image-hulya-memmedlibackend

Azərbaycan İƏT-in konstruktiv əməkdaşlıq platforması kimi rolunun artmasına önəmli töhfə verir

image-reklam_sirab_01

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 2021-ci il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilən XV Zirvə Toplantısı həm Azərbaycan, həm də region dövlətlərinin ictimaiyyəti tərəfindən xüsusi maraqla izlənildi. Bunun əsas səbəbi Azərbaycanın ötən il Vətən müharibəsində qazandığı qələbə ilə torpaqlarını işğal azad edərək regionda yeni siyasi, iqtisadi reallıq yaratmasıdır.

1985-ci ildə Tehranda Türkiyə, Pakistan və İran dövlətlərinin rəhbərləri tərəfindən əsası qoyulmuş, keçmiş SSRİ-nin dağılmasından sonra Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Əfqanıstanın da üzv olduğu İƏT bu gün Avrasiya məkanının Anadolu yarımadasından Mərkəzi Asiyayadək olan geniş, strateji əhəmiyyətli hissəsini əhatə etməkdədir.

Son zamanlar İƏT-ə üzv ölkələrin bir çoxunun iqtisadi gücünün, siyasi nüfuzunun artması, eləcə də üzv ölkələr arasında siyasi birliyin, hərbi, iqtisadi əməkdaşlığın möhkəmlənməsi təşkilatın da konstruktiv əməkdaşlıq platforması kimi əhəmiyyətini yüksəldir.

Öz növbəsində, Azərbaycan İƏT-in aktiv üzvü kimi qurumun işinə öz töhfələrini verməkdədir. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü İƏT-in Tədqiqat Mərkəzinin yaradılması təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsi və İƏT-in 2021-ci ilin mart ayında keçirilmiş XIV Zirvə Toplantısında Mərkəzin Nizamnaməsinin imzalanması Azərbaycana olan hörmətin, ölkəmizin təşkilat daxilindəki nüfuzunun bariz göstəricisidir. Azərbaycanda yerləşəcək Mərkəzin fəaliyyəti ölkəmizin İƏT-dəki rolunu və yerini daha da möhkəmləndirəcək.

Son 18 ildə sürətlə inkişaf edən və Qarabağ zəfərindən sonra yeni beynəlxalq iqtisadi təşəbbüslər irəli sürərək, onların reallaşması yolunda əməli addımlar atan Azərbaycanın İƏT-ə üzvlüyü təşkilatın gücünü və imkanlarını daha da artırır. Prezident İlham Əliyevin Zirvə Toplantısındakı çıxışında söylədiyi kimi, Azərbaycan İƏT-in fəal üzvüdür:“İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik”.

Avropa ilə Asiya arasında mühüm iqtisadi körpü rolunu oynayan Azərbaycanın son 18 il ərzindəki iqtisadi inkişaf göstəricilərinə nəzər salmaqla ölkəmizin İƏT üçün əhəmiyyətini daha aydın görmək olar. Belə ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ümumi daxili məhsul üç dəfədən çox artıb. Genişmiqyaslı islahatlar nəticəsində ölkədə münbit sərmayə iqlimi yaradılıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Ölkə iqtisadiyyatına yatırılan 280 milyard ABŞ dolları həcmində sərmayənin yarısı xarici investisiyalardır.

Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Xarici borcu ölkənin ümumi daxili məhsulunun cəmi 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi gözlənilir. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib, işsizlik təqribən 6 faiz səviyyəsindədir.

Azərbaycanın iqtisadi uğurları beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Həmçinin, Davos hesabatına əsasən, ölkəmiz əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Ərazilərin azad olunmasından sonra Azərbaycan özünün iqtisadi potensialından tam yararlanmaq imkanı əldə edib. Müharibədən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparılır, sıfırdan yeni şəhərlər, kəndlər salınır, hava limanları, yollar tikilir,nəhəng infrastruktur layihələri icra olunur. 2021-ci ildə bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Gələn il də bu işlərə ən azı eyni həcmdə vəsaitin xərclənəcəyi gözlənilir.

Prezident İlham Əliyevin də söylədiyi kimi, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək bu yeni nəqliyyat infrastrukturundan İƏT-ə üzv ölkələr istifadə edəcəklər.

Bütün bunlar onu deməyə əsas verir ki, tarixi zəfərdən sonra Azərbaycanın beynəlxalq miqyasda həm siyas, həm də iqtisadi cəlbediciliyi artıb. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin iqtisadi potensialı və tranzit imkanları Azərbaycanın yeni və bütün tərəfdaşlar üçün səmərəli iqtisadi təşəbbüslər irəli sürərək reallaşdırmasına zəmin yaradıb. İƏT-in Aşqabadda keçirilən Zirvə Toplantısı, heç şübhəsiz, bu imkanların geniş şəkildə müzakirəsi və dəyərləndirilməsi, bu istiqamətdə gələcəyə yönələn hədəflərin müəyyən edilməsi üçün faydalı platforma rolunu oynadı.

 

Hülya Məmmədli

Politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki