmçinin Krivoy Roq, Perşotravensk və Boqdanovka yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnikasının daşınmasında istifadə edildiyi bildirilən dörd dəmir yolu lokomotivinin sıradan çıxarıldığı açıqlanıb.
Qara dənizdə yük gəmisinə zərbə iddiası
Rusiya Müdafiə Nazirliyi daha bir zərbənin Odessa şəhərinin cənub-qərbində, Qara dənizdə həyata keçirildiyini bildirib.
Açıqlamaya görə, Ukraynaya hərbi təyinatlı yüklər daşıdığı iddia edilən yük gəmisi hücuma məruz qalıb.
Qeyd edək ki, bu məlumatlar Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır. Zərbələrin nəticələri və hədəflərin vəziyyəti ilə bağlı Ukrayna tərəfinin təsdiqlənmiş məlumatı təqdim edilməyib.


























