image-1backend

Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədəki mövqeyi  

image-reklam_sirab_01

Prezident İlham Əliyev: “COP29 çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik”

Azərbaycanın Cənubi Qafqazda yerləşməsi və həm Avropa, həm də Asiya bazarlarına yaxın olması, onu strateji cəhətdən əhəmiyyətli bir ölkə halına gətirir. Bu, Qərb dövlətləri üçün həm iqtisadi, həm də geosiyasi maraq doğurur. Lakin Azərbaycanın regional siyasətdə, xüsusən də Rusiya, İran və Türkiyə ilə olan əlaqələri Qərb dövlətlərinin narahatlığını artırır. Azərbaycan, BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda Qərbin təsirindən kənar bir siyasət yürütməyə çalışır. COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi, ölkənin beynəlxalq nüfuzunu artırmasına və daha çox strateji rola malik olmasına səbəb ola bilər. Bu isə bəzi Qərb dövlətlərini narahat edir. Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə deyib ki, COP29 çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik: “Başlıca çətinlik ondan ibarət idi ki, bizim vaxtımız az idi. Bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilir. Bizim isə 11 ayımız var idi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Ona görə də hazırlaşmaq üçün bizim cəmi 11 ayımız var idi və bu, ən böyük çətinlik idi. Çünki biz 70 mindən çox insanı qəbul etmək üçün şərait yaratmalı idik. Qeydiyyatdan 76 min iştirakçı keçmişdi… Bu, çox böyük təşkilati iş idi və biz onun öhdəsindən şərəflə gəldik. Yəni, bildiyimə görə, bu konfransın keçirildiyi bütün vaxt ərzində təşkilatçılıqla bağlı on şikayət olub, amma onlar operativ şəkildə nizamlanıb və belə demək mümkündürsə, bütün qonaqlar razı qalıb”.

Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizədəki mövqeyi və bu sahədəki siyasətləri də müəyyən narahatlıqlara səbəb ola bilər. Qərb dövlətləri, xüsusən Avropa İttifaqı, iqlim dəyişikliyi ilə mübarizəni öz xarici siyasətlərinin əsas prioritetlərindən birinə çevirmişlər. Azərbaycanın bu sahədə uğurlarına Qərb ölkələri qısqanclıla yanaşırlar. Buna görə də ölkənin bu sahədəki tədqiqatları, karbon emissiyalarını azaltmaq üçün planları və digər təşəbbüslərə bəzən mübahisəli yanaşırlar. Prezident bildirib ki, İkinci çətinlik, əgər onu çətinlik adlandırmaq mümkündürsə, deyərdim ki, müəyyən rahatsızlıqla bağlı olan məsələ tamamilə əsassız aqressiya hissi, bir növ Azərbaycana qarşı paxıllıqla müşayiət olunan qərəz idi: “Yəni belə bir ölkə var və birdən-birə bu cür konfransa ev sahibliyi etmək hüququ qazanıb. Müxtəlif Qərb media orqanları bizi “petrostate” adlandırmağa başladı. Halbuki prinsipcə burada pis bir şey yoxdur. Açılışda çıxış edərək dedim ki, əgər bizi XIX əsrdə “petrostate” adlandırsaydılar, – o dövrdə biz dünya neftinin 50 faizini tədarük edirdik, – onda bu, normal olardı. Amma indi təqribən bizim 30 milyon tona qarşı milyard ton neft hasil edən ölkənin, – ABŞ-ı nəzərdə tuturam, – bugünkü feyk xəbərlərində bizi “petrostate” adlandırırlar. Hər gün məqalələrin sayı yəqin ki, minimum 20-dən çox olurdu. Bu, çətinlik yaratmadı, amma, sadəcə, ikrah hissi doğurdu. Əlbəttə ki, nəticə əldə etmək çətin idi, çünki biz bu sahədə qlobal aktor deyilik. Qlobal qaz emissiyasında Azərbaycanın payı 0,1 faizdir. Halbuki ABŞ-da bu, 12, Avropa İttifaqında daha çoxdur”. Azərbaycan enerji sahəsində mühüm bir oyunçudur və iqlim dəyişikliyi ilə mübarizə sahəsində ölkənin təcrübəsi və enerji siyasətləri də böyük əhəmiyyət daşıyır. Prezident Əliyev bu məsələdə Azərbaycanın qaz, neft və bərpa olunan enerji mənbələrindən istifadəsi, enerji effektivliyi və ekoloji təmiz texnologiyalarla bağlı öz təcrübəsini paylaşa bilər. Bu, Azərbaycanı ekoloji təmiz texnologiyalar sahəsində daha da tanıdacaq və digər ölkələrlə əməkdaşlığa dair yeni imkanlar yaradacaq.

İqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin qarşısında ən böyük çətinliklərdən biri maliyyə və texnoloji resursların olmamasıdır. COP29 şərşivəsində bu ölkələrə maliyyə və texnoloji dəstəyin artırılmasına yönəlmiş təkliflər verilib. Bu, Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əlaqələrini daha da möhkəmləndirə bilər və qlobal iqlim siyasətində ölkənin mühüm rolunu vurğulaya bilər. Dövlətimizin başçısı deyib ki, biz iqlim mövzularına illik xərclərin məbləğini razılaşdıra bildik: “Sadəcə, rəsmi rəqəmləri göstərirəm. Ona görə də biz bütün diplomatik təcrübəmizi işə saldıq, ilk növbədə, Qoşulmama Hərəkatında sədrlik təcrübəmizi. Hər halda orada 120 ölkə var. İslam Əməkdaşlıq Təşkilatında fəal üzvlük də körpülər qurmağa və nəticə əldə etməyə kömək edir. Bu, asan olmadı. Amma hər halda biz bu konfransı təsadüfən “Bakı dönüşü” adlandırmırıq, çünki Paris Sazişinin 6-cı maddəsini razılaşdırmaq mümkün oldu. O, 2015-ci ildən müzakirə olunurdu. Yəni, təxminən 10 il karbon bazarları məsələsi razılaşdırılmamışdı. Biz burada – Bakıda buna nail olduq və o, artıq fəaliyyət göstərəcək. Bu, ölkələrə kvotaları satmağa və bununla da qlobal emissiyanı arzuolunan həddə saxlamağa cəhd göstərməyə imkan verəcək. Bəzilərinin uğursuz adlandırdıqları ikinci bənd üzrə, – amma hesab edirəm ki, bu, uğurdur, – biz iqlim mövzularına illik xərclərin məbləğini razılaşdıra bildik. Bu məbləğ 300 milyard dollardır. Məqsəd trilyon idi. Amma aydın idi ki, trilyonu verməyə hazır deyillər”. Azərbaycan, təhsil sahəsində dəstək verir, xüsusilə kiçik ada dövlətlərinin gənclərinə təhsil imkanları yaratmaq məqsədilə təqaüd proqramları təşkil edir və təhsil sahəsində əməkdaşlıq edir. Dövlətlərarası anlaşmalar çərçivəsində Azərbaycanın universitetləri, müxtəlif beynəlxalq təhsil şəbəkələri ilə əməkdaşlıq edir. Texnologiyanın iqlim dəyişikliyi ilə mübarizədəki rolu çox vacibdir. COP29-da yeni təmiz texnologiyaların inkişafı və yayılması üçün maliyyə və texnoloji dəstək mexanizmlərinin gücləndirilməsi müsbət bir nəticə ola bilər. Bura, karbonun çəkilməsi və saxlanılması (CCS) texnologiyaları, təmiz enerji istehsalının innovativ üsulları və ekosistemin bərpası sahəsindəki yeni həllər daxildir.

COP29 təmiz enerji mənbələrinin inkişafını sürətləndirmək üçün yeni strategiyalar və tədbirlər müəyyən edir. Bura günəş enerjisi, külək enerjisi və digər bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşunu stimullaşdıran qanunvericilik və təşviq mexanizmlərinin qurulması daxildir. Bu, karbon emissiyalarının azaldılması və enerji istehsalının dayanıqlı şəkildə təmin edilməsi üçün mühüm bir addım ola bilər.

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image