Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH/IRGC) milli təhlükəsizlik üçün təhdid kimi tanıyacağını açıqlayıb.
Xarici KİV xəbər verir ki, yeni qanuna əsasən, SEPAH-a dəstək vermək, onun fəaliyyətinə kömək etmək və ya bu təşkilatdan maddi fayda əldə etmək cinayət hesab olunacaq. Bu əməllərə görə təqsirli bilinən şəxsləri ömürlük həbs cəzası gözləyə bilər.
Britaniya hökuməti həmçinin İranla əlaqəli olduğu bildirilən “Haqqın Yoldaşları İslam Hərəkatı” (Islamic Movement of Companions of the Right) adlı qrupun da qadağan olunacağını açıqlayıb. Rəsmi məlumata görə, həmin qrup Böyük Britaniyada yəhudi və İsrail icmalarına qarşı törədilmiş yeddi hücumla əlaqələndirilir.
Qərar xarici dövlətlərin dəstəklədiyi təhlükələrə qarşı mübarizə məqsədilə qəbul edilən yeni qanun çərçivəsində həyata keçiriləcək. Bu qanun Daxili İşlər nazirinə xarici dövlətlərlə əlaqəli təşkilatları “xarici güc təhdidi” kimi tanımaq səlahiyyəti verir.


























