image-adil-750x470backend

Adil Əliyev: “Bundan sonrakı hədəflərimizə də cənab Prezidentimizin müdrikliyi, siyasi-diplomatik bacarığı və böyük səyləri ilə nail olacağıq”

image-reklam_sirab_01

Milli Məclisin sədr müavini Adil Əliyev: “Bundan sonrakı hədəflərimizə də cənab Prezidentimizin müdrikliyi, siyasi-diplomatik bacarığı və böyük səyləri ilə nail olacağıq”.

 

İkinci Qarabağ müharibəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə şanlı ordumuz parlaq Zəfəri ilə işğalçı Ermənistanı ağır məğlubiyyətə uğradaraq torpaqlarımızın 30 illik işğalına son qoydu. Azərbaycanın qələbəsi, öz torpaqlarını işğaldan azad etməsi regionda dayanıqlı sülhün və əməkdaşlığın inkişafı üçün yeni reallıqlar yaratdı. Bu yeni reallıqlar, əlbəttə, qarşımızda yeni üfüqlər açır və şübhə yox ki, bundan sonrakı hədəflərimizə də cənab Prezidentimizin müdrikliyi, siyasi-diplomatik bacarığı və böyük səyləri ilə nail olacağıq.

Təəssüf ki, Prezidentimizin, dövlətimizin və ordumuzun uğurlarına kölgə salanlar, hətta bu uğurlara müxalif mövqedə dayananlar var. Sosial şəbəkələri diqqətlə izləyirəm və gəldiyim nəticə budur ki, xarici ölkələrə qaçıb müxtəlif bəhanələrlə siyasi sığınacaq alanların bir qismi Ermənistanın və erməni lobbisinin dəyirmanına su tökürlər. Misal üçün, illərdir müxtəlif Qərb ölkələrində kök salan Altay Göyüşov sərhəddəki son toqquşmalar barədə “fikir” yürüdərkən belə bir cümlə işlədib: “Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm”.

Bu adam anlamır ki, indiyə qədər heç bir müharibəni, o cümlədən sərhədlərimizdəki son hərbi gərginliyi başladan tərəf biz olmamışıq. Müdafiə Nazirliyinin də açıqladığı kimi, erməni diversantları bizim ərazimizə müdaxilə etmiş və hərbi təchizat yollarımıza mina basdırarkən qəhrəman əsgərlərimizin müqaviməti ilə qarşılaşmışlar. İki gün davam edən həmin toqquşma da məhz bu səbəbdən yaranmışdır. Ermənilərin hərbi müdaxiləsinə Azərbaycan Ordusunun adekvat cavab verməsi onun legitim hüquqlarından doğur və bu səbəbdən də Ermənistanın üz tutduğu bütün beynəlxalq təşkilatlar onun müraciətlərinə heç bir müsbət cavab verməmişdir. Hətta düşmən ölkənin üzvü olduğu KTMT belə, hücumun kim tərəfindən başladıldığına şübhə ilə yanaşdığını açıq şəkildə dilə gətirmişdir. KTMT üzvü Qazaxıstanın xarici işlər naziri də bildirmişdir ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası baş vermədiyi, yəni dövlət sərhədi müəyyən edilmədiyi üçün sərhədin pozulmasından söhbət gedə bilməz.

Üstəlik, Altay Göyüşov və onun kimilərin müdafiəsinə qalxdığı həmin ermənilər sərhədlərin demarkasiya məsələsində də təcavüzkar mövqeyindən doğan prinsiplərdən çıxış edir və qəsdən mübahisəli vəziyyət yaradır. Sərhədlər müəyyənləşdirilmədiyindən kimin kimə hücum etdiyini aydınlaşdırmaq da çətindir. Bunu Ermənistanın müttəfiqləri belə gizlətmir, İrəvanı ilk öncə sərhədlərin demarkasiya edilməsinə razılıq verməyə, daha sonra hansısa iddialar irəli sürməyə çağırırlar. Bizim dırnaqarası “ziyalılar” və bəzi siyasilər isə nədənsə ermənidən çox erməniliklə məşğul olurlar.

Mən hələ onu demirəm ki, hər bir dövlətin və millətin qarşıya qoyduğu müəyyən hədəfləri olmalıdır. Azərbaycanın da həmçinin. Yeri gələndə, bizim əsas hədəfimiz Azərbaycanın Ermənistanla sərhədini möhkəmlətmək, özümüzə aid əraziləri işğaldan xilas etmək və istehkamlar qurmaq olmalıdır. Bu, istənilən güclü dövlətin əsas vəzifəsidir. Azərbaycan Ordusunun da qarşısında bu vəzifə dayanır və bu onun legitim hüququdur. Ordumuz ərazimizə yönələn təhlükələri sovuşdurmaq üçün sərhədlərimizdə elə möhkəmlənməlidir ki, 1990-cı illərin anarxiya dövründə olduğu kimi, Laçın, Kəlbəcər və digər sərhədə yaxın şəhər və kəndlərimiz atəş altında qalmasın. Ən azı ona görə ki, dövlətimiz yaxın müddətdə bu əraziləri məskunlaşdıracaq. Məntiqlə, orada yaşayacaq insanlarımızın təhlükəsizliyi də təmin edilməlidir.

Fikrimizcə, özünü “alim” adlandıran Altay Göyüşovun bu təxribatçı fikirləri təsadüfi deyil. O, bu paylaşımı ilə, əslində, bilərəkdən ya bilməyərəkdən erməni tərəfinə pas ötürüb. Artıq bir çox erməni saytları onun “Azərbaycan Ermənistana təcavüz edib” cümləsini müxtəlif dillərdə yaymaqla Azərbaycana qarşı informasiya müharibəsində əsas arqument kimi istifadə edirlər. Bu ona bənzəyir ki, vaxtilə Azərbaycanın 1990-cı illərdəki uğursuz rəhbərlərindən biri Xocalı soyqırımının törədilməsində özümüzü günahlandırmışdı və erməni təbliğatı bu günə qədər həmin saxta tezislə Azərbaycana qarşı informasiya müharibəsi aparır.

Radikal müxalifətin liderliyinə iddia edən Əli Kərimli də məntiqsizlikdə Altay Göyüşovdan geri qalmır. Ya da özü qəsdən Göyüşovun “yolu” ilə gedərək statusunda yazıb bildirir ki, “Azərbaycan ordusu psixoloji cəhətdən zəif, silah, texnika baxımından geridəqalmış, maddi baxımdan kasıb ölkənin ordusu ilə bir neçə saatlıq döyüşdə necə 50 nəfər şəhid verib?” Bu sözlərlə onun guya şəhidlərimizə ürəyi yanır. Şəhidə ürəyi yanan bu ağır gündə onun ailəsinin yanında olar. Mən şəxsən dəfnində iştirak etdiyim şəhidlərin yas məclislərində Əli Kərimlini görmədim. Görünür, bu adam rahat divanda oturub şəhidlər barədə status və şəkillər paylaşmaqla öz mənəvi borcunu bitmiş hesab edir.

Əli Kərimli başa düşməlidir ki, heç bir hakimiyyət vətən övladının şəhid olmasını istəməz. Biz də məhz bu itkiləri azaltmaq üçün ixtiyarımızda olan müasir hərbi texnikadan istifadə edirik. Ancaq düşmənin də silahı və hərbi texnikası var və istər-istəməz bizim də qəhrəman oğullarımız şəhid olurlar. Əli Kərimli kimi siyasətbazlar isə öz hakimiyyət hərisliyi naminə millətin bu acısından istifadə etməyə, Ordumuzun zəruri müdafiə haqqına kölgə düşürməyə çalışır. Bu həmin Əli Kərimlidir ki, bir zamanlar yenə eyni məkrlə Azərbaycan Prezidentini Laçını azad etməməkdə günahlandırırdı. İndi 44 günlük müharibənin üzərindən heç 2 il keçməmiş, hətta bir güllə belə atılmadan Laçın ermənilərdən təmizləndi. Əslində, İlham Əliyevin bu müdrik siyasəti mümkün olduğu qədər az şəhid verməyimizə hesablanmışdı və bu da reallaşdı. Azərbaycan Ordusu Əli Kərimlinin dediyi yolla getsəydi, yüzlərlə şəhid verərdik və nə qədər ailənin qəlbinə dağ basılmış olardı. Bizim Laçını heç bir itki vermədən işğaldan azad etməyimiz İlham Əliyevin müdrik siyasətinin nəticəsidir və Əli Kərimli kimi “facebook” siyasətçiləri, daha doğrusu siyasətbazları bunu fəhm edə bilməzlər.

Arif Hacılının da Əli Kərimlidən fərqi yoxdur, eyni düşüncənin sahibidirlər, yazıb ki, nəyin naminə şəhid verdik, ardınca oxşar sualı təkrarlayıb: “Məqsəd və nəticə nədir?” Təkrar biliyin anasıdır, izah etmək məcburiyyətindəyəm. Məqsəd Azərbaycanın hərbi və yaşayış məntəqələrini hədəf alan düşmənin hərbi birliklərini zərərsizləşdirmək, təxribatlarına adekvat cavab verməkdir. Nəticə isə göz qabağındadır. Azərbaycan Ordusu erməni tərəfinin bu təhdidinə adekvat cavab verməklə həm də Ermənistanı sülhə məcbur edir. Bəlkə Arif Hacılı erməni təxribatlarına cavab verməyin fərqli üsullarını bilir, xəbərimiz yoxdur?!

Arif Hacılı və Əli Kərimli Azərbaycan hakimiyyətini Ermənistanla danışıqlar aparanda da, düşməni cəzalandıranda da tənqid atəşinə tutur və onların mövqeyindən çıxış edirlər, onların fikirlərini təkrarlayırlar. Halbuki, sülh ya danışıqlar, ya da müharibə yolu ilə əldə edilir, bəlkə radikal müxalifətin bu iki lideri üçüncü yol icad ediblər?!

Yazmışdılar ki, uşaq evində böyüyən şəhid Səbuhi Məmmədovun yas mərasimində guya bir neçə nəfər olub. Yalandır. Şəxsən mən dəfn mərasimində iştirak edərkən qələbəliyin şahidi oldum. Şəhidlərimizin xatirəsi hər kəs üçün əzizdir. Şəhid valideynlərinə və övladlarına, o cümlədən qazilərə diqqət hər bir Azərbaycan vətəndaşının həyat fəlsəfəsi olmalıdır.

Əli Kərimlinin Fransadakı “nümayəndəsi” Qənimət Zahidov liderinin “məntiqini” bu cümlə ilə gücləndirməyə çalışıb: “Bu son toqquşmadan sonrakı qazilərimiz də özünü yandıracaqmı, deyə kədərlə düşünürəm”. Yəni bu adam rəsmən qazilərimizi sui-qəsdə təhrik edir, bunu arzulayır. Təki hakimiyyəti tənqid etmək üçün sözü olsun. Bunlar şəhidlərimizə, övlad itkisi yaşayan valideynlərin acısına və qazilərimizə hakimiyyətə qarşı mübarizə aləti kimi baxırlar. Keçməyəcək. Əlbəttə, ölkədə müəyyən sosial problemlər var və mən də bunun varlığını inkar etmirəm. Təbii ki, millət olaraq vəzifəmiz dövlətin onlara diqqətini və qayğısını daha da artırmaqdır.

Sizinki indiki həssas məqamda aranı qarışdırmaqdırsa, Prezidentə, dövlətə və millətə bağlı olanların vəzifəsi isə mövcud problemləri müəyyənləşdirərək onları həll etməkdir. Fərqimiz budur.

Özünü ağıllı göstərmək istəyənlərdən biri də əvvəlcə ABŞ-da, sonra isə Böyük Britaniyada qərar tutan Qubad İbadoğludur. Onun fikrincə, son toqquşmalar Brüssel görüşünün nəticələrini nəinki sıfırlayıb, hətta geriyə doğru dəyişib. Yanılırsız, cənab iqtisadçı, əksinə, ermənilərin təxribatına cavabla başlayan toqquşmaların əsas məqsədlərindən biri də Ermənistanı sülhə məcbur etməkdir. Çünki Ermənistan və erməni separatçıları güc amili ilə hesablaşırlar. Qubad İbadoğlunun məntiqinə görə, Azərbaycan İkinci Qarabağ müharibəsində də ermənilərin hücumuna cavab verməməli, geri çəkilərək daha çox torpaqlarımızı onlara verməli idi ki, Minsk Qrupu mənasız danışıqları davam etdirsin. Azərbaycan isə İkinci Qarabağ müharibəsində böyük zəfərlə Ermənistanı reallıqla barışmağa məcbur etdi və Minsk Qrupunu arxivə göndərdi. Daha sonra yenə ermənilərin revanşçı fəaliyyətinə adekvat cavab verərək, bir neçə antiterror əməliyyatı həyata keçirdi və məhz bunların sayəsində strateji yüksəklikləri və Laçın dəhlizi qısa müddətdə geri qaytardıq.

Qeyd edim ki, son toqquşmalardan sonra Nikol Paşinyan “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh sazişi imzalamalıdır” ifadəsini səsləndirib. Halbuki, bu zamana qədər o, tamamilə başqa mövqe sərgiləyirdi. Paşinyanın bu qədər fərqli mövqedən çıxış etməsinin bir səbəbi var: Prezidentimizin qətiyyəti və ordumuzun gücü ilə hesablaşmaq məcburiyyətində qalması.

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirdiyi son brifinqində bildirib ki, “biz [Ermənistan] bu gün elə “sülh müqaviləsi” imzalaya bilmərik ki, bunun nəticəsində 6 ildən sonra yeni müharibə olsun. Biz bir sənəd imzalamaq istəyirik ki, bunun nəticəsində çoxları bizi qınayacaq, çoxları söyəcək, çoxları bizə “satqın” deyəcək, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər. Nəticədə, 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan Respublikası davamlı sülh və təhlükəsizlik əldə edərsə, biz daha da məmnun olacağıq”. Faktiki olaraq, bu Ermənistanın 30 ildən bəri yürütdüyü işğalçılıq siyasətindən, əslində isə yüz ildən artıq tarixi olan “Miatsum” ideyasından, yəni Qarabağın, Kəlbəcər və Laçının Ermənistana birləşməsi ideyasından imtina etməyə məcbur qaldığını göstərir. Çünki Azərbaycan, BMT və ümumiyyətlə dünya Ermənistanı məhz 29,8 min kvadrat kilometr ərazidə tanıyır. Ermənistanı buna məcbur edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuzun və qəhrəman əsgərlərimizin 44-günlük Vətən müharibəsi, sonrakı anti-terror və qisas əməliyyatları, xüsusən də son günlər həyata keçirilmiş sərt cəzalandırma tədbirləri zamanı göstərdikləri misilsiz fədakarlıq, vətənpərvərlik və şücaətlərdir.

Əli Kərimli və Arif Hacılı kimi adamlar siyasi qərəzləri ucbatından və “siyasi yararlılıq” müddətlərinin artıq çoxdan bitdiyini bildikləri səbəbindən hər şeyi, o cümlədən Qarabağdakı hərbi əməliyyatların səbəbini, xarakterini, mahiyyətini və nəticələrini təhrif edirlər, hətta qələbə və uğurlarımıza müxalif mövqedə durmaqdan çəkinmirlər. Bəziləri isə sadəlövhlükdən, bəlkə də cahillikdən səhv fikirlərə düşürlər.

Amma Altay Göyüşov yaxşı tarixçidir, bəlkə də Azərbaycanda tariximizi, o cümlədən Qarabağ münaqişəsinin tarixini və mahiyyətini çox yaxşı bilən az sayda tarixçilərdəndir. Onun qərəzli, erməni və xarici düşmən qüvvələrin əlinə oynayan fikirləri məhz buna görə bağışlanmazdır. Çünki o, bunu bilməməzlikdən, savadsızlıqdan etmir, məqsədli şəkildə edir. Altay Göyüşovun sığındığı və yarınmağa çalışdığı Qərbdə “academic integrity” və ya “professional integrity” deyilən bir anlayış var, yəni akademik və peşəkar dürüstlük. Altay Göyüşov heç olmasa Qərbdə təbliğ olunan bu akademik, peşəkar dürüstlük naminə bu qədər dibə enməyəydi. Axı elə Qərbdə də gözəl bilirlər ki, Azərbaycan Ermənistana təcavüz etməyib, əksinə 30 illik işğala məruz qalan onun torpaqlarıdır.

Altaya Göyüşova vaxtilə işğal altında olan ərazilərimizə qanunsuz səfər etdiyinə görə Azərbaycanda qara siyahıya salınmış, Qərblə sıx akademik əlaqələri olan, rusiyalı alim Sergey Markedonovu misal göstərmək istəyirəm. O, Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı olsa da, belə bir fikri tez-tez təkrarlayır ki, öz dövlətimin, yəni Rusiyanın məğlubiyyətini qətiyyən istəmirəm, onun qələbəsini istəyirəm. O, daim yazılarında öz ölkəsi Rusiyanın haqlı olduğunu əsaslandırmağa çalışır. Amma Azərbaycan isə heç kəsin ərazisinə müdaxilə və ya təcavüz etmədiyi, torpaqlarının 30 il işğal altında qaldığı və geniş miqyaslı hərbi təxribatlara məruz qaldığı halda Altay Göyüşovun ciddi-cəhdlə öz dövləti, öz ölkəsi haqqında heç bir şəkildə bəraət verilə bilməyəcək belə yalan, böhtan fikirlər ifadə etməsi özünü tarixçi-alim hesab edən adam üçün sadəcə olaraq ayıbdır, yumşaq desək qeyri-etikdir. Şuşanın türk dünyasına bəxş etdiyi, böyüyüb-başa çatdığı Şuşada Qurdlar məhəlləsindəki dədə-baba evi ermənilər tərəfindən işğal zamanı yerlə yeksan edilmiş böyük mütəfəkkirimiz Əhməd bəy Ağaoğlu yazırdı ki, ayıb və əxlaq məfhumlarının işləməsi üçün cəmiyyətdə ictimai fikir, ictimai qınaq olmalıdır. Buna görə də gəlin belələrini açıq şəkildə qınayaq ki, etdiklərinin ayıb olduğunu hiss etsinlər.

Əziz soydaşlarım, gücümüz birlikdədir, fərqli fikirlərin əleyhinə deyiləm, ancaq Azərbaycan düşmənlə və onun havadarları ilə mübarizə apararkən bizdən olanların bəziləri statusları və yayımları vasitəsilə düşmən dəyirmanına su tökürlər. Belələrinə anlatmalıyıq ki, düşmənlə bugünkü mübarizəmiz dövlətimizin və xalqımızın təhlükəsizliyinin və rifahının artırılması üçündür. Azərbaycan Ordusu son qəhrəmanlığı ilə şəhidlərimizin qanını yerdə qoymadı və bundan sonra da qoymayacaq. Onların hər bir təxribatına adekvat cavab verərək canlı qüvvəsinə və hərbi texnikasına dağıdıcı zərbələr endirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki