Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Vətəninfo.az bildirir ki, layihəyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV, aksiz və gömrük rüsumundan azad ediləcək.
Vurğulanıb ki, hazırda qüvvədə olan qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir.
Dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:
– idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;
– idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.
Qeyd edilib ki, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV, aksiz və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


























