image-1654596808_3de2f16b-ec02-4e3d-a989-c2628d895779backend

Azərbaycan etibarlı tərəfdaş kimi dünyanın diqqət mərkəzindədir

image-reklam_sirab_01

Geosiyasi proseslər dünya iqtisadiyyatına təsirsiz ötüşmür. Oturuşmuş iqtisadi münasibətlər sistemi ciddi dəyişikliyə və transformasiyalara məruz qalmaqdadır. Qlobal qarşıdurma elə səviyyəyə çatıb ki, kəskin bahalaşma nəinki az inkişaf etmiş ölkələrə, hətta güclü iqtisadiyyatı olan dövlətlərə də təsir edir. Covid-19-un yenicə başladığı vaxtlarda dünyanın aparıcı ekspertləri proqnozlaşdırırdılar ki, pandemiya səbəbindən ərzaq qıtlığı və bahalaşma, yüksək inflyasiya və iqtisadi böhran qaçılmazdır. Təəssüf ki, mütəxəssislərin bu rəyini şərtləndirən amillər yalnız pandemiya ilə məhdudlaşmadı. Rusiya-Ukrayna müharibəsi ərzaq və enerji təhlükəsizliyinə mümkün təhdidlərlə bağlı proqnozun kifayət qədər əsaslı olduğunu göstərir. Geosiyasi proseslərin fonunda açıq şəkildə müşahidə edilən həm də odur ki, dünya iqtisadiyyatı siyasi çəkişmə və maraqların girovuna çevrildiyi kimi, bəzi dövlətlər təbii və iqtisadi resurslarından siyasi qərarlara təzyiq və təhdid qismində istifadə edirlər. Görünən odur ki, coğrafi məsafə uzaqlığından asılı olmayaraq, əksər ölkələr geosiyasi və geoiqtisadi çəkişmələrin ağır fəsadlarından sığortalana bilməyəcək. Yalnız, sözün əsl mənasında, siyasi və iqtisadi müstəqilliyi olan az sayda ölkələr bu ağır sınaqdan minimum itkilərlə çıxa biləcək. Dünya nizamının müəyyən edilməsində həlledici söz sahibi olan böyük dövlətlərin və mötəbər beynəlxalq təşkilatların hər ötən gün Azərbaycana artmaqda olan marağı bu mənada səbəbsiz deyil. Dünyanın aparıçı dövlətləri və nüfuzlu beyin mərkəzləri Prezident İlham Əliyevin siyasi iradə əzminə bələd olduqları və ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verə biləcəyi real töhfəni obyektiv dəyərləndirdikləri üçün, Azərbaycanı bu cür ölkələrdən biri hesab edirlər.

Pandemiya səbəbindən ikiillik fasilədən sonra iyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi, tədbirdə 30 ölkəni təmsil edən 249 şirkət nümayəndəsinin iştirakı Azərbaycana olan maraq və diqqətin göstəricisidir. Böyük Britaniyanın “ICA Group” şirkətinin və Bakı Enerji Həftəsinin təşkilat komitəsinin nümayəndəsi Rassel Teylorun səsləndirdiyi fikir də ölkəmizin iqtisadi və siyasi çəkisini, mütərəqqi dünya üçün kəsb etdiyi əhəmiyyətini əks etdirir : “Bakı region üçün əhəmiyyəti artmaqda olan tədbirlərin keçirildiyi mərkəzdir”.

Prezident İlham Əliyev Sərginin açılış mərasimindəki çıxışında ölkəmizin iqtisadi müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması naminə keçdiyi tarixi yola və bu məqsədlə reallaşdırdığı layihələrə xüsusi diqqət çəkdi. Gürcüstanın Supsa limanına gedən birinci neft boru kəmərinin açılışından tutmuş, 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin açılışına, “Şahdəniz” yatağının kəşfiyyatına qədər geoiqtisadi əhəmiyyətli layihələr tədbir iştirakçılarına bir daha xatırladıldı. Dövlətimizin başçısı bu layihələrin mürəkkəb siyasi şəraitdə reallaşdırıldığını xüsusi olaraq vurğuladı: “Həmçinin bu layihələr çox mürəkkəb siyasi mühittdə həyata keçirilmişdir… Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib”.

Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul edilməsinin arxasında məhz bu cür mövqe dəyişməzliyi, qətiyyətli siyasi iradə amili dayanır. Prezident İlham Əliyev 2020-ci ilin sonuncu günündə istismara verilən Cənub Qaz Dəhlizini XXI əsrin boru kəməri adlandıraraq tədbir iştirakçılarının diqqətinə bu mesajı da çatdırdı: “Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir… Əlbəttə ki, hazırda-iyunun 1-də söhbət apardığımız zaman vəziyyət tamamilə fərqlidir və Azərbaycan qazına olan tələbat sürətlə artır. Təbii ki, biz bunu nəzərə almalıyıq”.

Dövlətimizin başçısı dünyada yüksək reytinqə və ciddi işgüzar nüfuza malik olan şirkət nümayəndələrinin diqqətini məxsusi qaydada Zəngəzur dəhlizinə də yönəltdi: “Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq”. Prezident tədbir iştirakçılarının diqqətinə onu da çatdırdı ki, Azərbaycan bərpaolunan enerji layihələrinə xüsusi diqqət ayırır və artıq dörd qonşu dövlətə elektrik enerjisi ixrac edən ölkə statusunu qazanıb. Şaxələndirilmiş ixrac marşrutlarının-3 neft və 4 qaz boru kəmərinin, yeni dəniz limanının, çoxşaxəli dəmir yolu və avtomobil yolları infrastrukturunun mövcudluğu, eləcə də işğaldan azad edilmiş torpaqlarda əlavə üç beynəlxalq hava limanının inşası Azərbaycanın tranzit ölkə imkanlarını daha da artırır.

Beynəlxalq əhəmiyyətli istənilən tədbir yalnız o zaman siyasi dividend gətirir ki, ortaya tarixi ədalətə və beynəlxalq hüquqa söykənən iradə və dövlət ərkanı qoyulur. İyunun 4-də Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində 100-dən çox yerli və xarici nümayəndənin iştirak etdiyi xüsusi sessiya da elə bu ərkanın, məsuliyyətli dövlət yanaşmasının nəticəsidir. Məhz Şuşada BP şirkəti ilə Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi ilə bağlı İcra Müqaviləsinə Əlavənin, BƏƏ-nin “Masdar” şirkəti ilə hər biri 1 QVt gücündə günəş və külək enerji layihələrinin icrasına dair müqavilənin imzalanması ölkəmizin regionun və Avropanın enerji təhlükəsizliyinə verə biləcəyi töhfənin adekvat qiymətləndirilməsindən irəli gəlir. SOCAR ilə BP arasında imzalanan əməkdaşlıq müqaviləsi isə ölkəmizin bərpaolunan enerji potensialının öyrənilməsinə, bu sahədə əməkdaşlığa və birgə layihələrin həyata keçirilməsinə imkan verir. “Masdar” şirkəti ilə imzalanmış Anlaşma Memorandumu da bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün yeni fürsətlər açır.

27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin təşkili, Bakı Enerji Forumunun Şuşada keçirilməsi və Forum çərçivəsində imzalanan müqavilələr həm də onun göstəricisidir ki, iqtisadi cəhətdən müstəqilliyini təmin edə bilmiş Azərbaycanın iqtisadi inkişaf strategiyasının arxasında qətiyyətli və müstəqil siyasi iradə dayanır. Heç şübhəsiz ki, dəyişən, yeni iqtisadi və siyasi münasibətlərin formalaşdığı dünyada ölkəmizə göstərilən maraq zaman ötdükcə daha da artacaq və Azərbaycan daha şox beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Ola bilsin ki, güclü Azərbaycan faktoru kimlərinsə marağında olmadığı üçün qıcıqla qarşılansın və bu səbəbdən növbəti təzyiqlərlə üzləşək. Lakin qardaş və dost ölkələrlə, mütərəqqi dünya ilə bir cərgədə addımlayan müstəqil Azərbaycan onların da öhdəsindən mütləq gələcək!

Ülvi Quliyev

Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki