image-reklam-veteninfo
image-1backend

Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir

image-reklam-veteninfo

Artıq bir neçə ildir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayan ölkələrdən birinə çevrilib. Azərbaycanın  Aİ ölkələrinin 10-a təbii qaz ixracı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Bu ixrac yalnız iqtisadi göstərici deyil, həm də Avropanın enerji bazarlarında Azərbaycanın strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

Bu istiqamətdə Azərbaycanın Avropanın mərkəzində yerləşən, Aİ və NATO-nun üzvü olan Slovakiya il əlaqələri durmadan artmaqdadır. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır.

Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. 2024-cü ildə Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb ki, bu sənəd iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldıran sənəddir. Həmin sənəd imzalandıqdan sonra bütün istiqamətlər üzrə əməkdaşlıq genişlənib.

Bu gün ölkəmiz Şərq ilə Qərb arasındakı müəyyən bir körpü rolunu oynayır. Yaradılan infrastruktur, nəqliyyat sektoruna qoyulan sərmayələr Azərbaycanı Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına sevirib. Ölkəmiz Orta Dəhliz layihəsində fəal iştirak edir. Hazırda Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.

Hazırda Slovakiya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya yatırmaqda maraqlıdırlar. Çünki Azərbaycanın müxtəlif sahələrə Slovakiya sərmayəsini cəlb etmək üçün yaxşı imkanları var. Eyni zamanda, Azərbaycan iş adamlarının da Slovakiyaya investisiya qoyması önəmli istiqamətlərdən biri olaraq qalır.

Ümumilikdə Azərbaycan iş adamları Mərkəzi Avropaya daha çox sərmayə yatırmağa maraq göstərirlər. 2024-cü ildə Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsi 46 milyon dollar olub. Halbuki real potensial daha yüksəkdir. Bu, ölkələrimiz arasında iqtisadi əlaqələrin dərinləşməsi, ticarət dövriyyəsinin artırılması üçün imkanlar yaradır. Bir tərəfdən Slovakiyadan ərzaq və bəzi sənaye məhsullarını idxal etmək mümkündür. Digər tərəfdən, Azərbaycan kənd təsərrüfatı və emal olunmuş ərzaq məhsulları ilə Slovakiya bazarına çıxa bilər. Slovakiya bazarı Azərbaycan üçün qeyri-neft ixracının artırılması baxımından əhəmiyyətlidir. Çünki bu, qeyri-neft məhsullarının Slovakiyaya daha çox ixrac edilməsinə şərait yaradır.

Bununla yanaşı, turizm sahəsində də iki ölkə arasında böyük potensial mövcuddur. Həm Slovakiyadan turistlərin Azərbaycana cəlb edilməsi, həm də azərbaycanlıların Slovakiyaya səfərlərinin artırılması yüksək qiymətləndirilir. Bu isə turizm əlaqələrinin daha da inkişafına imkan verə bilər.

Azərbaycan və Slovakiya arasında bir çox sahələr üzrə əlaqələrin möhkəmləndirilməsi və daha artırılması məsələləri iyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri  zamanı geniş müzakirə edilib. Səfər çərçivəsində Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Qeyd edilib ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır. Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir.

Vurğulanıb ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.

Görüş çərçivəsində hər iki dövlət başçısının mətbuata verdikləri bəyanatda iki ölkə arasında əlaqələrin gələcək inkişafina xüsusi yer ayrılıb.  Ölkə başçısı deyib:  Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. “Bu gün biz cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti “ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq”, – deyən dövlətimizin başçısı Qarabağın bərpasına verdiyi dəstəyə görə Slovakiya Prezidentinə bir daha təşəkkürünü bildirib.

Ölkə başçısı bundan sonra da bu münasibətlərin inkişaf edəcəyinə əmin olduğunu bildirib. Çünki biz konkret işlərin tərəfdarıyıq.  “Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir. Deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Öz növbəsində Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanda rəsmi səfərdə, o cümlədən Qarabağda, Şuşada olmağından  çox məmnun olduğunu bildirib: “Mənim üçün bu gün burada olmaq böyük şərəfdir. Mən və həmkarlarım burada çox genişmiqyaslı bərpa işlərinin şahidi oluruq. Burada mən Sizin qısa müddətdə nələr əldə etdiyinizi, nəyə nail olduğunuzu xüsusilə vurğulamaq istəyirəm. Mənim üçün böyük şərəfdir ki, slovak şirkətləri də məhz bu regionun inkişafına öz töhfəsini verirlər. Ümid edirəm ki, onlar bundan sonra da müxtəlif layihələrdə iştirak edəcəklər”.

Peter Pelleqrini bildirib ki, Azərbaycanla Slovakiya arasındakı strateji tərəfdaşlıq sadəcə rəsmi bir sənəddən və ya formal diplomatik münasibətlərdən ibarət deyil, hər iki ölkə bir-birinə həqiqi dostdur və tərəfdaşların bir-birinə təklif edəcəyi bir çox perspektivli sahələr mövcuddur.

“Slovakiya öz tərəfdaşları ilə səmimi əməkdaşlıq qurmaq niyyətindədir və Azərbaycan məhz belə tərəfdaşdır. Azərbaycan regionun sabitliyinin və inkişafının qarantı və əsas oyunçusudur, regionun, eyni zamanda, nəqliyyat marşrutlarının və qovşaqlarının birləşdiyi məkandır”, – o əlavə edib.

İki dövlət arasında əlaqələrin daha da genişləndirilməsi üçün nəqliyyat sahəsinə əlavə vəsait qoyulması nəzərdə tutulub. Bu gün ölkəmiz Şərq ilə Qərb arasındakı müəyyən bir körpü rolunu oynayır. Yaradılan infrastruktur, nəqliyyat sektoruna qoyulan sərmayələr Azərbaycanı Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına sevirib. Ölkəmiz Orta Dəhliz layihəsində fəal iştirak edir. Hazırda Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki