image-adilbackend

Adil Əliyev: “Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi Azərbaycanın müstəqil dövlətçiliyi baxımından tarixi hadisədir”

image-reklam_sirab_01

 

 

Ulu Öndər, Ümummilli Lider Heydər Əliyev Naxçıvan əhalisinin və ictimaiyyətinin böyük dəstəyi və təkidi ilə 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Hələ SSRİ-nin rəsmən mövcud olduğu çətin bir dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda müstəqil Azərbaycan dövlətçiliyinin ilkin təməlləri hesab olunacaq səviyyədə mühüm işlər həyata keçirildi. İlk növbədə, qeyd edilməlidir ki, Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi öz-özlüyündə həmin dövrdə çox demokratik bir hadisə idi.

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağı ilk dəfə rəsmən  Naxçıvan MR Ali Məclisində qaldırıldı. Bununla da milli bayrağımız müstəqil Azərbaycan dövlətinin əsas simvollarından biri olaraq institutlaşdı. Ulu Öndərin təşəbbüsü ilə atılmış bu tarixi addımdan bir müddət sonra  üçrəngli bayrağımız Azərbaycan Respublikasının bayrağı kimi də dalğalanmağa başladı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.

Qeyd edək ki, Ulu Öndər bu təşəbbüsü irəli sürərkən hələ Naxçıvan MR Ali Məclisinin sədri seçilməmişdi. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı”.

31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi təsis edilməsi Ulu Öndərin Naxçıvan Ali Sovetinin sədri kimi irəli sürdüyü və həyata keçirdiyi uzaqgörən təşəbbüslərdən biridir. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan MR Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi.

Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis edilməsi onun Azərbaycanda millət quruculuğuna daha bir töhfəsi idi. Bu əlamətdar hadisənin SSRİ-nin varlığına 1991-ci il 8 dekabrda rəsmi surətdə son qoymuş Belaveja sazişinin imzalanmasından cəmi bir həftə sonra baş verməsi məntiqlidir. SSRİ-nin süqutu ilə digər sovet respublikaları kimi Azərbaycan da müstəqillik əldə etdi.

Yenicə müstəqillik qazanmış ölkələrə xas xüsusiyyətlərdən biri millət quruculuğu prosesinin həyata keçirilməsidir.  Azərbaycanda millət quruculuğu mono-etnik deyil, əksinə tamamilə multikultural, inklüziv xarakter daşıyır. Azərbaycanın öz diasporunun təşkilatlanması və əlaqələrin qurulması dünyada bütün azərbaycanlıların həmrəyliyinə və ümumi Vətənimiz Azərbaycan dövlətinə bağlılığına əsaslanıb. Bu da Ulu Öndərin Azərbaycançılıq məfkurəsinin özəyini təşkil edir. Deməli, 31 dekabr Dünya Azərbaycanlıları Gününün təsis edilməsi Ulu Öndərin Azərbaycançılıq məfkurəsinin praktik təzahürüdür.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan Ali Məclisinin sədri seçilməsi, təkcə Naxçıvan üçün deyil, ümumilikdə müstəqil Azərbaycan dövlətçiliyinin qurulması baxımından tarixi hadisədir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki