image-1backend

Anım və Barış günü

image-reklam_sirab_01

Bu gün 2- ci Dünya müharibəsində faşizm üzərində Qələbənin 78- ci ildönümüdür. Atalarımızın iştirakçısı olduğu bu müharibə dünya tarixində ən qanlı savaş hesab olunur. Belə ki, bütün iştirakçı ölkələrdən bu müharibədə həlak olanların ümumi sayı 60 milyondan çox olub.

2- ci dünya müharibəsində əldə olunmuş qələbə bütün dünya birliyinin alman faşızmi üzərində birgə qələbəsidir. Bu qələbənin qazanılmasında Azərbaycan xalqının da töhfəsi çox böyükdür. 600 mindən çox Azərbaycanlı 2- ci dünya müharibəsində iştirak edib və onların yarısından bir qədər çoxu döyüşlərdə həlak olub.

Azərbaycanlılardan təşkil olunmuş hərbi hissələr Qafqaz cəbhəsindən Berlinədək şanlı döyüş yolu keçiblər. 121 nəfər Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layıq görülüb, on minlərlə soydaşımız Sovet İttifaqının və faşizmə qarşı koalisiya üzvü olan digər dövlətlərin orden və medalları ilə təltif olunub. Lakin Azərbaycanın qələbəyə töhfəsi yalnız canlı qüvvə ilə məhdudlaşmır. Bu böyük qələbənin əldə olunmasında Azərbaycan neftinin rolu həlledici olmuşdur. Müharibə ehtiyacları nəzərə alınmaqla 1941- ci ildə ölkəmizdə neft istehsalı 23,5 milyon tona çatdırılmışdı. Bu bütün SSRİ ərazisində istehsal olunan neftin 71%-dən çoxunu təşkil edirdi. Azərbaycanda istehsal olunan yanacaq növləri və çox çeşidli neft- kimya sənayesi məhsulları bütövlükdə 5 illik müharibə ərzində hərbi texnika üçün istifadə olunmuş ehtiyacların 75%- ni təşkil etmişdir.

Beləliklə, müharibənin taleyini məhz Azərbaycanın nefti və neft məhsulları həll etmişdir. 2- ci dünya müharibəsi zamanı Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya benzininin ixtira olunması döyüş zonalarında Sovet aviasiyasının üstünlüyünü təmin etdi və bu üstünlük faşizm üzərində qələbəni şərtləndirən əsas amil oldu.

Müharibənin başa çatmasından 78 il ötsə də onun izləri hələ də hər bir Azərbaycanlının xatirində yaşayır. Ölkədə elə bir ailə tapmaq olmaz ki, onun heç olmasa bir üzvü və ya yaxın qohumlarından kimsə bu müharibədə həlak olmasın və ya itkin düşməsin. Bu qədər böyük faciədən sonra düşünmək olardı ki, dünya bir daha belə bir fəlakətlə üzləşməyəcək. İnam vardı ki, siyasətçilər bir daha insanları dağıtmağa və öldürməyə yox, yalnız quruculuğa və bir- birinə hörmətlə yanaşmağa yönəldəcəklər. Təəssüf ki, belə olmadı. Bu gün Avropanın mərkəzində milyonlarla insan yenə də ağır silarlardan açılan atəşlərin alovları içərisində yanıb külə dönürlər. Yüz illərlə tarixi olan şəhərlər və kəndlər top mərmilərinin və raketlərin atəşinə məruz qalır və xarabalığa çevrilir.
10 milyondan artıq insan öz ölkəsindən didərgin düşərək qonşu ölkələrdə qaçqın həyatı yaşayır. Belə bir zamanda Qələbə hissiyyatı da öz qürurunu və möhtəşəmliyini itirir. Çünki anlayırıq ki, atalarımızın öz qanları və canları bahasına qazandığı o böyük Qələbə faşizmin kökünü kəsə bilmədi.
Bəlkə ona görə keçmiş sovet ərazisindən başqa dünyanın hər yerində bu gün Qələbə günü kimi yox, müharibə qurbanlarının anım günü və barış günü kimi xatırlanır. Ən doğrusu da budur. 2- ci Dünya müharibəsində həlak olmuş ata- babalarımızın xatirəsini əziz tutmalı və onları böyük ehtiramla xatırlamalıyıq. Onlar doğrudan da qəhrəmanlardır. Amma unutmaq olmaz ki, faşizm hələ də sağdır və hələ də dinc yaşamaq istəyən insanlar onun qurbanına çevrilirlər. Bununla barışmaq isə mümkün deyil.

Cavanşir Feyziyev

Millət vəkili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image