image-reklam-veteninfo
image-1backend

Çoxuşaqlı ailələr üçün kommunal limitlər ləğv olunacaq? – VACİB AÇIQLAMA

image-reklam-veteninfo

Artıq bir çox vətəndaş kommunal xidmətlər üzrə müəyyən edilən istehlak limitini doldurduğundan elektrik enerjisi və təbii qaza görə daha yüksək tariflə ödəniş etməyə başlayıb. Bu isə xüsusilə çoxuşaqlı ailələr və sosial həssas təbəqələrin büdcəsinə əlavə yük yaradır.

Bəs gələcəkdə məhz bu kateqoriyadan olan ailələr üçün kommunal istehlak limitinin artırılması və ya ümumiyyətlə ləğv edilməsi gündəmə gələ bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycanda kommunal xidmətlər sahəsində tətbiq olunan limit sistemi vətəndaşların real tələbatını nəzərə almır.

Onun sözlərinə görə, mövcud limitlər həddindən artıq aşağı müəyyənləşdirilib və ilin bütün fəsillərində ailələrin əlavə xərc çəkməsinə səbəb olur:

“Ümumiyyətlə, Azərbaycanda kommunal xidmətlər sahəsində vəziyyət qənaətbəxş deyil. Limit məsələsi də əslində problemin həlli yox, gözdən pərdə asmaqdır. Limitlər həddindən artıq aşağı müəyyən edilib. Qış aylarında kombidən, yay aylarında isə kondisionerdən istifadə nəticəsində insanlar çox qısa müddətdə limiti doldurur və daha yüksək tariflə ödəniş etməyə məcbur qalırlar. Bu da ailələri ciddi maliyyə çətinliyi ilə üz-üzə qoyur.”

Siyasi şərhçi hesab edir ki, sosial həssas qruplar, xüsusilə də çoxuşaqlı ailələr üçün güzəştlərin tətbiq edilməsi və hətta limitlərin tamamilə ləğv olunması məqsədəuyğundur.

“Azərbaycanda çoxuşaqlı ailələrin sayı onsuz da çox deyil. Bu gün ailələr ən yaxşı halda iki uşaq sahibi olmağı planlaşdırırlar. Uşağın bağçadan başlayaraq universitetə qədər təhsil və digər xərclərinin yüksək olması valideynləri ikinci, hətta bəzən birinci övlad barədə belə tərəddüd etməyə vadar edir. Belə şəraitdə çoxuşaqlı ailələrin kommunal yükünün azaldılması həm sosial baxımdan vacibdir, həm də onların həyatını xeyli asanlaşdıra bilər.”

Cavanşir Abbaslı vurğulayıb ki, belə bir qərarın dövlət büdcəsinə ciddi maliyyə yükü yaratmayacağını düşünür:

“Çoxuşaqlı ailələrin sayı az olduğundan onlar üçün kommunal limitlərin ləğv edilməsi və ya artırılması dövlət büdcəsinə ciddi zərər vurmaz. Əksinə, bu, sosial dəstək baxımından mühüm addım olar və ailələrin rifahına müsbət təsir göstərə bilər.”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki