Almaniyalı alim, dr. Mixael Raynhard Hess “Spiegel” jurnalının dekabrın 15-də işıq üzü görən sayında dərc olunan “Cənubi Qafqazda gərginlik. Azərbaycan Dağlıq Qarabağı izolə edir” adlı məqalə ilə bağlı jurnalın redaksiyasına etiraz məktubu göndərib.
“Report” xəbər verir ki, o, bu barədə öz feysbuk səhifəsində məlumat yayıb.
Belə ki, məqalədə “Azərbaycan hökuməti Dağlıq Qarabağ eksklavındakı ermənilərin yeganə təchizat yolunu blokadaya almaqda” təqsirli bilinir və azərbaycanlı vətəndaş cəmiyyəti fəalları “qəribə ətraf mühit fəalları” kimi dırnaq işarəsində verilməklə təhqir edilir.
Məqalə çox qərəzli olmaqla reallıqları əks etdirmədiyindən, jurnalın əməkdaşının fantaziyasının məhsulu olduğundan, Azərbaycan, eləcə də regionun tarixi və ədəbiyyatı üzrə mütəxəssis dr. Hess məqalə müəllifini və ümumilikdə “Spiegel” jurnalının redaksiyasını faktları təhrif etməklə neytrallığı təhlükə altında qoymaqda ittiham edib.
O yazıb ki, Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi bütünlükdə Azərbaycanın torpaqlarına qarşı ərazi iddiaları ətrafında cərəyan edir. Söhbət kimin müəyyən ərazilərə haqlı iddialarının olmasından, kimin isə təcavüzkar və işğalçı kimi çıxış etməsindən gedir. Birləşmiş Millətlər Təşkilatı, o cümlədən, 1993-cü il tarixli məlum Təhlükəsizlik Şurasının Qətnamələri və digər beynəlxalq təşkilatlar Qarabağın Azərbaycana məxsus olduğunu dəfələrlə və birmənalı şəkildə bəyan ediblər.
Dr. Hess bildirib ki, məqalənin müəllifi Ann-Dorit Boy “Dağlıq Qarabağ”dan danışarkən heç bir əsas olmadan “ərazisi kiçildilmiş dövlət” və “eksklav”dan danışır. Ən azı ilk iki termin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini inkar edir və müəllifin heç vaxt mövcud olmayan dövlət qurumunun mövcudluğu haqqında fantaziyasının məhsuludur: “Ann-Dorit Boyun başqa yerlərdə “de-fakto hökumət” kimi vurğuladığı separatçı qurumu hətta Ermənistan tanımır. Heç bir başqa dövlət də bunu etməyib və bu da öz növbəsində “eksklav” termininin istifadə edilməməsi üçün zəruri şərtdir”.
Məqaləni açıq-aşkar anti-Azərbaycan və ermənipərəst formada yazan müəllif Xankəndi kimi rəsmi Azərbaycan yer adlarından istifadə etmir, Azərbaycan ərazisində “eksklav” uydurur, eyni cümlədə açıq-aşkar bir-birinə zidd formada (lakin ən azı bu dəfə həqiqəti əks etdirən) “beynəlxalq səviyyədə tanınmamış struktur”dan danışır.
Dr. Hessin fikrincə, məqalədə aşkar etdiyi terminoloji və arqumentativ çatışmazlıqlar, çaşqınlıq yaradan qeyri-müəyyənliklər münaqişənin ümumən beynəlxalq aləmdə birtərəfli və qeyri-adekvat qavranılmasının səbəblərindən biridir: “İllərdir eyni səhvlər “Spiegel”də sistemli şəkildə təkrarlandığından jurnalın neytrallığının və faktlara əsaslanmalı olan mövqeyinin indiki məqalədə də təhlükə altında qaldığını görürəm”.
Almaniyalı alimin 2016-cı il Aprel döyüşlərindən sonra “Tanklar cənnətdə. Ermənistan vә Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişәsi” adlı kitabı Berlində alman dilində, 2020-ci ilin avqustunda isə “Qarabağ 13-cü əsrdən 1920-ci ilədək. Azərbaycan tarixinin araşdırılması” kitabı ingilis dilində nəşr edilib. Bu ilin fevralında isə bu kitabın 44 günlük Vətən müharibəsinin nəticələri əsasında aktuallaşdırılmış yeni üçüncü nəşri işıq üzü görüb. 2022-ci ilin martında Münhendə alman dilində nəşr edilmiş “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” kitabı işğalçıların bu irsi silmək, təhrif və inkar etmək, bununla Azərbaycansız Şuşa və Qarabağ tarixi uydurmaq kimi cəfəng cəhdlərinə qarşı elmi əsaslandırılmış dəlillər ortaya qoyub: “Şuşa yalnız beynəlxalq hüquq və siyasi baxımdan deyil, həm də ədəbi, mədəni və etnoqrafik irsə görə Azərbaycan xalqına məxsusdur”.