Media həm də güclü “silahdır”. Çünki o, cəmiyyəti maarifləndirdiyi və ictimai rəyi formalaşdırdığı qədər, onu manipulyasiya da edə bilir. Texnoloji yeniliklər hər birimizi nə qədər təəccübləndirsə də, hətta onlar da bu reallığı dəyişmək gücündə deyil. Çünki süni intellektin, rəqəmsal texnologiyanın, innovativ yeniliklərin və müasir silah növlərinin yaradıcısı da insan zəkasıdır.
Təəssüf ki, ən nüfuzlu media resursları belə, dezinformasiyanın, şər və böhtanın yayılmasında vasitəçiyə çevrilir. Ən təhlükəlisi odur ki, bəzən ayrı-ayrı media qurumları buna diqqətsizlik və ya qeyri-peşəkarlıq səbəbindən deyil, bilərəkdən və məqsədli şəkildə yol verir. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etmadın yenidən qurulması” mövzusuna həsr edilmiş lV Şuşa Qlobal Media Forumu dünya ictimaiyyətinə reallıqların təhrif olunmadan çatdırılması baxımından olduqca təsirli platformadır. Forumda 30 xəbər agentliyinin, 60-dan artıq media qurumunun, 10 beynəlxalq təşkilatın, ümumilikdə 53 ölkədən 160 qonağın iştirak etdiyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, onlar Azərbaycan Prezidentindən eşitdikləri və Qarabağda gözləri ilə gördükləri həqiqətləri- irimiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, işğalçının törətdiyi vandallıq aktlarını öz cəmiyyətlərinə mütləq çatdıracaqlar. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, Şuşa Forumundan gözləntisini bu cür ifadə etdi: “Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir”.
Müasir tarixində Azərbaycanın uzun illər informasiya blokadasına alınması və media resurslarında çirkin qarayaxma kampaniyası ilə üzləşməsi artıq çoxları üçün sirr deyil. Xüsusilə tarixi Zəfərimizdən sonra bəzi Avropa ölkələrinin qanunverici orqanları, AŞPA və Avropa Parlamenti kimi təşkilatlar tərəfindən Azərbaycana qarşı qəbul olunan əsassız qətnamələrin həmin media resurslarında birtərəfli və qərəzli şəkildə işıqlandırılması yalnız bir məqsədə xidmət edib: ölkəmizin haqlı mövqeyini və beynəlxalq hüquq normaları əsasında yaratdığı yeni reallığı təhrif etmək, Qələbəmizə kölgə salmaq və ictimai rəyi manipulyasiya etməklə öz cəmiyyətlərini Azərbaycanla bağlı saxta məlumatlara inandırmaq.
Şuşa Qlobal Media Forumu təkcə dezinformasiyaların qarşısını almaq baxımından deyil, ilk növbədə, həqiqətlərin dünya ictimaiyyətinə ardıcıl və davamlı şəkildə çatdırılması baxımından əhəmiyyətli platformadır. Heç şübhəsiz ki, cənab Prezidentin bu Forumda açıqladığı bəzi həqiqətlər anti-Azərbaycan dairələrini və ayrı-ayrı Avropa siyasətçilərini yenə də qıcıqlandıracaq, bəzilərini isə hiddətləndirəcək. Amma bu həqiqətlər açıq şəkildə deyilmədən, kimin-kim olduğu və hansı məkrli xülyalarla yaşadığı ictimai şəkildə üzlərinə vurulmadan, həqiqət həmişə kölgədə qalacaq və məqsədli şəkildə əkilən şübhə toxumları ictimai rəyi yanlış məcraya yönləndirə biləcək. Əminəm ki, Prezident İlham Əliyevin Avropa Komissiyasının keçmiş rəhbəri Borrel ilə bağlı açıqlaması Avropadakı bəzi parlamentariləri siyasi gələcəkləri barədə düşünməyə və əsaslı narahatlıq keçirməyə vadar edəcək: “O, əslində, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətləri demək olar ki, dağıtdı. İndi isə səbəbi məlumdur, çünki o, korrupsiyaya uğramış bəzi şəxslərlə, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş hakimi cənab Okampo ilə qəti şəkildə əlbir olmuşdur. Okampo öz şərhlərində açıq şəkildə etiraf etmişdir ki, cənab Borrel ondan məvacib alırdı. Bununla belə, cənab Okampoya pul hazırda Ermənistanda ev dustaqlığında olan rus-erməni oliqarxından gəlirdi”.
Okampo-Borrel təcrübəsi yalnız bu iki şəxsin siyasi riyakarlığını ifşa etmir. Çünki onlar və onların yolu ilə gedənlər Azərbaycana qarşı qarayaxma kampaniyasını apararkən ağızdolusu qanunun aliliyindən və insan haqlarından danışır, bu cür dəyərlərlə pərdələnirdilər. Qəti əminliyimə görə, belələri ilə dini təəssübkeşlik pərdəsi altında bölücülüyü və dinlərarası nifrəti təşviq edən siyasətçilər arasında heç bir fərq yoxdur. Çünki onların hər biri yüksək dəyərlər altında həqiqətləri saxtalaşdırır və ictimai rəyi manipulyasiya edir. Ölkəmizə qarşı qərəzli qətnamələrin müzakirəsi zamanı “xristian erməni qardaşlarımızı qorumalı və Azərbaycanı dayandırmalıyıq” kimi cahil və beynəlxalq hüquqa zidd olan arqumentləri irəli sürənlər də insan haqları ilə pərdələnərək mahiyyətcə eyni siyasi riyakarlığa yol verirlər. Ukrayna nümunəsindən fərqli olaraq, Azərbaycana gəldikdə, nədənsə unudurlar ki, bizim haqlı mübarizəmiz də işğalçıya və separatçılara qarşı yönəlmişdi. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin bu mesajı demokratiya və insan haqları pərdəsi altında gizlənərək Azərbaycana qərəz püskürən bəzi Avropa siyasətçilərinə, AŞPA və Avropa Parlamentindəki deputatlar qrupuna ən tutarlı cavabdır: “Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi… Biz toqquşma axtarmırıq və xüsusən də bir vaxtda ki, nəinki Avropa Şurası Parlament Assambleyası, o cümlədən Avropa Parlamenti dövri olaraq bizə yenə də hər hansı əsas olmadan hücum çəkir. Düşünürəm ki, onların Azərbaycana bir növ qərəzi var. Beş il ərzində onlar Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul ediblər və onlardan heç biri bizim üçün vacib deyil, onlardan heç biri burada hər hansı məsələyə təsir etmir”.
Azərbaycan Prezidenti bu Forumda da bir çox həmkarlarına, xüsusilə siyasi konyukturanın və daha güclü aktorların təsiri altında həqiqəti dilə gətirməkdən çəkinən siyasətçilərə Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətiyyətli və ədalətli Lider örnəyini nümayiş etdirdi: “Sizin ötənilki sualınıza və mənim tövsiyəmə gəldikdə, zənnimcə, nə Ukrayna xalqı, nə də Ukrayna hökumətinin mənim məsləhətimə ehtiyacı yox idi, amma mən onu bu gün də təkrar edəcəyəm: Heç vaxt işğalla barışmamaq… Biz həmişə Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik”.
Prezident İlham Əliyevin Şuşa Forumunda dünya ictimaiyyətinə, xüsusilə aparıcı aktorların diqqətinə çatdırdığı mühüm mesajlardan biri də onunla bağlı oldu ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı tarixi reallığın mahiyyəti dürüst dəyərləndirilməli və onun açdığı imkanlardan yalnız faydalı əməkdaşlıq naminə istifadə olunmalıdır. Cənab Prezident əminliklə onu da bəyan etdi ki, Azərbaycan geosiyasi intriqaların iştirakçısına çevrilməyəcək, regionda sülhün və əmin-amanlığın dayanıqlı bərpası üçün səylərini bundan sonra da davam etdirəcək. Ümid edirəm ki, Prezident İlham Əliyevin Şuşadan verdiyi bu mesaj həm region ölkələrinin liderlərini, həm də Cənubi Qafqaza maraq göstərən digər aktorları, xüsusilə Ermənistan hökumətini yaranan tarixi fürsəti yalnız konstruktiv məcrada qiymətləndirməyə sövq edəcək: “Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu, onları qoruyacaq. Amma nəticə etibarilə olurlar qurban. Böyük oyunların qurbanları”.
Prezident İlham Əliyevin açıqlamaları dünəndən etibarən beynəlxalq medianın və nüfuzlu beyin mərkəzlərinin diqqət mərkəzindədir. Çünki bu açıqlamalar təcrübəli dövlət xadiminin və şəksiz qalib Liderin qlobal gündəliyə dair praqmatik, təsirlərdən kənar baxışını əks etdirir. Bu yanaşma həm də Azərbaycanı Avrasiya coğrafiyasının strateji mərkəzlərindən birinə çevirən və ölkəmizi dünyaya etibarlı tərəfdaş kimi tanıdan dövlət xadiminin baxışıdır. Cənab Prezidentin açıqlamalarından cəmiyyətimizin də əxz etməli olduğu bir həqiqət var. Əqidə və məsləyindən asılı olmayaraq, hər kəs Prezidentin bu ibrətamiz nəsihətindən nəticə çıxarmalıdır: “Yeni təhdidlər, yeni təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır-mübarizə öz hüquqlarımızı qorumaq üçün, mübarizə öz milli kimliyimizi qorumaq üçün, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün… Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən,-indi olur belə hadisələr,- amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə, gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan”.
Bu mövqe böyük güclərin təhdid və təzyiqi, şər və qarayaxma kampaniyası, ortaq mövqeyi qarşısında boyun əyməyən və bütün bunlara baxmayaraq, öz xalqına tarixi Qələbənin bənzərsiz qürurunu yaşadan böyük dövlət xadiminin dəyərlər seçimini əks etdirən həyat fəlsəfəsidir. lV Şuşa Qlobal Media Forumunun keçirildiyi günlərdə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Qarabağda qarşılanması və mətbuata bəyanatların məhz Şuşadan verilməsi ləyaqətli həyat hekayəsinin növbəti parçasıdır. Bu səhnəni xaricdən izləyən hər kəs dövlət başçılarının arxasındakı dağıdılmış tikilini-işğalçı zehniyyətinin əyani təsdiqini mütləq görəcək və Slovakiya Prezidentinin bu açıqlamasına da şahidlik edəcək: “Cənab Prezident, mən səmimiyyətinizə, həmçinin aramızda olan açıq və ürəkdən gələn dialoqa görə Sizə dərin təşəkkürümü bildirmək istərdim, çünki iki dost ölkənin dövlət başçıları məhz bu cür çalışmalıdırlar… Azərbaycan mühüm regional iştirakçıdır. O, sabitliyin və inkişafın qarantıdır, Şərqlə Qərbi birləşdirən logistika və nəqliyyat marşrutlarının əsas qovşağı rolunu oynayır. Azərbaycan bu baxımdan mühüm əhəmiyyətə malikdir. Cənab Prezident, mən, həmçinin enerji böhranı zamanı Azərbaycanın operativ cavabına görə Sizə və Azərbaycana təşəkkürümü bildirmək istərdim“.
Bədxahlarımız, ölkəmizi hədəf seçən məlum dairələr nə qədər mane olmağa, gizlətməyə çalışsalar da, Azərbaycan gerçəkliyi bundan ibarətdir və onu görməzdən gələ bilməyəcəklər.
Ülvi Quliyev,
Milli Məclisin deputatı


























