Quba regional “Asan” xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu
Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində fəaliyyətini analiz edəndə aydın görünür ki, ötən illər ərzində hər bir təşəbbüs və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib.
Ölkə başçısı dəfələrlə çıxışlarında və beynəlxalq görüşlərində sülh tərəfdarı olduğunu, məsələnin sülh yolu ilə nizama salınmasında maraqlı olduğunu bəyan etsə də, beynəlxalq riyakarlar müharibəni qaçılmaz etdilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır.
“İkili standartlar siyasəti” torpaqlarımızı 30 il işğal altında saxladı. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. BMT işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmış və icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi.
Tarixi mənbələr sübut edir ki, münaqişənin kökü 2 əsr öncə yaranıb.
Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti 30 il öncə torpaqlarımızın itirilməsinə gətirib çıxardı. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər erməni təxribatları davam edir.
Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyasından sonrakı sovet dövründə də davam etmişdir.
İşğalçı siyasət nəticəsində bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
Sadaladığımız hadisələr və Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatları müharibəni labüd etdi. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi.
Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcədə təxribatlar zamanı öz evlərini tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamını bütün dünyaya göstərdi.
Ədliyyə Nazirliyinin əməkdaşları da torpaqlarınızın işğaldan azad edilməsi uğrunda döyüşə atıldı, şəhid verdi. Nazirliyin İcra baş idarəsinin məsləhətçisi I dərəcəli ədliyyə qulluqçusu Ruhin Xəlilov torpaqlarımızın azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda – Qubadlı rayonu ətrafında gedən döyüşlərdə mərdlik və şücaət nümayiş etdirərək oktyabrın 21-də şəhid oldu. Onun xatirəsi hər bir ədliyyə işçisi tərəfindən əziz tutulur, ehtiramla yad edilir.
Vətən Müharibəsi dövründə ürəkdən səslənən, xalqın hisslərini əks etdirən Prezident İlham Əliyevin hər bir sözü, hər bir fikri xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Müharibə dövründə Prezident İlham tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi. 44 günlük Vətən Müharibəsi torpaqlarımızı geri qaytarmaqla yanaşı, qürurumuzu da özünə qaytardı. Hər bir azərbaycanlı fəxrlə, qürurla hər yerdə qeyd edir ki, Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.
İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir.
Zəfər qələbəsindən sonra Azərbaycanın tarixində yeni səhifə başlayıb. İşğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri sürətlə davam edir. 3 ildir ki, Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsinin kadrlarla kompkletləşdirilməsi işlərinə başlanılıb. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndələri ilə əlaqə saxlanılır və sıx əməkdaşlıq edilir. Ötən il Şuşada 30 ildən sonra ilk dəfə səyyar ədliyyə xidmətləri təşkil olundu.
Zəfər Gününə həsr etdiyim məqələmi Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda ədliyyə naziri, cənab Fikrət Məmmədovun sözləri ilə yekunlaşdırmaq istəyirəm: “Bu gün əsas vəzifələrimizdən biri ədalət mühakiməsi sistemini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Zəfər Qələbəmizlə azad edilmiş torpaqlarımızda təmin etməkdir”.