Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) iyulun 14-nə keçən gecə Rusiyanın Başqırdıstan və Krasnodar diyarında yerləşən iki iri neft emalı müəssisəsinə zərbələr endirib.
Vətəninfo.az xəbər verir ki, Ukrayna monitorinq kanallarının yaydığı məlumata görə, hücumlardan biri Başqırdıstanda yerləşən Rusiyanın ən böyük neft-kimya komplekslərindən biri olan “Qazprom Neftexim Salavat” müəssisəsinə həyata keçirilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Ukrayna sərhədindən təxminən 1500 kilometr məsafədə yerləşən zavodun ərazisində yanğın baş verdiyi əks olunub. “Astra” nəşri şahidlərin videogörüntülərinə əsaslanaraq müəssisədə çoxsaylı partlayışların baş verdiyini və ərazidən qara tüstünün qalxdığını bildirib.
“Supernova” kanalının məlumatına görə, ilkin qiymətləndirməyə əsasən, hücum nəticəsində AVT-6 ilkin neft distillə qurğusu və yüksək sıxlıqlı polietilen istehsalı üzrə 20-ci texnoloji qurğu zədələnib.
İqtisadi analitik Vyaçeslav Şiryayev bildirib ki, “Qazprom Neftexim Salavat” indiyədək Ukrayna tərəfindən hədəfə alınmayan son böyük benzin istehsalçısı idi. Onun sözlərinə görə, müəssisənin fəaliyyətində yaranan fasilə Rusiya bazarında gündəlik təxminən 11 min ton yanacaq istehsalının azalmasına səbəb ola bilər ki, bu da daxili tələbatın təxminən 5 faizinə bərabərdir.
Məlumata görə, zavod sonuncu dəfə 2025-ci ilin sentyabrında PUA hücumuna məruz qalmışdı. Müəssisədə benzin, dizel yanacağı, aviasiya kerosini, mayeləşdirilmiş qaz, eləcə də müxtəlif neft-kimya məhsulları istehsal olunur.
Başqırdıstan rəhbəri Radiy Xabirov dron hücumunu təsdiqləyərək bildirib ki, hava hücumu dəf edilib. Onun sözlərinə görə, vurulan pilotsuz aparatların qalıqlarının düşməsi nəticəsində sənaye zonasında bir neçə tüstülənən krater yaranıb.
Bununla yanaşı, Ukrayna PUA-ları Krasnodar diyarında yerləşən Afipsk neft emalı zavodunu da hədəfə alıb.
Yerli əməliyyat qərargahının məlumatına əsasən, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib. “Krımski Veter” və “Astra” kanalları da hadisəni təsdiqləyərək bildiriblər ki, ilk partlayışlar gecə saatlarında qeydə alınıb, daha sonra zavodun anbar zonasının yaxınlığında güclü yanğın başlayıb.
Rusiya Müdafiə Nazirliyi hücumlarla bağlı geniş açıqlama verməyib. Ukrayna tərəfi isə zərbələrin nəticələrinə dair rəsmi məlumat yaymayıb.


























